Separatçılar “içəridə” bir-birinin üzünə dirənirbackend

Separatçılar “içəridə” bir-birinin üzünə dirənir

“İndi separatçılar arasında müharibə dövründə törədilən cinayətlərin məsuliyyətinin kimin üzərinə atılması uğrunda mübarizə gedir”.

KONKRET.az xəbər verir ki, bu barədə Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

Hərbi ekspert özünü buraxmış qondarma rejimin keçmiş “prezident”i Araik Arutyunyanın 44 günlük müharibə dövründə Gəncə, Bərdə və Mingəçevirə atılan raketlərlə bağlı istintaq prosesi zamanı söylədiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, A. Arutyunyan ifadə verərkən bütün məsuliyyəti öz üzərindən ataraq əsas əmrlərin İrəvandan verildiyini bildirib və törətdiyi cinayət əməllərinin günahkarını Nikol Paşinyan olaraq göstərib.

E. Şıxəliyev də təsdiqləyib ki, A. Arutyunyan maksimum şəkildə istintaq prosesində çalışacaq ki, əmrlərin verilməsi barədə ona qarşı səslənən ittihamları özündən yayındırsın:

“Çünki qarşı tərəf, yəni onun opponenti yoxdur ki, o da sorğulamaya dəvət edilsin və bəzi məsələlərə aydınlıq gətirsin. Ona görə də Araik cinayət tərkibli hərəkətlərini üstlənməmək üçün bütün bunları Baş nazir Nikol Paşinyanın üzərinə atacaq.

Ümumiyyətlə, Qarabağda özünü buraxmış “müdafiə ordusu” Ermənistan Müdafiə Nazirliyinin I Ümumqoşun Ordusu sayılırdı və bu ordu tamamilə İrəvana bağlı idi. Yəni bu ordu həm hərbi-texniki təchizatına, həm də aldığı tapşırıqlara görə Ermənistanın tabeliyində olub. O vaxtı Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı separatçıları hansı əmrləri verirdilərsə, onlar bunu yerinə yetirirdilər”.

Polkovnik iddia edib ki, siyasi əmrlər, xüsusilə də Gəncəni, Bərdəni və Mingəçeviri vuran raketlərin əmri İrəvandan gəlməli idi ki, separatçılar bunu icra etsin:

“Odur ki, Araikin bütün bunları üstlənməməsinə səbəb reallığı İrəvana balı olmasına gətirib çıxarır. Lakin Ermənistan tərəfi bütün bunlardan yayınacaq, hətta Paşinyan da bunu istəməz, çünki bu hərəkətlərdə cinayət məsuliyyəti var. Separatçılar maksimum çalışacaqlar ki, hər şeyi üstlərindən atsınlar. Onlar “mən etməmişəm” deməklə cəzalarını yüngülləşdirmək istəyirlər. Lakin onların cinayət əməlləri tək raketlərin atılmasından ibarət deyil ki? Qarabağda olan müharibə, o cümlədən müharibədən öncə baş verənlər – cinayətlərin sayı o qədər böyükdür ki, birindən yayınsalar belə, o birindən azad olmaları mümkünsüzdür”.

“Onlar günahsız bir obraz yaratmaq istəyirlər, amma bu, onlara böyük ölçüdə kömək etməyəcək. Çünki bundan əvvəl də çox böyük faktlar var. Onların bir-birlərini günahlandırmaqla özlərinə bəraət qazanmaq istəyəcəklər. Lakin reallıq bundan ibarətdir ki, Araikdən başqa ifadə verəcək şəxslər də var ki, onlar bir-birilərinə qarşı da ifadə verə bilərlər. Qısacası, separatçılar haqq etdiklərini mütləq alacaqlar”, – deyə fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, yerli mediada Azərbaycanda həbsdə olan separatçıların bir-birilərinin ünvanına qarşılıqlı ittihamlar səsləndirdiklərinə dair iddialar yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*