Ramazanda bu yeməkləri yemək təhlükəlidir – XƏBƏRDARLIQbackend

Ramazanda bu yeməkləri yemək təhlükəlidir - XƏBƏRDARLIQ

Ramazan ayı başlayıb. Bəs oruc tutanlar necə qidalanmalıdır? Yeməklər necə seçilməlidir?

KONKRET.az xəbər verir ki, tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Sabah”a bildirib ki, oruc tutmaq istəyən şəxslər ilk növbədə sağlamlıq vəziyyətlərini nəzərə almalıdırlar:

“Əslində oruc tutmaq yalnız İslama xas deyil, müxtəlif dinlərdə mövcud olan ibadət formasıdır. Lakin oruc tutan şəxsin sağlamlıq vəziyyəti buna imkan verməlidir. Məsələn, diabeti olanlar, müxtəlif onkoloji və autoimmun xəstəliklərdən əziyyət çəkən şəxslər üçün oruc tutmaq vacib sayılmır və hətta riskli ola bilər. Çünki bu insanlar gün ərzində mütəmadi olaraq dərman qəbul etməli, iynə vurmalıdır və qida qəbul etməyə ehtiyac duya bilərlər.

Sağlam insan üçün isə oruc yalnız qidalanma ilə bağlı deyil, daha çox mənəvi və ruhi praktika hesab olunur. Burada əsas məsələ insanın nəfsi üzərində nəzarət etməsi, qeybətdən, kobud sözlərdən, həsəddən və digər mənfi davranışlardan uzaq durmasıdır. Yəni oruc təkcə yeməkdən imtina deyil, bütövlükdə davranış və düşüncəyə nəzarəti də əhatə edir”.

Adil Qeybulla söyləyib ki, iftarda gec həzm olunan, quru və yağlı yeməklərin qəbulu, xüsusi ilə çox yemək təhlükəlidir:

“Qidalanma məsələsinə gəldikdə isə oruca müəyyən hazırlıqla başlamaq daha məqsədəuyğundur. İnsan əvvəlcədən qidalanma tempini tədricən azaltmalı, imsakda həddindən artıq və intensiv yeməkdən çəkinməlidir. Çünki ağır və çox qidalanma həzm sistemini ekstremal vəziyyətə sala bilər və orqanizmdə əlavə yüklənməyə səbəb olar. Eyni zamanda, iftardan sonra da həddindən artıq qidalanma düzgün sayılmır. Gün ərzində ac qaldıqdan sonra birdən-birə çox və ağır yeməklər qəbul etmək orqanizm üçün faydalı deyil. Oruc dövründə qida üzərində nəzarət saxlanmalı, az və balanslı qidalanmaya üstünlük verilməlidir. Təəssüf ki, bəzi insanlar orucu yalnız pəhriz kimi qəbul edir. Halbuki oruc, ilk növbədə, mənəvi intizam və daxili nəzarət formasıdır”.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun qastroenteroloqu Hicran Qurbanova isə qeyd edib ki, oruc tutmaq bədənin immunitet sistemini gücləndirə bilər:

“Oruc tutmağın sağlamlığa bir sıra müsbət təsirləri olduğu göstərilib, amma hər kəsin vəziyyəti fərqli olduğu üçün, orucun sağlamlıq üzərindəki təsirləri fərdi olaraq dəyişə bilər. Bədənin insulin səviyyələrini tənzimləyərək, metabolizmanın daha effektiv işləməsinə səbəb ola bilər. Bu, şəkərli diabetin qarşısının alınmasına və ya idarə edilməsinə kömək edə bilər. Oruc qan təzyiqini, xolesterol səviyyələrini və trigliseridləri aşağı sala bilər. Bu, ürək-damar xəstəlikləri riskini azaldır və ürək sağlamlığını yaxşılaşdırır. Fiziki, həm də psixoloji faydalar təmin edə bilər. Oruc tutmaq, insanın diqqətini cəmləşdirməyə, mənəvi inkişafını artırmağa və zehni rahatlamağa kömək edə bilər. Bəzi insanlar oruc zamanı daha sakit və dinclik hissi keçirirlər. Oruc tutmanın sağlamlıq üzərindəki təsirləri ümumiyyətlə müsbətdir, amma düzgün və balanslı bir şəkildə tətbiq edilməlidir”.

Ekspert həmçinin oruc tutan şəxslərin fiziki fəaliyyətinə də diqqət yetirmələrinin vacib olduğunu vurğulayıb:

“Ramazan ayında oruc tutan şəxsin fiziki fəaliyyəti, orucun özünə uyğun olmalıdır. Yəni, oruc tutan şəxs bədənini çox yormamalı, lakin eyni zamanda sağlamlığını qorumağa davam etməlidir. Fiziki fəaliyyət zamanı bəzi məqamlara diqqət yetirmək vacibdir. Oruc tutarkən daha yüngül və az yorucu idman növlərinə üstünlük vermək tövsiyə olunur. Məsələn, yürüşlər, yüngül yoga, pilates və ya evdə edilə bilən sadə məşqlər yaxşı seçimdir. Ağırsız məşqlər, yüksək intensivlikdə idman (məsələn, uzun müddətli qaçış, yüksək ağırlıq qaldırma) oruc tutan şəxsə əlavə yorğunluq gətirə bilər. Bu cür fəaliyyətlər orucun sonunda bədənə əlavə yük ola bilər və bədənə lazım olan enerji tələbatını azalda bilər.

İftardan sonra fiziki fəaliyyət etmək ən ideal zamandır, çünki orucdan sonra bədənin enerjisi geri qayıdır. Bu vaxtda orucdan sonra yüngül idman və ya məşqlər etmək daha yaxşıdır. İftardan ən az 30-60 dəqiqə sonra fiziki fəaliyyətə başlamaq məsləhət görülür. Sahurdan əvvəl idman etmək daha az tövsiyə edilir, çünki bədən hələ enerji və su ehtiyatlarına malik olmayacaq. Ancaq, yüngül bir fəaliyyət (məsələn, qısa bir yürüş) sahurdan əvvəl edilə bilər, amma bu zaman su ehtiyatlarını tamamladığınızdan əmin olmalısınız. Oruc zamanı 20-30 dəqiqəlik yüngül və orta intensivlikdə idman etməyin sağlamlıq üçün heç bir ziyanı yoxdur. İntensiv məşqlərdən çəkinin, çünki bədən yorulacaq və enerji səviyyəsi aşağı düşə bilər. Məşqlərin intensivliyini aşağı tutun, yəni daha çox aerobik məşqlərə (yüngül qaçış, velosiped sürmə, yüngül yoqa) yönəlmək daha yaxşıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*