Dünyanın inkişaf etmiş bütün ölkələrində yeni texnologiyaların tətbiqi sahəsinin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır. İnformasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə çağdaş dövrdə ölkələrin iqtisadi rəqabət qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan bu sahə inkişaf səviyyəsinə görə bir çox ölkələrdən fərqlənir. Elmi-texniki inkişaf müharibələrin metoduna da təsirsiz ötüşmür. Mütəxəssislər bildirirlər ki, gələcəkdə müharibələr dövlətlərin nizami orduları arasında deyil, müasir İKT vasitələri ilə silahlanmış, yüksək hazırlıq görmüş, əsəs məqsədi qarşı tərəfin informasiya resurslarını ələ keçirmək və ya nəzarətdə saxlamaq olan xüsusi qruplar arasında aparılacaq.
Dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. İndi cəmiyyətimizi informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq indiyə qədər bu istiqamətdə bir sıra addımlar atıb. 2003-cü ildə ulu öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”, həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycan dövlətinin İKT-nin inkişafına diqqətlə yanaşdığını göstərir.
Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı cəmiyyətin bütün sahələrinə olduğu kimi, media sektoruna da ciddi təsir göstərir. Rəqəmsal transformasiya medianın fəaliyyət prinsiplərini köklü şəkildə dəyişdirərək yeni yanaşmalar və iş mexanizmləri formalaşdırıb.
Məsələ ilə bağlı KONKRET.az-a danışan İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, informasiya və kommunikasiya texnologiyaları bu gün yalnız texniki vasitə deyil, eyni zamanda sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biridir:
“İKT informasiyanın daha sürətli əldə olunmasına, emalına və ötürülməsinə imkan yaradır. Bu texnologiyalar iqtisadiyyatın, təhsilin, səhiyyənin və dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, insanların gündəlik həyatını da xeyli asanlaşdırır”.
Ekspertin sözlərinə görə, bir çox ölkələr İKT-nin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu çərçivədə milli rəqəmsal strategiyalar hazırlanır, texnoparklar yaradılır, startap ekosistemi dəstəklənir, internet infrastrukturu genişləndirilir və 5G texnologiyalarının tətbiqi istiqamətində addımlar atılır.
Elvin Abbasov vurğulayıb ki, İKT sahəsinin inkişafı üçün insan kapitalı xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, təhsil sistemində rəqəmsal bacarıqların artırılması, İT ixtisaslarının təşviqi və proqramlaşdırma üzrə təlimlərin təşkili gələcək əmək bazarının tələblərinə cavab vermək baxımından vacibdir.
Ekspert eyni zamanda özəl sektorun roluna da diqqət çəkib:
“Texnologiya şirkətləri innovativ həllərin yaradılmasında əsas aktorlardır. Beynəlxalq texnoloji şirkətlərlə əməkdaşlıq yerli bazarda rəqabəti artırır və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olur”.
Bununla yanaşı, İKT-nin sürətli inkişafı bir sıra çağırışları da gündəmə gətirir. Məlumat təhlükəsizliyi, şəxsi məlumatların qorunması, rəqəmsal bərabərsizlik və texnologiyadan sui-istifadə halları bu sahədə əsas risklər sırasında yer alır.
Ekspert qeyd edib ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı müasir medianın da əsas xüsusiyyətlərindən biridir. İnternetin meydana çıxması, qloballaşma və konvergensiya prosesi medianın texnoloji simasını tamamilə dəyişib. Bu səbəbdən, media sahəsində çalışan jurnalistlər İKT-ni dərindən öyrənməli və gündəlik fəaliyyətlərində tətbiq etməlidirlər.
“Bu gün YouTube, internet televiziyaları, xəbər saytları və bloqlar mediaya yeni təqdimat formaları və düşüncə tərzi gətirib. İKT jurnalistikada yazının formatına, üslubuna və təqdimatına birbaşa təsir edir. Bu texnologiyaları bilməyən jurnalist 21-ci əsrin media tələblərinə cavab verə bilməz”, – deyə Elvin Abbasov əlavə edib.
Qeyd edək ki, mütəxəssislər rəqəmsal gələcəyə uğurlu inteqrasiya üçün informasiya və kommunikasiya texnologiyalarından düzgün və balanslı istifadənin vacibliyini xüsusi vurğulayırlar.
Aynurə İsmayıl,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.


