“Seyidlər Həzrəti Peyğəmbərimizin (s.ə.s) və Qurani-Kərimdə haqqında ayələr nazil olan imamların nəslindən gələn şəxslərdir. Təsadüfi deyil ki, Azərbaycanda bir neçə imamın nəslindən olan imamzadələr dəfn olunub və onların məzarları ziyarətgaha çevrilib. Baxmayaraq ki, bu insanlar ərəb mənşəlidirlər, xalqımız onlara hər zaman böyük məhəbbət və ehtiram göstərib. Bu sevgi təkcə fərdi deyil, dövlət səviyyəsində də özünü büruzə verir”.
Bu fikirləri ilahiyyatçı Fazil Əhməd KONKRET.az-a açıqlamasında səsləndirib:
“Son on ildə pirlərin üzərində dövlət tərəfindən müxtəlif tikililər inşa olunub. Məsələn, Saatlı rayonundakı Pirsaat adlı seyid məzarının yerləşdiyi ərazidə dövlət tərəfindən məscid tikilib və hazırda insanların istifadəsindədir. Bu kimi misallar çoxdur və dövlətin öz dəyərlərinə biganə qalmadığını göstərir. Ən tanınmış ziyarətgah nümunələrindən biri də Şüvəlanda yerləşən xalq arasında “Ət ağa” kimi tanınan Mirmövsüm Ağa türbəsidir. Bu ziyarətgah da abadlaşdırılıb və insanların ziyarətinə açıqdır”.
“Qurani-Kərimdə “ağsaqqala hörmət edin” şəklində birbaşa əmr yoxdur. “Böyüklərə hörmət edin” ifadəsi də açıq şəkildə yer almayıb. Amma biz cəmiyyət olaraq ağsaqqala və böyüklərə hörmət edirik və bu, milli-mənəvi dəyərlərimizdə öz əksini tapır. Bunun üçün mütləq şəkildə Quran ayəsi olmalı deyil. Eyni yanaşma seyidlərə də aiddir. Doğrudur, Sovet İttifaqı dövründə bir çox seyid ailələrinin övladları içkiyə, qumara və başqa mənfi vərdişlərə qurşanıb. Bu hallar seyid nəslinə qarşı cəmiyyətdə müəyyən mənfi fikirlərin formalaşmasına səbəb olub. Lakin qeyd etmək lazımdır ki, Sovet dönəmindən əvvəl belə hallar seyid ailələrinin arasında demək olar ki, yox səviyyəsində idi”, – ilahiyyatçı vurğulayıb.
Onun sözlərinə görə, əslində nə İslam, nə də din xadimləri “bütün seyidlərə mütləq şəkildə hörmət olunmalıdır” deyə bir fikir irəli sürmür.
“Necə ki, hər bir ağsaqqal hörmətə layiq olmaya bilər. Eyni qaydada seyidlərin də arasında dələduz, falçılıqla məşğul olan şəxslər var. Amma biz ağsaqqallara hörmət etdiyimiz kimi, seyidlərə qarşı da oxşar yanaşma sərgiləməliyik”.
Aynurə İsmayıl
KONKRET.az