Rusların Tatarıstandakı beyin mərkəzi HƏRƏKƏTƏ KEÇDİ – Türkiyə Orta Asiyadan gedəcək? – ANALİZbackend

Rusların Tatarıstandakı beyin mərkəzi HƏRƏKƏTƏ KEÇDİ - Türkiyə Orta Asiyadan gedəcək? - ANALİZ

“Türkiyənin Orta Asiyadakı fəaliyyəti müvəqqəti xarakter daşıyır. Dünya çoxqütblü olan kimi Ankara Avropa İttifaqında almanların təsiri altına düşəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Tatarıstanda yerləşən rus xarici kəşfiyyatına aid beyin mərkəzinin hazırladığı analitik materialda deyilir:

“Türkiyə Transqafqaz və Mərkəzi Asiyada inteqrasiya layihələrini getdikcə daha çox təşviq edir. Bununla bağlı Ankaranın Moskvanı vaxtilə ona məxsus olan ərazilərdən uzaqlaşdıracağına dair qorxular artır. Bəs Rusiya Türkiyəni rəqib kimi görməlidirmi? Kremlin türkdilli qonşularını ram etməyə gücü çatacaqmı?

Rus xarici kəşfiyyatına aid beyin mərkəzləri hesab edirlər ki, Ukraynadakı son hadisələrə qədər Rusiya ilə Türkiyə arasında münasibətlər artıq mürəkkəb idi. Bir tərəfdən, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq möhkəmlənirdi. Digər tərəfdən, Bəşər Əsədə görə iki ölkə arasında ciddi fikir ayrılıqları yaşanırdı. Keçmişdə Suriya Osmanlı İmperiyasının bir vilayəti idi. Və bir vaxtlar SSRİ-nin  bu ərəb respublikasında mövcudluğu türkləri narahat edirdi. Ümumiyyətlə, Ankaranın Moskva ilə rəqabətinin uzun tarixi mövcuddur. İki imperiyanın qarşıdurmasını kənara qoysaq, sovet dövründəki münasibətləri də gərgin hesab etmək olar. İkinci Dünya Müharibəsi illərində Moskva Ankaranın Alman İttifaqına qoşulub cənubdan Rusiyaya hücum edəcəyindən qorxurdu. Xoşbəxtlikdən bu baş vermədi. Yeri gəlmişkən, Karib böhranı da Türkiyəsiz ötüşmədi. ABŞ orada termonüvə raketlərini yerləşdirdi, SSRİ isə yalnız cavab tədbiri olaraq öz raketlərini Kubaya göndərdi. Türkiyə indi Soyuq Müharibə dövründə olduğundan daha müstəqildir. Beləliklə, o, öz bölgəsində manevrlər edir. Bu isə Rusiya ilə münasibətlərin yenidən kəskinləşməsinə yol açır. Biz (Rusiya –red) türklər üçün Akkuyu AES tikməyə, onlara qaz tədarükünü artırmağa davam edirik. Lakin Ankara bizə qarşı düşmənçilik edir. O, bizim hərbi müdafiə apardığımız Ukraynanı hər cür dəstəkləyir, Kiyevə bayraqtarlar və digər hərbi texnikalar satır. Görünür, türklər “taxıl sövdələşməsi” ilə bizə təzyiq göstərir. Qarabağda və Mərkəzi Asiyada bizim nüfuzumuz sarsıdılır. Ancaq eyni zamanda, Rusiya-Türkiyə taktiki ortaqlığına gətirib çıxaran qarşılıqlı maraq hazırda aktualdır. Baxmayaraq ki, bu yalnız müəyyən bir müddət üçün keçərli olacaq. Daha sonra yollarımız çox güman ki, ayrılacaq. Moskva regionun müstəqil siyasi və hərbi mərkəzinə çevriləcək, Ankara isə Almaniyanın başçılıq etdiyi Avropa Birliyinə üz tutacaq.

TÜRKİYƏNİN MƏRKƏZİ ASİYADA PERSPEKTİVLƏRİ QALMAYIB

Sözügedən beyin mərkəzinin analitikləri hesab edirlər ki, Sovet imperiyası dağılandan dərhal sonra SSRİ-nin türkdilli respublikalarına fəal şəkildə nüfuz etməyə başlanıldı. 1990-cı illərdə Türkiyə milli dövlətçiliyin qurulmasında Qazaxıstana fəal kömək etdi. Ankara Türküstandakı müsəlman ziyarətgahının bərpasında qardaş xalqa dəstək oldu, Qazaxıstanın keçmiş paytaxtında dəbdəbəli otel tikdi. Yeri gəlmişkən, Türkiyə indi də bu respublikanın iqtisadiyyatına sərmayə qoymağa davam edir. Ötən il Ankara Almatı Beynəlxalq Hava Limanının sahibi olub. Ancaq Türkiyənin Astanaya, eləcə də Orta Asiyanın digər paytaxtlarına təsiri azdır. Keçən il Türk Dövlətləri Təşkilatının İstanbulda keçirilən sammitində prezident Ərdoğan öz arzusunu bölüşdü: “Altı dövlət, bir millət”. Və aydındır ki, Türkiyə türk xalqlarının lideri rolunda olmağa çalışır. Lakin bu təşəbbüs əlaqəli ölkələr arasında dəstək görmür. Əslində, Mərkəzi Asiyanın region kimi birgə qərarlara böyük ehtiyacı var. Beş dövlətin ərazisində SSRİ-dən miras qalan vahid su-elektrik sistemi mövcuddur və o, birgə idarə olunmalıdır. Bu arada Mərkəzi Asiya ölkələri arasında sərhəd mübahisələri və digər ziddiyyətlər iqtisadi birliyə nail olmaq yolunda ciddi maneə kimi qalır. Aydın bir liderin olmaması beş paytaxtın müəyyən konsensusa nail olmasına əngəl yaradır. Və burada “böyük qardaş” rolunu hələ də Moskva oynayır. Rusiya bufer zonaya çevrilən Transqafqaz və postsovet respublikalarında münaqişələrdən yayındığı üçün Ankara özünü regional lider kimi fəal şəkildə təklif etməyə başladı. Amma nə qədər çalışsa da, bunun üçün kifayət qədər siyasi çəkisi yoxdur. Və hamı bunu görür. Qeyd etmək lazımdır ki, qazaxlar əslində “türkləşməkdən” yox, kimliklərini itirməkdən qorxurlar. Əslində ortaq türk yurdu qurmaq naminə region ölkələri çoxdan öz dillərini bütövləşdirə bilərdilər. Amma bu baş vermədi. Hətta bir-birinə çox yaxın olan qazax və qırğız dilləri də ortaqlaşmaq istəmədi. Maraqlıdır ki, postsovet türk xalqlarının nümayəndələri indi də bir-biri ilə rus dilində ünsiyyət qururlar. Baxmayaraq ki, rəsmi səviyyədə onlar getdikcə daha çox ingilis dilindən istifadə etməyə çalışırlar. Və nə olursa-olsun, keçmiş SSRİ ərazisindəki türk “qohumları” Ankaranı “böyük qardaş” kimi tanımırlar. Onlar ancaq Türkiyədən sərmayə gözləyirlər, boru kəmərlərinin çəkilməsi və sairə. Onlar üçün türk qardaşlığı iqtisadi əməkdaşlıqdan ibarətdir.

DÜNYANIN YENİ DÖNÜŞÜ

Dünya düzənindəki tektonik sürüşmələr sonda yeni qütblərin yaranmasına gətirib çıxaracaq. Çox güman ki, keçmiş region mərkəzlərinin gücləndirilməsi baş verəcək. Yeni qütblər öz təsirlərini valyuta, elm-təhsil, sənaye-texniki, ticarət və logistika zonalarında genişləndirəcək ki, bu da mümkün qədər əhatəli olmalıdır. Yeni dünyada əlbəttə ki, “qeyri-dövlət”, aralıq və bufer zonalardan ibarət boz zonalar qalacaq. Onların liderləri “çoxvektorlu” siyasət həyata keçirəcəklər. Amma ümumilikdə dünya böyük dövlətlərin təsir dairələrinə bölünəcək. Nüvə silahına və nəhəng resurslara malik Rusiyanın vaxtilə  Qızıl Ordanın, daha sonra isə SSRİ-nin tərkibində olan Avrasiya məkanlarının, ölkələrin və xalqların toplaşma mərkəzinə çevrilmək üçün hər cür şansı var. Çoxqütblü reallıqda Türkiyənin yerinin necə olacağını indidən güman etmək olar. Ankara təbii ki, bufer zonası, “qeyri-dövlət” olmayacaq. Amma müstəqil qütb də formalaşdıra bilməyəcək. Türkiyə prezidenti bunun fərqindədir və beynəlxalq vəziyyətdən yararlanaraq vaxtilə unudulan Avropa Birliyinə üzv olmaq üçün Almaniya ilə dialoqu bərpa edir. Çox güman ki, ilk mərhələdə Ərdoğan həm almanlarla, həm də amerikalılarla müttəfiqlik münasibətləri quraraq və “çoxvektorlu” siyasəti davam etdirəcək. Onların Britaniya ilə qarşılıqlı əlaqədə böyük təcrübələri var. Dünyanın nə dərəcədə dəyişəcəyini təsəvvür etmək hələ çətindir. Ehtimal edilir ki, tam yeni mərkəzlər yarana bilər. Türk xalqları və müsəlmanlar birləşə bilər. Və bu birliklərdə Türkiyənin liderə çevrilmək şansı olacaq. Odur ki, ən ağlasığmaz ittifaqlar mümkündür.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*