
Ordumuzun Şanlı Qələbəsi çoxlarını narahat edib və artıq döyüş meydanından qaçanlar diplomatiya və təbliğat sahəsində hücuma keçiblər. Bundan bu qədər də narahat olmağa əsas yoxdur. Artıq lazım olanı Şanlı Ordumuz edib! Ancaq sakitləşib eyforiyaya uymaq da lazım deyil.
Əsas işlər bundan sonra olacaq. Bunun üçün Azərbaycanda tək Prezident və onun 2-3 köməkçisi yox, bütün hakimiyyət maşını və Xalq olaraq işləməliyik. İlk növbədə Xarici İşlər Nazirliyində başlanmış dəyişikliklər sürətlənməli və uzun illər vəzifələrinə yem yerləri kimi baxanlar təcili korrupsiyaya bulaşmamış gənc kadrlarla əvəz edilməlidirlər. Bu günə qədər 1-2 səfir istisna olmaqla diplomatlarımızın bir dənə xarici mediada səsini eşitməmişəm. Bundan başqa, hələ də tam tərkibdə fəaliyyətdə olan R.Mehdiyev-Ə.Həsənov cütlüyünün uzun illər formalaşdırdığı satqın, yaltaq, bir neçə üzlü, reket təbliğat maşını siyasi, ictimai həyatdan tam uzaqlaşdırılmalıdır. Böyük Vətən Müharibəsi göstərdi ki, bu günə qədər yüz milyonlar mənimsəmiş bu komanda tam fəaliyyətsiz olduğu zaman, heç bir maddi marağı olmayan minlərlə vətənpərvər gənclər Dövlətimizi uğurla və fədakarcasına müdafiə etdi və haqq işimizi dünyaya çatdırmağa nail oldu. İndi bu fədakarlıq göstərən gənclərin zamanıdır ki, ölkə daxilində və xaricində başladıqları işi artıq koordinasiya olunmuş halda, hakimiyyətin dəstəyi ilə davam etdirsinlər. Hakimiyyət bu cür gənclərə dəyər verməli, onlara dəstək olmalıdır!