Qarabağda qanunsuz erməni hərbi birləşmələrin məhv edilməsi davam edir. İrəvan küçələrində isə mitinqlər ara vermir. Dünəndən başlayan qarşıdurmada İrəvan küçələrinə toplaşan minlərlə erməni baş nazir Paşinyanın istefasını tələb edir. Ermənistan hakimiyyəti isə yenə Rusiyanı hədəfə götürüb və müttəfiqini onlara kömək etməməkdə günahlandırır.
“Rusiyanın 9 noyabr üçtərəfli bəyanatına əsasən, Qarabağı müdafiə etmək üçün aydın öhdəlikləri var və onu yerinə yetirmir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində hökumətin Ermənistan-Rusiya münasibətlərini korlaması ilə bağlı ittihamları şərh edərkən deyib. “Rusiya Azərbaycanla uzun müddətdir əməkdaşlıq edir. Aydındır ki, 2011-ci ildən onlar Azərbaycana 5 milyard dollar dəyərində silah satmağa başlayıblar. 9 noyabr bəyanatında isə Rusiya prezidentinin imzası var. Rusiya Dağlıq Qarabağı qorumağa borclu olsa da, öhdəliyi yerinə yetirmir. Baş nazir Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərib və vəziyyəti tam izah edib”, – deyə Qriqoryan bildirib.
Vəziyyətə müdaxilə edə bilməyən Ermənistan öz havadarlarına arxayındır və güman edir ki, Qərb Qarabağdakı antiterror tədbirlərini saxlaya biləcək. Ancaq bu gün ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsindən sonra anladılar ki, Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin silahı yerə qoymaqdan başqa çarəsi qalmayıb.
Vəli Həsənov,
KONKRET.az