Reza Deqati: “Tarixi sınaqlar cəsur Azərbaycan xalqını sındıra bilmədi”backend

Reza Deqati: "Tarixi sınaqlar cəsur Azərbaycan xalqını sındıra bilmədi"

Bu gün Azərbaycanda 34-cü ildönümü qeyd edilən 20 Yanvar faciəsinin canlı şahidlərindən biri də tanınmış fotojurnalist Reza Deqatidir. Azərbaycanın müasir tarixində baş verən mühüm hadisələri öz fotoaparatının yaddaşına qeyd edən fotojurnalist ölkəmiz haqqında həqiqəti bütün dünyaya çatdırıb.

KONKRET.az xəbər verir ki, Azərtac onunla müsahibəni təqdim edir.

-Bu gün 1990-cı ilin Yanvar faciəsinin 34-cü ildönümüdür. Siz həmin qanlı hadisələrin şahidisiniz, informasiya blokadasını yarmaq və həqiqəti dünya ictimaiyyətinə çatdırmaq istiqamətində çox işlər görmüşünüz. Lütfən, öz xatirələrinizi bizimlə bölüşərdiniz…

-Həmin vaxt mən Parisdə idim. Yanvarın 21-də o dövrdə Parisdə UNESCO-nun sovet nümayəndəliyində çalışan azərbaycanlı diplomat Ramiz Abutalıbov mənə zəng etdi və Bakıda baş verənlər haqqında məlumat verdi. Fotojurnalistin hansı təhlükələrlə üzləşəcəyini bildiyim halda dərhal yola çıxdım və Qanlı 20 Yanvar hadisələri barədə həqiqəti dünyaya çatdırmağa qərar verdim. Bildiyiniz kimi, həmin vaxt Yanvar hadisələri haqqında həqiqəti gizlədirdilər. Mən Moskvada Azərbaycanın daimi nümayəndəliyinin köməyi ilə viza aldım. Görünür ki, həmin nümayəndəliyə də hücumlar olmuşdu, çünki qapılar sındırılmışdı.

Moskvadan qatarla Bakıya gəldim. Dostlarım burada yerləşməyimə kömək etdilər və küncdə-bucaqda gizlənərək Bakı küçələrində çəkilişlər apardım. İçərişəhərdə, şəhərin ətrafında tanklar var idi. Sonra meyitlərin gətirildiyi meyitxanaya girə bildim. İnsanlar öz doğmalarının cəsədlərini axtarırdılar. Mən də yaxınlarımı itirdiyimi söylədim. Beləliklə, orada baş verənləri lentə ala bildim. Meyitlərin ardı-arası kəsilmirdi. Bir saatın içində ərlərini, atalarını, oğullarını itirmiş bədbəxt qadınların göz yaşlarını xatırlayıram, onların ah-naləsi hələ də qulaqlarımda səslənir. Oradan xəstəxanaya yollandım. Burada da vəziyyət qorxulu idi: şüşələr qırılmışdı, əməliyyat otağında qızınmaq üçün böyük soba qurulmuşdu və onun üzərində qazanları isidirdilər.

Növbəti gün Şəhidlər xiyabanında fotoşəkillər çəkə bildim, dəfn prosesini lentə aldım. Meydan olduqca izdihamlı idi. Mən gizli çəkiliş aparırdım. Sonra çətinliklə Moskvaya yollandım, fotoşəkilləri çıxarmaq üçün oradan da Parisə gəldim. Biz hətta film də çəkə bildik.

Bütün bunlar ictimailəşdi və dünya Bakıda baş verən faciədən xəbərdar oldu. Aydın oldu ki, Bakıda hər şeyin normal olduğunu söyləyən sovet rəhbərliyi yalan danışır. Biz informasiya blokadasını yara bildik və həqiqəti bütün dünyaya çatdırdıq.

-Azərbaycan xalqı öz azadlığı və müstəqilliyinə doğru çətin yol qət edib. Bu qəhrəmanlıq salnaməsi 1990-cı ilin yanvarından başlayır və 44 günlük Vətən müharibəsində Qələbə ilə nəticələnən rəşadətli, fədakar mübarizənin aparıldığı uzun illəri əhatə edir. Biz Qələbə çaldıq! Sizin fikrinizcə, 20 Yanvar hadisələrinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti nədən ibarətdir?

-Tamamilə düzgün qeyd etdiniz. 20 Yanvar hadisələri Azərbaycan xalqını oyandırdı, onu birləşdirdi. Azərbaycanlılar kimin düşmən, kimin dost olduğunu əyani şəkildə gördülər. Aydın oldu ki, müstəqilliyə aparan yol dönməzdir. Sonra sovet-erməni birləşmələri qanlı Xocalı hadisələrini törətdilər, amma Azərbaycan xalqı sınmadı, sarsılmadı. Azərbaycanlılar qan tökərək, addım-addım öz ümdə arzularına doğru yürüdülər, vahid bir yumruq kimi birləşdilər və məqsədə nail oldular! Bildirmək lazımdır ki, Azərbaycan xalqı bütün tarixi boyu dəfələrlə hücumlara və təcavüzlərə məruz qalıb, lakin daim bütün sınaqlardan mətanətlə çıxıb. 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti çox böyükdür. Məhz onlar hazırda qüdrətli, güclü dövlət olan, öz torpaqlarını işğaldan azad edən, suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycanın müstəqilliyinin başlanğıc nöqtəsi oldu.

-Təəssüf ki, bəzi dövlətlər Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqe tuturlar və bunu indi də davam etdirirlər. Biz uzun illər ərzində belə münasibətin şahidi olmuşuq. 44 günlük Vətən müharibəsinin gedişində və erməni işğalı dövründə dağıdılmış Qarabağın bərpası prosesinin tam sürətlə aparıldığı indiki vaxtda da bu münasibət davam edir. Necə düşünürsünüz, bütün bunların səbəbi nədir?

-İki cür müharibə mövcuddur, döyüş meydanında və informasiya məkanında. Son vaxtlara qədər müharibələr açıq şəkildə aparılırdı, döyüş meydanında güclü olan qalib gəlirdi. Amma son illərdə informasiya müharibəsi qarşıdurmanın mühüm tərkib hissəsinə çevrildi. Ermənilər və onların havadarları çoxdan bu müharibəyə hazırlaşırdı. Mən təkcə Fransada ermənilərin siyasətdə və media məkanında nə qədər çox havadarlarının olduğunun şahidiyəm! Onların mütləq bütün iri media strukturlarında adamları var və bu şəxslər lazımi informasiyanı yayır, zəruri informasiya fonu yaradır, hər şeyi planlı şəkildə həyata keçirirlər. Azərbaycan da analoji fəaliyyət göstərməlidir. Bu istiqamətdə uğur qazanmaq üçün illər və planlı iş tələb olunur. Şübhəsiz ki, böyük dövlətlər erməniləri elə-belə dəstəkləmir, onların öz maraqları var. Hələ ki, Azərbaycan informasiya mübarizəsini pərakəndə aparır, amma əminəm ki, zamanla bu məsələdə həqiqətin və ədalətin təbliği istiqamətində öz xeyrinə dönüş yaradacaq. Bunun üçün onun bütün resursları mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*