İranın sonuncu şahının oğlu, vəliəhd şahzadə Rza Pəhləvi Fransanın paytaxtı Parisdə çıxış edərək ölkədə rejim dəyişikliyinə çağırıb və Ali Lider Ayətullah Əli Xameneinin istefasını tələb edib.
KONKRET.az xəbər verir ki, şahzadə bildirib ki, yalnız nüvə proqramına zərbələr yetərli deyil, İranın gələcəyi üçün tam demokratik keçid vacibdir. O, artıq İran Silahlı Qüvvələri və güc strukturlarının xalqın tərəfinə keçmək istəyən üzvləri ilə əlaqə yaratmaq üçün xüsusi kommunikasiya kanalı yaratdığını açıqlayıb.
Pəhləvi həmçinin ölkənin gələcəyi üçün demokratiyaya keçidi nəzərdə tutan “keçid proqramı”nı təqdim etdiyini bildirib. Bu proqram çərçivəsində oppozisiya nümayəndələri, iş adamları və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə “birlik sammiti” keçiriləcək. Sammitin məqsədi siyasi islahatlar üzrə yol xəritəsi və ölkənin iqtisadi bərpa planını təsdiqləməkdir.
O əlavə edib ki, komandası yaxın günlərdə rejimin devrilməsindən sonrakı ilk 400 gün üçün fəaliyyət planını ictimaiyyətə təqdim edəcək.
Natiq Səlim,
KONKRET.az