Rusiyanın indiki və tarixi dövrdə digər xalqlara, xüsusən də türk və müsəlman icmalarına qarşı apardığı siyasət həm siyasi, həm ideoloji, həm də hüquqi aspektdən dərindən təhlil olunmalıdır. Bu mövzu ətrafında geniş və analitik bir yazı hazırlamaq elə də çətin deyil. Çünki faktlar göz qabağındadır.
Gəlin əvvəlcə rus şovinizminin mahiyyətinə nəzər yetirək: bu, Rusiyanın siyasi və mədəni tarixində əsasən özünü üstün millət kimi təqdim etməsi və digər xalqları, xüsusilə qeyri-rus etnosları, dilləri və mədəniyyətləri aşağı görməsi ilə səciyyələnən bir ideologiyadır. Bu ideologiyanı qısa olaraq belə qruplaşdırmaq olar:
- Rus xalqı çox böyükdür
- Bu ideologiya ilə digər xalqlar assimilyasiya edilməlidir (dil, din, adət-ənənə baxımından);
- Bütün bunlar imperializm və müstəmləkəçiliyə sıx bağlıdır;
- Rus Pravoslavlığı və Rus dili dominant mədəni dəyərlər kimi təqdim edilir.
Tarixi faktlarla Rus şovinizminin inkişafı
1. Çar Rusiyası dövrü (16–19-cu əsrlər)
- Tatarlar, Qafqaz və Orta Asiya xalqları “geridə qalmış”, “barbar” hesab edilirdi.
- Ruslaşdırma siyasəti həyata keçirilirdi: qeyri-ruslara rus adı qoymaq, pravoslavlığı qəbul etdirmək, rus dili ilə təhsil vermək.
- 1863-cü ildə Polşa üsyanından sonra polyak dili təhsil müəssisələrindən çıxarıldı, əvəzində rus dili məcburi oldu.
2. Romanov imperiyası (19-cu əsr sonu – 1917)
- “Samoderjaviye, pravoslavie, narodnost” (Təkhakimiyyətlilik, pravoslavlıq, xalqçılıq) şüarı altında rus olmayan xalqlara qarşı repressiyalar gücləndi.
- Qafqaz xalqları, o cümlədən azərbaycanlılar, çeçenlər, inquşlar və digərləri rus hakimiyyətinə tabe etdirildi.
3. Sovet İttifaqı dövrü
- Formal olaraq beynəlmiləlçilik təbliğ olunsa da, reallıqda rus dili və mədəniyyəti hegemon vəziyyətə gətirildi.
- 1958-59-cu təhsil islahatı ilə SSRİ-də rus dili “xalq ünsiyyət dili” statusu aldı.
- Mərkəzi Asiyada və Qafqazda yerli dillər sıxışdırıldı, rus dili dominant oldu.
- Stalin dövründə Krım tatarları, çeçenlər, inquşlar, azərbaycanlılar və başqaları kütləvi sürgün edildi.
4. Müasir Rusiya (Putin dövrü daxil olmaqla)
- “Rus dünyası” (Русский мир) ideologiyası — rus dilini, mədəniyyətini və pravoslavlığı keçmiş sovet respublikalarında yaymaq və təsir dairəsini genişləndirmək məqsədi daşıyır.
- Ukraynaya qarşı müharibə bu ideologiyanın təzahürüdür — Ukrayna xalqı “əslində rusdur” arqumenti ilə işğala haqq qazandırılır.
- Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan, Sibir və digər bölgələrdə ruslaşdırma və mərkəzləşdirmə gücləndirilib.
- Qeyri-rus xalqlara qarşı irqçi yanaşmalar, xüsusilə də Orta Asiyalı miqrantlara qarşı zorakılıq, hüquqsuzluq geniş yayılıb.
Beləliklə, Rus şovinizmi – yalnız bir xalqın yox, bütöv regionların mədəniyyət və azadlıqlarının sıxışdırılması və özlərinə məxsusluqlarının inkar olunması deməkdir. Bu ideologiya tarix boyu milyonlarla insanın hüquqlarının pozulmasına və müstəqil mədəni kimliklərin məhv edilməsinə səbəb olub.
Rusiyada şovinizm və diskriminasiya Vladimir Putin hakimiyyətə gəldikdən sonra yeni mərhələyə qədəm qoyub. Putinizm imperiya mirasının məğzi olan şovinizmi daha qəddar formada icra edir.
Məlum olduğu kimi, Rusiya imperiyası və daha sonra Sovet İttifaqı əsrlər boyu qeyri-rus xalqlara qarşı assimilyasiya, məcburi köçürmələr, repressiyalar və mədəniyyətlərin məhvi siyasəti yürüdüb. Bu siyasət sadəcə siyasi deyil, həm də dərin ideoloji təməllərə söykənirdi: ruslar “böyük xalq” kimi təqdim olunur, digər xalqlar isə aşağılanır. Bu, bütün dövrlərdə sistemin ideoloji əsasını təşkil edir.
Putin zamanında şovinizm təkcə dövlət siyasətinə çevrilmir, imperializmin ciddi atributu kimi təqdim olunur. Əgər bu siyasət sovet dövründə müəyyən ideoloji proseslərdə gizlənirdisə, Putin hakimiyyəti dövründə bu siyasət daha sərt və açıq formaya keçib. Bu gün rus olmayanlara qarşı diskriminasiya artıq sistemli hal alıb. Azərbaycanlılar, özbəklər, qırğızlar, çeçenlər, başqırdlar, tatarlar və digər müsəlman xalqlar gündəlik həyatlarında hüquq-mühafizə orqanlarının və cəmiyyətin basqısı ilə üz-üzədirlər.
Yadınızdadırsa, bir neçə il bundan əvvəl Oleq Şerbakov adlı adi bir vətəndaşın məişət zəminində azərbaycanlı şəxs tərəfindən öldürülməsi Rusiyada süni şəkildə ajiotaj yaratmış, qatı millətçilik hissləri ilə azərbaycanlı təhqir olunmuş şəkildə Rusiya daxili işlər nazirinin qəbuluna gətirilmişdi. Hələ o vaxt Azərbaycan cəmiyyəti bu “tamaşanı” ikrah hissi ilə qarşılamış, sosial şəbəkələrdə rəsmi Moskvaya etiraz səsləri ucalmışdı. Taciklərə qarşı da eyni hal baş vermişdi. Moskvada terrorçulardan bəzilərinin tacik olması faktı aşkarlandıqdan sonra bütün tacik miqrantlara müharibə elan edilmişdi. Ağına-bozuna baxılmadan əksər taciklər hüquq-mühafizə orqanlarında işgəncələrə məruz qalır, deportasiya edilirdilər.
Bəli, Putin rejimi bir tərəfdən bu şovinizmi siyasi silaha çevirərək daxili problemləri gizlətmək, xalqı vahid düşmən obrazı ətrafında səfərbər etmək üçün məharətlə istifadə edirsə, digər tərəfdən yeni “SSRİ” qurmaq arzularını gerçəkləşdirməyə çalışır.
Bu gün Ukraynada baş verənlər bu siyasətin əsl faciəsini ortaya çıxardı. Putinin bu yaxınlarda “Bütün Ukrayna Rusiyanındır”, onun ardınca isə “Rus əsgərinin ayağının dəydiyi hər torpaq bizimdir” ifadəsi imperializmin ən həyasız şəkildə təzahürü və təqdimatıdır.
Əgər Rusiya dil və din baxımından eyni olan ukraynalılara qarşı soyqırımı və şəhərlərin yerlə-yeksan edilməsini reallaşdırırsa – Buça, Mariupol, Xarkov nümunəsində olduğu kimi – digər xalqlara qarşı daha qəddar siyasətin həyata keçirilməsi bu baxımdan təəccüb doğurmamalıdır.
Ümumiyyətlə, Rusiya-Çeçen müharibələrindən sonra bir daha islamofobiya və müsəlman xalqlara qarşı təzyiqlər Putinin səyi nəticəsində ümummilli məsələ kimi qoyulmağa başladı.
Bu gün sözügedən ölkədə müsəlmanlara qarşı münasibət özünü açıq şəkildə göstərir:
Məscidlərin sayı süni şəkildə azaldılır,
Hicab, oruc və dini simvollara qarşı qadağalar genişlənir,
Qanuni mitinqlər zorla dağıdılır,
Media vasitəsilə müsəlmanlar “təhlükə” kimi təqdim olunur.
Rus Pravoslav Kilsəsi isə bu siyasətin ideoloji dəstəkçisi kimi çıxış edir. Kilsənin bəyanatları, tarixə münasibəti və dövlətlə əlaqələri islamofob yanaşmanın yayılmasında mühüm rol oynayır.
Putin faşizm ideyalarının icrasını hüquq-mühafizə orqanları vasitəsilə həyata keçirir. Yeni dövrün skinhedləri bu işi qəddarlıqla bacarır.
Xatirinizdədirsə, 1990-cı illərdə Rusiya şəhərlərində rus vətəndaşları etnik azlıqlara qarşı dəhşətli hücumlar həyata keçirirdi. Sonra bu cür kriminal qruplar skinhed kimi tanınmağa başladı. Az sonra məlum oldu ki, bu qruplarının arxasında birbaşa dövlət dayanıb. Sonralar skinhedlər səhnədən çıxdı. Beləliklə, skinhed hərəkatını birbaşa polis, OMON və FSB davam etməyə başladı. Yekaterinburqda azərbaycanlılara qarşı baş verən son hadisələr bu qəddarlığın növbəti nümunəsidir.
Polis və təhlükəsizlik orqanları “etnocinayətkarlıq” kimi anlayışlar uyduraraq, rus olmayan millətlərin nümayəndələrini avtomatik olaraq cinayətkar kimi təqdim edir.
Əlbəttə, bu işdə Rusiya dövlət televiziyası və mətbuatı mütəmadi olaraq etnik azlıqları hədəfə alır. Azərbaycanlılar və Orta Asiyadan olanlar tez-tez “qeyri-mədəni”, “təhlükəli” və “yad” kimi təsvir olunur. Bu yanaşma ictimai rəyi formalaşdırır və hüquq-mühafizə orqanlarının qəddarlığına bəraət verir.
Gəlin Azərbaycana qarşı yürüdülən siyaysətdən danışanda bu tarixi faktları unutmayaq:
1990 – cı ildə 20 Yanvar qırğını
Xocalı soyqırımı zamanı ermənilərə hərbi-siyasi dəstək
Qarabağ torpaqlarının 30 ilə yaxın işğal altında saxlanması
2020 və sonrası dövrdə Rusiya sülhməramlılarının fəaliyyəti və təxribatlar
Azərbaycan təyyarəsinin vurulması
Rusiya tərəfindən kiberhücumlar
Azərbaycana yaxın deputatların, jurnalistlərin susdurulması, hətta həbsi
Bütün bunlar onu göstərir ki, Rusiya dövləti rəsmi olaraq humanizm ritorikası ilə faşizmi təqdim edir.
Görünən odur ki, Rusiya həyasızcasına beynəlxalq səviyyədə “multikulturalizm”, “sülh” və “anti-faşizm” şüarları ilə çıxış etsə də, daxilində tam əksi – şovinizm, islamofobiya və etnik diskriminasiya siyasətindən geri çəkilmək istəmir.
Bu siyasət həm Rusiyanın öz vətəndaşları üçün faciədir, həm də qonşu xalqlar üçün bir təhlükə mənbəyidir. Proseslər onu göstərir ki, faşizm hərəkətlərinin intensivləşməsi istər Cənubi Qafqaz regionunda, istər Orta Asiyada, istərsə də Avropa ilə sərhədlərdə yeni müdaxilələrinin siqnalı verilir. Bu gün Ermənistanda revanşist qüvvələrin, kilsənin daha da aktivləşməsi yeni təhlükədən xəbər verir. Azərbaycan kimi digər ölkələr də bunu anlayır, yeni dünya düzənində təhlükəsizlik sisteminin formalaşdırılması üçün daha ciddi və fundamental addımlar atır.
KONKRET.az-ın analitik qrupu