Ötən həftə Rusiya sülhmərəmlarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına başlanılması və Azərbaycanın daha 4 kəndinin qaytarılmasını təsdiq edən birgə bəyanatın verilməsi misilsiz tarixi hadisədir.
Dünyadakı bəzi anti-Azərbaycan qüvvələrinin basqılarına baxmayaraq, rəsmi Bakının ildırımsürətli diplomatik gedişi bütün bədxah qüvvələri mat qoydu.
İş o yerə çatdı ki, “Bravo, İlham Əliyev” deməyə məcbur olan bəzi “analitik təfəkkürlü” qüvvələr az qala “ola bilməz, bu məsələnin altında nəsə var” deyib, özlərindən fantastik iddialar uydurmağa başladılar. Bu iddialardan biri də sülhməramlıların gedişinin bölgəyə olacaq hücumla əlaqələndirilməsidir.
Tanınmış hərbi ekspert Üzeyir Cəfərli KONKRET.az-a açıqlamasında bildirib ki, bölgəmizə hücum olacağı ilə bağlı iddialar yalandır və Rusiya sülhməramlılarının vaxtından öncə – 2025-ci ildən bir qədər tez Azərbaycan ərazisini tərk etməsinin bununla heç bir əlaqəsi yoxdur:
“Əksinə, bundan sonra Azərbaycanla Ermənistan arasında işlər rəvan gedəcək. İddia etmirəm ki, bu işlər çox rahat gedir, amma hər halda Azərbaycan və Ermənistan artıq vasitəçisiz danışmağa və anlaşmağa başlayıb. Ermənistan mayın 15-dək 4 kəndi Azərbaycana təhvil verəcək. İyul ayında isə digər kəndlərimizin də qaytarılacağı gözlənilir”.
Ekspertin sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi çoxdan baş verməli idi:
“Təəssüflər olsun ki, onlar bu məsələni son ana qədər uzatdılar. Güman edirdilər ki, sülhməramlılara minaları təmizləmək və digər ara işlərdə iştirak etmək icazəsi veriləcək və onlar da bu yolla bölgədə qalacaqlar. Amma onların gözləntisi alınmadı. Çünki beynəlxalq qurumlar da Qarabağdan könüllü olaraq köçüb gedən etnik ermənilər üçün müəyyən vəsait ayırdılar. Bundan sonra Rusiya tərəfi əmin oldu ki, ermənilər bir daha Qarabağa qayıtmayacaqlar”.
Ekspert nəzərə çatdırıb ki, ötən həftəyə qədər Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin öz səlahiyyətlərini aşaraq “Biz Qarabağ ermənilərinin öz əzəli torpaqlarına, ata-baba yurdlarına qayıtması üçün əlimizdən gələni edirik və Rusiya sülhməramlıları bu prosesdə yaxından iştirak edəcəklər” kimi yolverilməz fikir səsləndirmişdi:
“Rusiya tərəfi hesab edirdi ki, 2020-ci ildə bölgəni tərk etmiş etməniləri qısa müddətdə geri qaytarmaq təcrübəsini yenidən tətbiq edə biləcəklər və sülhməramlıların guya böyük fəaliyyətini nümayiş etdirəcəklər”.
Üzeyir Cəfərli xatırladıb ki, bu hadisədən öncə bəzi qüvvələrin bir neçə ay ərzində səsləndirdikləri “bölgədə müharibə olacaq, qoşunlar yığılır, raketlər gətirirlər” kimi boş fikirlər də uğursuzluğa düçar oldu:
“Məqsəd aydın idi, ajiotaj yaratmaq istəyirdilər. Bununla da Rusiya sülhməramlıları özlərinin mövcudluğunun vacibliyini sübut etmək istəyirdilər. Amma zaman sübut etdi ki, onların burada qalması yalnız özlərinin maraqları çərçivəsində idi. Görürsünüzmü, daha “növbətçi” rus ekspertlərinin də səsi çıxmır”.
Ekspert hesab edir ki, Rusiya sülhməramlıları Qarabağda öz vəzifələrinin öhdəsindən gələ bilmədilər:
“İndi dövlətlərarası münasibətlər baxımından qarşı tərəfin çox da xətrinə dəyilməməsi üçün siyasətçilər bir qədər müsbət fikirlər səsləndirirlər. Amma zaman-zaman Azərbaycan Prezidenti İlham Əliyev də, digər rəsmilər də bəyan edirdilər ki, hətta Üçtərəfli Bəyannamə imzalandıqdan sonra – Ermənistanda 2021-ci ildə istehsal olunan minalar Azərbaycanın Qarabağ ərasizinə daşınıb və orada basdırılıb. Bizim 350-yə yaxın vətəndaşımız həmin minalara görə şəhid olublar və yaralanıblar. Ona görə də hesab edirəm ki, Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilmədilər, səhlənkarlıq etdilər. Bundan sonra onları heç bir dövlət “sülhməramlı” sifəti ilə öz ərazisinə dəvət etməyəcək. Çünki Qarabağdakı fəaliyyətləri onların son dərəcə başıpozuq dəstə olduğunu sübut etdi”.
Ekspert qeyd edib ki, rus hərbçiləri Ağdamdakı birgə monitorinq mərkəzini də tərk edib:
“Əslində bu mərkəz ötən ilin sentyabrında bağlanmalı idi. Çünki artıq onların missiyası başa çatmışdı. Orada qardaş Türkiyənin də qalmasına ehtiyac yoxdur. Onsuz da Azərbaycan ərazisində ayrı-ayrı hərbi birləşmələrdə, ali hərbi məktəblərdə, Müdafiə Nazirliyində, daxili qoşunlarda və digər müvafiq qurumlarda qardaş Türkiyənin zabitləri var. Mərkəz də yəqin ki, demontaj olunacaq. Azərbaycan Müdafiə Nazirliyinin ordu birləşmələrindən biri həmin fəaliyyəti həyata keçirir”.
Xatirə SADİQ,
KONKRET.az