Rusiya ilə Litva arasındakı gərginlik 2025-ci ildə iqtisadi, siyasi və hibrid müstəvilərdə sürətlə dərinləşsə də, açıq hərbi toqquşma ehtimalı hələ də aşağı olaraq qalır. Kreml üçün Baltikyanı ölkələrə təzyiqin başlıca aləti Kalininqrad eksklavıdır: Litvanın 2022-ci ildən bəri mərhələli sanksiyalar tətbiq etməsi və Rusiya yüklərinin tranzitinə məhdudiyyətlər Moskvanın strateji logistikasına zərbə vurdu. Cavab olaraq Rusiya Kalininqrad və Belarus ərazisində raket briqadalarının sayını artırdı, Suvalki dəhlizinin NATO üçün “həssas bölgə” olduğunu israrla qabartdı və bölgədə kiberhücumların, dezinformasiya kampaniyalarının intensivliyini yüksəltdi.
Bu fikirləri politoloq Züriyyə Ruslanqızı KONKRET.az-a açıqlamasında şərh edib:
“Litva tərəfi hadisələri həm milli, həm də kollektiv səviyyədə qarşılayır: müdafiə büdcəsi ÜDM-in 3,3 faizindən 5-6 faiz intervalına qaldırılır, yeni çağırış sistemi ilə ehtiyat qüvvələr genişləndirilir, infrastruktur NATO briqadalarının daimi mövcudluğu üçün uyğunlaşdırılır. Berlinin 5 min nəfərlik zirehli briqadasının Kaunas yaxınlığında yerləşdirilməsi, həm Şimal-Şərq cinahında Almaniyanın nüfuzunu bərpa edir, həm də Moskvanın “boşluq” arqumentini zəiflədir. Bununla yanaşı, Vilnüs Brüsseldən kibertəhlükəsizlik fondlarının böyüdülməsinə nail olur; bu, kritik infrastrukturun müqavimətini artırır və Rusiya kiberhücumlarının real təsirini azaldır”.
Politoloqun fikrincə, Moskvanın əsas hədəfi regional balansı dəyişmək deyil, daha çox NATO-nun 5-ci maddəsinin praktik gücünü sınamaqdır:
“Rusiyaya açıq toqquşma üçün əlavə canlı qüvvə, uzun təchizat xətləri və Qərbin sərt iqtisadi reaksiyasına dözümlü iqtisadi baza lazımdır ki, bunların heç biri hazırda mövcud deyil. Buna baxmayaraq, hibrid təhdidlər, kiberhücumlar, hava məkanının qısa müddətli pozulması, miqrant axınlarının süni istiqamətləndirilməsi, dezinformasiya və haker hücumları gündəlik gərginliyi yüksək saxlayır və səhv hesablanma riskini artırır”.
Politoloq vurğulayır ki, Belarus faktoru ayrıca önəm daşıyır:
“2023-cü ildən sonra Minsk Moskvaya hərbi-siyasi asılılığını dərinləşdirib, birgə təlimlər Litva sərhədinə yaxın ərazilərdə müntəzəm xarakter alıb. Bu manevrlər Rusiyanın öz qüvvələrini Şimal-Qərb istiqamətinə xəbərdarlıq etmədən cəmləşdirmək imkanını genişləndirir və Litva üçün əlavə qorxu effekti yaradır”.
Züriyyə Ruslanqızına görə, bütün bu amillər fonunda ssenari belə görünür:
Rusiya bölgədə “boz zona” təzyiqini yüksəldəcək, lakin NATO-nun artan hərbi kontingenti və Litvanın müdafiə xərclərinin kəskin artımı birbaşa hücum üçün çəkindirici qalacaq. Ən real risk olaraq qalacaq: kiberməkanda dağıdıcı hücum, sərhəddə “təsadüfi” insident və ya Suvalki dəhlizi üzərində logistik blokada cəhdi. Hər üç variant sürətli diplomatik eskalasiyaya səbəb ola bilər, lakin Litva–Polşa qoşunlarının qarşılıqlı dəstəyi və alyansın qərarvermə mexanizmləri açıq müharibəni önləyən əsas faktor olaraq qalır.
Beləliklə, yaxın perspektivdə Rusiya–Litva münasibətlərində doyma səviyyəsinə çatan gərginlik, böyük ehtimalla, hibrid müstəvidə davam edəcək, lakin hər iki tərəf üçün ağır nəticələr doğuracaq birbaşa silahlı toqquşmaya çevrilməsi reallıqdan daha çox geosiyasi şantaj aləti olaraq qalacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az