“Rusiya Paşinyana məşhur rəsm əsərinin adındakı bu yanaşmanı sərgiləyir” – Kreml üçün Nikol kimdir? backend

"Rusiya Paşinyana məşhur rəsm əsərinin adındakı bu yanaşmanı sərgiləyir" - Kreml üçün Nikol kimdir? 

Bəzi ehtimallara görə, Paşinyan və komandası Qərbin dəstəyinin yoxluğunu dərk etdikdən sonra Ermənistanı Kremlin qanadı altına qaytarmaq qərarına gəlib. Bunu Paşinyanın Paraddakı iştirakı da bir növ sübuta yetirir. Bəs görəsən, Paşinyanın Qərbdən üz çevirib Rusiyaya meyl etməsi mümkündürmü? Əgər bu, baş versə, hazırkı Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq fonunda rəsmi Bakıya necə təsir göstərə bilər? 

Mövzunu KONKRET.az-a millət vəkili Elçin Mirzəbəyli şərh edib:

Elçin Mirzəbəyli — Vikipediya

“Vəziyyətə uyğun siyasət yürütmək Ermənistanın bütün hakimiyyətləri üçün adekvatdır. Daha öncə biz bunu Sərkisyanın timsalında da görmüşük. Yəni o, birbaşa Rusiyanın vassalı missiyasını yerinə yetirməsinə baxmayaraq, Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq arzusuna düşmüşdü. Paşinyan da indiki şəraitdə vəziyyətə uyğun davranır. Bu, Ermənistanın iqtisadi maraqlarına uyğun bir yanaşma tərzidir. Çünki ölkə iqtisadiyyatı Rusiyaya tətbiq edilən sanksiyalardan yayınmaq mexanizmi üzərində qurulub. Yəni təkrar ixrac vasitəsi ilə Ermənistan özünün maliyyə problemlərini həll etməyə çalışır. Bunun alternativi olaraq Aİ-nin Ermənistana hansısa ciddi dəstəyini müşahidə etmirik”.

Millət vəkilinin sözlərinə görə, indiki halda Paşinyan vəziyyətdən istifadə etmək niyyətindədir:

“Yəni Ermənistan baş naziri Rusiya və Azərbaycan arasında yaranan müəyyən anlaşılmazlıqlardan öz maraqları naminə yararlanmaq istəyir. Amma bunun ciddi və effektiv nəticə verəcəyini gözləmək lazım deyil. Çünki Ermənistanın hazırda bölgədə cərəyan edən hadisələrə aktiv şəkildə təsir göstərmək imkanı yoxdur. Məşhur rəsm əsərinin adı ilə desək, Rusiya Paşinyana “Yolunu azmış övladın” qayıdışı münasibətini sərgiləyir. Belarusla münasibətin olmayacağını bəyan edən Paşinyan Lukaşenkonun yanında otuzduruldu. Bu, Paşinyana yanaşmanın göstəricisidir. Rusiyaya Paşinyanın dəvət olunması statistikanı tamamlamaq xətrinə lazım idi. Ermənistan baş naziri isə statistik göstərici kimi orada iştirak etdi. Burada məsələyə fərqli konteksdən yanaşmaq doğru deyil”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*