Doğru deyirlər ki, informasiya ən təhlükəli silahdır. Onunla düzgün davranmayanda hətta insan özünə də xələl yetirə bilir. Hələ cəmiyyətə vurduğu ziyanı demirəm. Necə ki, bu gün Azərbaycan mətbuatının bir qismi dövlətçiliyimizə və milli-mənəvi dəyərlərimizə ziyan vurmaqla məşğuldur.
Bilərəkdən və yaxud bilməyərəkdən. Məncə bu? daha çox bilməyərəkdən baş verir. Çünki mətbu cameəmizdəki jurnalistlər iki qismə bölünür. Birinci qismi daha az jurnalistlərdir. Onlar jurnalistikaya peşə kimi baxır və işini də peşəkarcasına görməyə çalışır. Digər qisim jurnalistlər isə jurnalistikaya çörək “ağacı” kimi baxır. Və belələri isə işə vəzifə borcu kimi baxır. Necə deyərlər: “Soldat spit, slujba idiyot”. Amma unutmaq lazım deyil ki, digər sahədə qeyri-peşəkarlıq məhdud sayda insanlara və yaxud hansısa struktura zərər verə bilir. Jurnalistikada isə istənilən yanlış söz və yaxud ifadə çox ciddi problemlər yaradır. Yanlış və qeyri-peşəkar yanaşma həm cəmiyyətdə yaralar açır, həm də ki, dövlətə ziyan vurur.
Sübut olunmuş bir həqiqət var ki, istənilən müharibə 3 sahədə aparılır: hərbi, ideoloji və diplomatik sahədə. Və bu gün biz Ermənistanı hərbi sahədə tam məğlubiyyətə uğratsaq da, diplomatik və ideoloji sahədə mübarizə davam edir. Təəssüf ki, jurnalistikamızda olan qeyri-peşəkarlıq və məsuliyyətsiz yanaşma dövlətimizin və xalqımızın elbirliyi ilə apardığı uğurlu işə bir çox hallarda xələl gətirir. Yersiz problemlər yaradır.
Burda bir vacib məqamı da qeyd etmək istəyirəm. Azərbaycanda mətbuat azadlığı var. Bu azadlıqdan istifadə edən yüzlərlə mətbu orqan fəaliyyət göstərir. Azərbaycan cəmiyyətində hamı kimin kim olduğunu yaxşı bilir. Amma Biləcəridən o tərəfdəkilər bilmir ki, hansı qəzet və yaxud xəbər portalı hansı yuvanın quşudur. Və istənilən mətbu orqanda gedən informasiya xaricilər üçün Azərbaycan dövlətinin mövqeyi kimi qəbul edilir. Necə ki, bir müddət əvvəl iranlı xanım jurnalistin qərəzli və məkrli sualına görə hamımız bütün İranı qınadıq. Ona görə də lazımdır ki, özünə hörmət edən mətbu orqan yaydığı məlumatın məsuliyyətini dərk etsin.
Son 4 ayda Yuxarı Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlıları barədə Azərbaycan mətbuatında deyilmiyən hədyan, səsləndirilmiyən fikir qalmadı. Amma nəyə görəsə unuduruq ki, o sülhməramlılar ora özbaşına gəlməyib. Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının razılığı ilə gəlib. Əgər bizim möhtərəm cənab prezidentimiz rusların Qarabağa gəlməsinə qol qoyubsa, bizim də bir vətəndaş kimi borcumuzdur ki, dövlət başçısının qərarına və imzasına hörmət edək.
Cənab Prezident hər halda biz jurnalistlərdən daha çox bilir ki, sülhməramlılar Qarabağda nə iş görür və nə üçün lazımdır. Təsadüfi deyil ki, ölkə başçısı sülhməramlıların fəaliyyətində bəzi xoşagəlməz halların olduğunu qeyd etsə də, ümumən onların fəaliyyətindən razıdır. Bundan da belə qənaətə gəlinir ki, rus sülhməramlıları zorla da olsa, bizim üçün qarşıya qoyulan hədəflərə doğru addım-addım irəliləyir.
Təbii ki, hər birimiz istərdik ki, Azərbaycan torpaqlarında bir dənə də olsun radikal erməni ünsürü qalmasın. Ancaq bizim istəklərimiz işin ancaq yarısıdır. İstəklərimizin reallaşması üçün gərək əlverişli şərait də olsun. Necə ki, 10 noyabr zəfərinə 25 ildən artıq müddətdə yol gəldik, hazırlaşdıq, əlverişli məqamı gözlədik. Nəticə də bizim üçün inanılmaz oldu. İndi də çılğınlıq etmək, bilmədiyini danışmaq düzgün deyil. Hər bir şeyin zamana ehtiyacı var.
Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov “Sputnik” radiosundakı dünənki çıxışında deyir ki, “Azərbaycan Prezidenti İlham Əliyev hər şeyi aydın başa düşür və həmişə düzgün addımlar atır. 5 ildən – Rusiya sülhməramlıları Qarabağı tərk etdikdən sonra onların yerinə azərbaycanlılar gələcək… Biz bütün “qırmızı xəttləri” mükəmməl bilirik”.
Lakin mənim çox hörmət etdiyim iqtisadçı ekspert Natiq Cəfəli deyir ki, “Kremlin də əsas hədəfi budur ki, yerli erməni əsilli azərbaycanlıları özlərinə daha çox bağlasınlar. Nəticədə hətta rəsmi Bakı çıxmaqlarını tələb etsə də, “yerli əhalinin tələbi və xahişi ilə “orada qalsınlar”. Ay qardaş, ay başına döndüyüm, cənab Prezident dəfələrlə deyib ki, “Dağlıq Qarabağ münaqişəsi deyilən bir ifadə yoxdur. Artıq bu problem öz həllini tapıb”. Bizim ekspertlərsə bəzi qəzetçilərin “tırka”sına gedib qeyri-ciddi fikirlər səsləndirirlər. Bu cür savadsız və əsası olmayan fikirlər isə cəmiyyətdə çaşqınlıq yaradır və respublika prezidentinin siyasəti və fikirləri ilə tərs mütənasiblik təşkil edir.
Və yaxud populyar saytlarımızdan biri dünən xəbər yayıb ki, “Ermənistanın Rusiyanın orbitindən çıxmasının müəyyən əlamətləri özünü göstərməyə başlayıb. Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı Ermənistan hakimiyyətinin Qərbin siyasi konsorsiumunun maraqlarına xidmət etdiyi haqda artıq ucadan danışılması da təsadüfi deyil. Ermənistan, hər halda, Rusiyadan üz döndərmək, Gürcüstan və Ukrayna yolu ilə getmək qərarına gəlib (!)”. Fikrini də belə əsaslandırıb ki, “Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. ABŞ Ermənistanın hazırkı hakimiyyətinə müəyyən siyasi dəstək verir. Amma necə deyərlər, bu dəstək “pulsuz” olmayacaq və çox güman ki, belə dəstək olsa belə, onun “qiyməti” Ermənistanın xarici siyasi vektorunun dəyişməsi olmalıdır, yəni Ermənistan tədricən Gürcüstan və ya Ukrayna yolu ilə gedəcək: “Qud bay, Rusiya”.
Ay bərəkallah! 5-ci sinif şagirdinin bildiyi bir həqiqəti niyə bizim bu yazarlar başa düşmür? Niyə inanmaq istəmirlər ki, Ermənistan adlı bir müstəqil dövlət yox, Rusiyanın bir əyaləti var. Yuxarıdakı fikirlərin sahibi olan xəbər portalı 3 gün öncə xəbər tirajlamışdı ki, “Qazax rayonunun 7 kəndinin boşaldılmasına başlanılıb. Kəndlərin boşaldılmasını Ermənistan tərəfində Rusiyalı hərbçilər həyat keçirir”. Bəs bu sətirləri yazan jurnalist heç düşünmürmü ki, “ermənilər hansı cənnəmə vasil olublar ki, onların işini ruslar görür?”.
Əlbəttə ki, bunu fikirləşməyə və analiz etməyə təfəkkür lazımdır. Amma nə yazıq ki, bəzi jurnalistlərimiz və xəbər portallarının rəhbərləri eşitdiklərini öz məntiqlərinin süzgəcindən keçirib qərar vermək əvəzinə xəbərin orasını-burasını qırıb oxucu toplamaq üçün “vızıvayuşiy vid”ə salırlar. Amma düşünmürlər ki, bununla da həm sənətinə xəyanət edir, həm də ki, dövlətimizin aydın və qətiyyətli siyasətinə kölgə salırlar.
Surxay Atakişiyev,
KONKRET.az