Rumıniyanın paytaxtı Buxarestdə müxalif Rumınların Birləşməsi Alyansı (AUR) partiyasının üzvləri və tərəfdarları prezident seçkilərinin ikinci turunun ləğv edilməsinə etiraz olaraq kütləvi aksiya keçiriblər.
KONKRET.az xəbər verir ki, müxalifət siyasətçiləri sosial şəbəkələrdə Universitet meydanından canlı yayımlar ediblər.
Yerli telekanallar Universitet meydanına 2,5 minə yaxın insanın toplaşdığını və mitinq iştirakçılarının sayının artmaqda davam etdiyini bildirir.
AUR lideri George Simion mediaya nümayişçilərin Viktoriya meydanına yürüş etməyi və yerli vaxtla saat 23:00-a qədər orada qalmağı planlaşdırdıqlarını bildirib. O əlavə edib ki, ən azı 50 min nəfərin iştirakı gözlənilir.
“Bizim əsas tələbimiz prezident seçkilərinin ikinci turunun keçirilməsi və Klaus İohannisin (indiki dövlət başçısı – red.) istefasıdır”, – deyə siyasətçi bildirib.