Mehriban, gülərüz, şən və qəhrəman Həmzə… İllər keçsə də, unudulmaz şəhidimiz yaddaşlarda belə qalacaq. Şəhid Həmzə Adiyevin unudulmaz xatirəsi xalqımızın yaddaşında daim qalacaq. Nə qədər illər keçsə də, doğmalarının xatirələrində hələ də 20 yaşında olan qəhrəmanımız haqqında nə bilirik?
KONKRET.az xəbər verir ki, şəhid Həmzə Qardaşxan oğlu Adıyev 23 iyun 1974-cü ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olub.
Həmzə 1981-ci ildə doğulduğu Dondarlı kəndində məktəbə gedib, 1991-ci ildə doğma kəndindəki orta məktəbi bitirərək Neft və Kimya İnstitutunun Sumqayıt filialına qəbul olub. Orta məktəbdə oxuduğu illərdə Milli qəhrəman Əliyar Əliyevin müəllimliyi ilə idmanla məşğul olub və bir çox yarışlarda iştirak edib. Həmzə Adiyev respublıka birinciliyində 5 dəfə birinci, 4 dəfə ikinci yeri tutub.
1990-ci ildə Belarusda keçirilən güləş üzrə Ümumittifaq yarışında ən yüksək pilləyə qalxaraq, birinci dərəcəli diploma layiq görülüb.
1-ci Qarabağ müharibəsində oxuduğu ali məktəbdə təhsilini yarımçıq saxlıyaraq torpaqlarımızın müdafiəsinə qoşulub. Doğma Qubadlının sərhəd kəndlərinin qorunmasından başladığı döyüş yolu Qubadlı, Laçın və Zəngilanın sərhəd kəndlərinə qədər davam edib. O, dəfələrlə ermənilərin hücumlarının dəf edilməsi döyüşlərində fədakarlıqla vuruşub. 1992, 1993-cü illərdə Zəngilan, Cəbrayıl, Laçın və Ağdam rayonlarında gedən qanlı, qeyri-bərabər döyüşlərdə fəal iştirak edib, xeyli sayda ermənilərin hərbi texnikalarının, canlı qüvvələrini məhv edib. Son döyüşü 1994-cü ilin yanvar ayının 6-da Ağdamın Güllücə kəndində olub. Güllücə kəndi uğrunda gedən ağır döyüşdə Həmzə igidliklə vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Həmzə yeddi bacıdan sonra dünyaya gəlmişdi. Ailəsi ilə paralel qohum-əqrəbada, kənddə hər kəs onu sevir və ona xüsusi qayğı ilə yanaşırdı. Bu diqqət və qayğılarla böyüyən Həmzə ərköyün və nadinc böyümədi, əksinə mənəvi zənginliyi, yüksək əxlaqi dəyəri ilə, diqqətcil, qayğıkeş və mərdliyi ilə hamının sevimlisinə çevrildi.
Həmzə çox qısa, amma şərəfli ömür yaşadı…
Həmzə mənim yaxın qohumum idi. Ancaq eyni zamanda mən onunla həm də qonşu idim. Onunla bir məhlədə kecib uşaqlığımız, gəncliyimiz. Həmzənin döyüş yolundan çox yazılıb, çox danışılıb. Amma hər dəfə onun adı gələndə çox şey yazmaq istəyirəm, ürəyindən bulaq kimi süzülən söz suları ilə içimdəki yanğını söndürməklə ovunmağa çalışıram nədənsə.
Həmzə həddindən artıq şən, şən olduğu qədər də ciddi və istiqanlı idi, tez ünsüyyət qurmağı bacaran, böyük-kiçik yerini bilən, çox zarafatçıl, cəsur oğul idi. Tale elə gətirmişdi ki, Həmzə institutda Sumqayıtda qəbul olmuşdu. Ona görə də burada da tez,tez görüşüb söhbətləşərdik. 1993 -cü ilin sonları Həmzə qısa müddətli məzuniyyətə gəlmişdi. Sumqayıtda fəvvarələr deyilən yerdə görüşümüzü indiyə qədər xatırlayıram. Səhv etmirəmsə, üçüncü mikrorayonla ikinci mikrayonun kəsişməsində, məşhur Bilik mağazasının qabağında dayanın xeyli söhbətləşdik. Yadımdadır, əynində təzə kostyum var idi. Ümumiyyətlə, Həmzə olduqca səliqəli idi. Geyiminə çox həssas idi. Zarafatlaşdıq, dedim “Yenə nədir, təzə bəy kimi bəzənmisən?!”. Üzünə təbəssüm qondu. Cavabı indi də qulağımda səslənir: “1-2 günə döyüş bölgəsinə qayıdacağam. Birdən başıma bir iş gələr, qoy kostyumum təzə qalmasın”.
O həmyaşıdlarından çox fərqlənirdi. Elə ölümü ilə də şəhidlik zirvəsinə ucaldı, qanı ilə müqəddəs torpaqlarımızı yoğurdu. Şəhid ruhuna salam olsun, Həmzə. Şəhadətdəki yubileyin mübarək olsun!
Rövşən Murad