Rus mediası və politoloqlarının Azərbaycana qarşı sərt ritorikasının ÜÇ ƏSAS SƏBƏBİ: Buna nail olmağa çalışırlar…backend

Rus mediası və politoloqlarının Azərbaycana qarşı sərt ritorikasının ÜÇ ƏSAS SƏBƏBİ: Buna nail olmağa çalışırlar...

“Rus mediasının və politoloqlarının Azərbaycana qarşı getdikcə daha aqressiv və tənqidçi ritorika sərgiləməsi bir neçə strateji və psixoloji faktorla izah olunur. İlk növbədə, bu ritorikanın arxasında Azərbaycanın son illərdə müstəqil və çoxşaxəli xarici siyasət yürütməsi, xüsusilə də Rusiya təsirindən uzaqlaşaraq Türkiyə və Qərblə daha yaxın əməkdaşlıq etməsi dayanır. Azərbaycan öz enerji siyasətini və nəqliyyat dəhlizlərini Moskvanın maraqları ilə deyil, öz milli maraqları çərçivəsində formalaşdırır və bu, Rusiya üçün həzm olunması çətin reallıqdır”.

Bu fikirləri politoloq Züriyyə Ruslanqızı KONKRET.az-a açıqlamasında səsləndirib:

Azərbaycanla sərhədə qoşun yığılır: Ermənistan müharibəyə nə zaman  başlayacaq? - KRİTİK MƏQAMLAR | KONKRET

“İkinci əsas səbəb isə Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı yeni geosiyasi düzən və Azərbaycanın bu proseslərdə aparıcı rol oynamasıdır. Rusiya, Ermənistan üzərindəki təsirini itirdikcə və Azərbaycan–Türkiyə əlaqələri gücləndikcə, bu bölgədə əvvəlki status-kvonun tamamilə pozulduğunu görür. Rusiya üçün Cənubi Qafqaz sadəcə bir qonşu region deyil, həm də imperiya yaddaşının mühüm parçasıdır və bu bölgədə təsir itkiləri daxildə zəiflik əlaməti kimi qiymətləndirilir. Bu kontekstdə Azərbaycana qarşı ritorik hücumlar həm də daxili auditoriyaya ünvanlanmış mesaj xarakteri daşıyır. Rusiya guya hələ də Cənubi Qafqazda söz sahibidir.

Üçüncü mühüm amil isə Azərbaycanın Qərblə, xüsusilə Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığını dərinləşdirməsi, Rusiyanın izolyasiya olunduğu bir vaxtda alternativ enerji təchizatçısı kimi önə çıxmasıdır. Bu, Rusiyanın enerji üstünlüyünü zəiflədən bir dinamika yaradır. Nəticə etibarilə, rus ekspert və media dairələri Azərbaycana qarşı ittihamlayıcı və təzyiq xarakterli ritorika ilə onun siyasi manevr imkanlarını daraltmağa çalışırlar”.

Ekspert bildirib ki, bu ritorika həm də Rusiyanın bölgədə öz rolunu yenidən bərpa etmək üçün psixoloji və informasiya müharibəsinin bir formasıdır.

“Azərbaycan ictimai rəyinə təsir göstərmək, qorxu və xaos yaratmaq, eyni zamanda beynəlxalq ictimaiyyətdə Azərbaycan haqqında neqativ təsəvvür formalaşdırmaq cəhdidir. Bu kampaniya Azərbaycanın uğurlu və müstəqil siyasi kursuna qarşı təzyiq vasitəsi kimi işlədilir, lakin real təsir imkanları məhduddur və daha çox öz daxilindəki narahatlığı əks etdirir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*