Rusiya xarici işlər naziri Sergey Lavrovun “biz Suriya rəhbərliyinin iradəsinə zidd olmayacağıq” açıqlaması Moskvanın Suriya siyasətində yeni mərhələyə keçdiyini göstərir.
Bəs, bu Rusiya-Suriya münasibətlərində hansı diplomatik mesajı verir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Züriyyə Qarayeva bildirib ki, Lavrovun bu ifadəsi artıq sadəcə prinsipial mövqe deyil, Rusiyanın dəyişən reallığa uyğunlaşma mesajıdır:
Züriyyə Qarayeva
“Görünür Rusiya Suriyada hakimiyyət dəyişikliyini rəsmən qəbul edir və yeni rəhbərliklə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Lavrovun vurğuladığı “Suriya rəhbərliyinin iradəsi” anlayışı artıq Əhməd əş-Şaara hökumətinə şamil olunur. Bu isə Moskvanın çevik və praqmatik diplomatiyasını ön plana çıxarır, yəni Rusiya konkret şəxslərə yox, institusional legitimliyə istinad edir.”
Politoloqun sözlərinə görə, bu bəyanat həm də Qərbə və regional güclərə balanslı mesaj göndərir:
“Rusiya açıq şəkildə göstərir ki, Suriyada rejim dəyişikliyinə qarşı deyil. Çünki bu proses daxili siyasi mexanizmlər və xalqın iradəsi ilə baş verib. Bu, Qərbin “rejim dəyişikliyinə dəstək” ritorikasına qarşı daha yumşaq, amma ağıllı cavabdır. Moskva yeni reallığı qəbul edir, lakin müdaxilə etmək istəmir.”
Qarayeva əlavə edib ki, Lavrovun açıqlaması Rusiya-Suriya münasibətlərinin davamlılığını da təsdiqləyir:
“Moskva yeni hökumətlə əməkdaşlığı davam etdirmək, hərbi və iqtisadi layihələrdə iştirakını qorumaq niyyətindədir. Bu, Rusiyanın bölgədəki strateji dayanıqlığını və təsir imkanlarını itirməməyə hesablanıb.”
Ekspertin fikrincə, nəticə etibarilə Lavrovun bəyanatı Rusiyanın Suriyada rejim dəyişikliyindən sonra legitimlik və adaptasiya xəttinə əsaslanan siyasət yürütməyə başladığını göstərir:
“Moskva yeni hökumətə qarşı neytral, amma ehtiyatlı dəstək mövqeyi tutur. Beləliklə, həm beynəlxalq hüquq çərçivəsində qalır, həm də bölgədə nüfuz balansını qoruyur. Bu, Rusiya diplomatiyasının tipik “münaqişədən kənarda qalaraq təsir saxlamaq” strategiyasının növbəti nümunəsidir.”
Müşviq Tofiqoğlu
KONKRET.az