Rusiyanın Yekaterinburq şəhərinin Kirov Rayon Məhkəməsində 22 yaşlı Daniil Nurıyev barəsində cinayət işinə baxılmağa başlanıb. O, ictimai şəkildə ekstremist fəaliyyətə çağırış, vandalizm və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq maddələri ilə ittiham olunur.
KONKRET.az xəbər verir ki, istintaqın məlumatına görə, 2025-ci ilin yayında Nurıyev Yekaterinburqdakı binaların üzərinə qara boya ilə Azərbaycan dilində “Ruslara ölüm” məzmunlu 13 yazı çəkib. İddialara əsasən, o, yazıların tapşırığını və eskizlərini Başqırdıstandan olan Rişat Tokayevdən alıb. Tokayev isə göstərişləri Telegram-da “Kristina Korallova” adlı hesabdan kimliyi müəyyən edilməmiş şəxsdən əldə edib.
Prokurorluğun bildirdiyinə görə, yazılar çəkilən zaman Nurıyevə Qleb Repyev kömək edib və o, ətrafda vəziyyəti nəzarətdə saxlayıb.
Məhkəmədə Daniil Nurıyev ittihamları tam şəkildə etiraf edib. Proses zamanı hadisə ilə bağlı şahidlər — həyət işçisi Sergey Kuzminıx, təsadüfi şahid Dmitri Midryakov və “Vımpel-2” özəl mühafizə şirkətinin direktoru Timofey Krılov da dindirilib. Onların sözlərinə görə, yazılar həm binaların üzərində, həm də media yayımlarında görülüb.
Timofey Krılov bildirib ki, yazını “Google Translate” vasitəsilə tərcümə etdikdən sonra hadisəyə mənfi münasibət göstərib və vəziyyətdən narahat olduğu üçün polisə məlumat verib. O, qeyd edib ki, hadisə azərbaycanlı diaspor nümayəndələrinin saxlanılması fonunda baş verdiyi üçün xüsusi narahatlıq yaradıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
