Rusiya-Ermənistan ittifaq dövləti: ermənilərin yeni oyunu, yoxsa…backend

Rusiya-Ermənistan ittifaq dövləti: ermənilərin yeni oyunu, yoxsa...

İki ay öncə kapitulyasiya edən və hələ də şokdan çıxa bilməyən Ermənistanda siyasi qüvvələr arasında Kremllə yeni bazarlıq uğrunda əsl yarış başlayıb.

Rusiya ilə təcili şəkildə ittifaq dövləti yaratmaq təklifləri verən kim, suverenliyin qırıntıları qalmış bir ölkədə Rusiya hərbi bazasının sayını artırmağa çağırış edən kim. Özü də onların arasında qərbyönlü siyasi xadimlər də var.

Siyahıya diqqət edək: “Milli Birlik”, “Konstitusiya Hüququ İttifaqı”, “İslahatçılar”, “Ədalət və Rifah”, “Vəhdət” partiyalarının liderləri, “Krım könüllüləri Birliyi” təşkilatının rəhbəri və “Dindar Nəsil” fondunun sədri – Artaşes Gegamyan, Hayk Babuxanyan, Vahan Babayan, Qay Petrosyan, Armen Martoyan, Tiqran Urixanyan və Baqram Mkrtçyan. Onlar Ermənistanı Rusiya-Belarus İttifaq Dövlətinə (belə bir müqavilə olsa da, hələ tam işləmir) qoşmaq üçün Təşkilat Komitəsinin yaradıldığını elan ediblər.

Amma II Qarabağ müharibəsinədək Ermənistanda az qala, hamı xorla Gümrüdəki Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb edir, Kremli Azərbaycana silah satmaqda, ümumiyyətlə erməniləri Türkə satmaqda suçlayırdılar. Özünəvurğunluq, nankorluq, həyasızlıq o həddə çatmışdı ki, “erməni xəstəliyi” o dərəcədə şiddətlənmişdi ki, bu fonda Azərbaycanı “yeni ərazi uğrunda yeni müharibə” ilə də hədələyirdilər. Bu zaman unutmuşdular ki, rusun “dobro”su olmadan nəinki yeni torpaq işğal edə bilməzlər, hətta işğal etdiklərini də itirərlər.

Elə də oldu. Kreml nankor məxluqlara çox ağrılı bir qulaqburması verdi – Ermənistanı Azərbaycanla savaşda təkbətək qoydu. Nəticə məlumdur: cəmi 44 günə bu özündən müştəbeh, ədaları yerə-göyə sığmayan, arzuları ilə imkanları tərs mütənasib olan toplumun dərsini verdik, işğalçının belini qırdıq.

İndi suyu sovrulmuş dəyirmanın günündədirlər və solçusundan tutmuş, qərbçisinədək Rusiyaya, Putinə yarınmaq, yaltaqlanmaq üçün sıraya düzülüblər. Quyruq qapı arasında qalanda ağrıdır axı. Həm də artıq yaxşı fərqindədirlər ki, bütün bu baş verənlərin üstündən Putinin izni olmadan Ermənistanın canişini postunu tutmaq qeyri-mümkündür. Yəni Kreml başçısına xoş gəlmək məsələsi.

Rusiya ilə ittifaq dövləti yaratmaq təklifi isə əsl ekzotikadır. Çünki belə dövləti müstəqil, suveren ölkələr yaradır. Ermənistan isə SSRİ dağılandan bəri digər 14 respublika kimi müstəqillik yolunu yox, Moskvanın bölgədəki vassalı, maşası, hərbi qalası olmaq yolunu tutub, Rusiyanın ucqar quberniyası statusundadır. Rusiya indi öz quberniyası ilə ittifaq dövlətimi yaradacaq?

Ermənistan heç özü öz sərhədlərini qorumur. Biz hələ onu demirik ki, Moskva ümumiyyətlə, hansısa dövlətlə bərabər hüquqlu ittifaq xoşlamır. O yalnız dominantlığı sevir.

Rusiyanın müttəfiqi yox, maraqları olur. Putin nahaq yerə deməyib: “Rusiyanın ən etibarlı müttəfiqi onun ordusu və donanmasıdır”. Anlaşıldımı?

Bu yerdə Jirinovskinin sözü yada düşür. Son Qarabağ savaşındakı kapitulyasiyadan dərhal sonra ermənilərin ağlamalı halənə görən LDPR sədri demişdi ki, Ermənistan üçün ən yaxşı çıxış yolu Rusiya tərkibinə daxil olmaqdır. Bax, buna deyərlər ciddi təklif. Yoxsa ki, “ittifaq dövləti”. Guya Ermənistanın müstəqilliyi qalıb, guya o, suveren dövlət imiş.

Beləcə, ermənilər öz aşağı məzənnələrini qaldırmağa əbəs səylər edilər. Halbuki Ermənistan Rusiya ilə İttifaq müqaviləsi imzalamış Belarus qədər müstəqil və suveren deyil. Çünki Belarus heç olmasa, öz xarici sərhədlərini özü qoruyur. İqtisadiyyatı, strateji əhəmiyyətli bütün yerli müəssisələri, dəmiryolu arteriyaları, mərkəzi hava limanı Rusiyanın inhisarında və idarəçiliyində deyil. Pis-yaxşı öz ordusu var və hələ üstəlik, xaricə silah satır. Məsələn. Azərbaycan Ordusunun arsenalındakı “Polonez” yaylım atəşli raket sistemləri Belarus istehsallıdır və II Qarabağ savaşında özünü doğruldub. “İzqoy” Ermənistanın ərikdən başqa nəyi var?..

Və sonda: ermənilər öz xoşbəxtliyini yenə yanlış ünvanda və uzaqda – şimalda axtarırlar. O isə yaxındadır, lap yaxında – qonşuluqda! Sadəcə, ağıl işlətmək və xəbislikdən, paxıllıqdan, xainlikdən qurtulmaq lazım!..

Zahid Səfəroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*