Sifariş şüşəli evdən deyil, içimdən gəlir, cənab Həsənov!backend

Sifariş şüşəli evdən deyil, içimdən gəlir, cənab Həsənov!

fadil Paşayev
Fadil Paşayev, baş redaktor

Mən bu yazını yazmaya da bilərdim. Çünki yazmaqla da heç nəyi dəyişən deyiləm. Onda bir şeyi dəyişməyəcəmsə, yazmağın nə faydası var? Rəhmətlik Heydər Əliyevin tarixə düşən bir sözü var idi: “Mövqeyinizi göstərin”. Düşünürəm ki, bu böyük şəxsiyyət haqlı idi. İstənilən insan nə qədər səbir eləsə də, ölkənin keçid dövrlərində hər kəs öz mövqeyini göstərməlidir. Yanaşmasını zamanın tələbi ilə deyil, əqidəsi ilə, düz bildiyi, ədalətin çərçivəsindən çıxmayan formada, etik və əxlaqi prinsipləri unutmadan çatdırmağı bacarmalıdır. Bəs bu mövqe nədir?

Əvvəla, xüsusi olaraq qeyd edim ki, ölkədə gedən islahatların fonunda, Azərbaycanın dövlət kimi daha da möhkəmləndirilməsi istiqamətində ciddi dəyişikliyin şahidi oluruq. Bu proses əlbəttə ki, hələ davam edəcək. Çünki islahatlar bir günün, bir ayın içində başa çatmır, siyasi liderin baxışlarına uyğun şəkildə zamanla gerçəkləşdirilir.

Bu baxımdan hesab edirəm ki, bu gerçəkliyi cəmiyyətə düzgün çatdırmağı bacarmayan, ideoloji alətlərdən səmərəli istifadə etməyən, dövlətin media siyasətini axsadan yüksək çinli məmurların iç üzünü açmağın da zamanı gəlib. Mövqeyimi göstərməyim də bu tələblərdən irəli gəlir. Amma təbii ki, ayrı-ayrı detalları qabartmaqla məsələnin mahiyyətini açmaq lazım olur. Odur ki, yazını oxuyan hörmətli oxucu düşünməsin ki, bəndəniz bütün bunları öz maraqları fonunda təqdim etmək istəyir. Əsla. Ölkədə medianı yönəldən yüksək çinli məmurlarla ayrı-ayrı vaxtlarda təmasda olduğumdan haqqım var deyəm ki, bu sahədə çox ədalətsizliklər hökm sürür.

Çünki illərdir ki, məni və mənim kimi neçə-neçə qələm sahibini dəfələrlə ümidsizliyə bu məmurların fəaliyyəti qapadıb. Məsələ burasındadır ki, həmkarlarım arasında layiqli fəxri ad alan jurnalistləri həmişə ürəkaçıqlığı ilə təbrik etmişəm. Amma 1996-cı ildən bu yana əməyi dəyərləndirilən jurnalistlər arasında layiqlilərin sayı getdikcə azalmağa, daha çox “arxalı”, adamı olan və işlədiyi media orqanında rəhbərə yaxın olanların sevincli günlərinin şahidi olurdum. Bəzən bunun fərqinə varmırdım. Çünki gələcəyə çox böyük ümidlərlə baxan gənc jurnalist kimi öz perspektivim haqqında düşünür, zaman-zaman isə təcrübəm artdıqca bu dövlətə, dövlətçiliyə dəryada bir damla qədər xidmət etmək düşüncələrim bütün varlığıma hakim kəsildiyindən ruhdan düşmürdüm. İşlədiyim kollektivlərdə peşə borcumu vicdanla, layiqincə yerinə yetirirdim. Mənim kimi çox gözə girməyən, özünü “dahi” adlandırmayan səmimi qələm dostlarım da var idi. İstər ulu öndər Heydər Əliyevin dövründə, istərsə də 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi dövründə tam qərəzsiz, ölkənin sosail-iqtisadi həyatında baş verən yeniliklər, mövcud problemlər və çıxış yolları haqqında saysız-hesabsız müsahibələri həvəslə alır, reportaj və köşə yazılarımda ümidli gələcəyin mənzərəsini yaradırdım. Çoxunun mənə irad tutduğu çatışmayan cəhətim isə bu idi: Özümü gözə soxmurdum, qalmaqal yaradacaq hadisə və mövzuların mərkəzində deyildim. Nə başıma kül qabı vurmurdular, nə qərəzli yazı və təhqir dolu məqaləyə görə döymürdülər. Nə də başqa skandallarda adım ismin altı halında hallanmırdı.

Başınızı ağrıtmayım deyə Azərbaycanın 23 illik media tarixini bir yazıda incələmək istəmirəm. Amma qələm sahibləri arasında kimin sədaqətli, kiminsə hansı yuvanın quşu olduğunu, kimin bu dövlətə, dövlətçiliyə radikallığını, amma nədənsə siyasi baxışlarının bir gecədə “sehirli çubuq”la dəyişdiyinin şahidi olurdum. Jurnalist var idi ki, döyülməklə günün qəhrəmanına çevrilir, “azad söz boğulur”, – deyə hayqıranlar “dəbə” minir, ölkənin adlı-sanlı “yazarı” hesab edilir, sonra Prezident Administrasiyasının şöbə müdirinin qayğısı ilə əhatə olunurdu. Mən isə bir jurnalist kimi öz əqidəmə sadiq qalmaqla bütün prosesləri izləyir, bunun nə ilə qurtaracağını gözləyirdim.

Bütün bunlara baxmayaraq fəaliyyətimdə həvəsdən düşmürdüm. Uzun müddət Azərbaycan televiziyasının Orta Asiya ölkələri üzrə büro rəhbəri işlədiyim dövrdə də televiziyamı bu ölkələrdə layiqincə təmsil edirdim. Bu müddətdə çox təkliflərim olurdu. İstəyirdim Orta Asiya ölkələrinin televiziyaları ilə əməkdaşlıq haqqında memorandum imzalansın. Azərbaycan mədəniyyəti, tarixi və incəsənəti ilə bağlı veriliş və sənədli filmlər bu ölkələrdə televiziyalar vasitəsilə işıqlandırılsın. Bu təşəbbüslərimi AzTV-nin keçmiş sədri Arif Alışanov əksər vaxtlarda qulaqardına vururdu. Onun başı əlbəttə ki, başqa şeylərə qarışmışdı. Ona görə də işçilərin hər hansı təşəbbüs və təklifi onun qulağında milçək vızıltısından başqa bir şey deyildi.

Məhz Əli Həsənovun himayəsi ilə Alışanovun dövründə layiq olmayan televiziya işçilərinin ad almağı da məni şoka salırdı. Məsələ burasında idi ki, sədrin köməkçisi, yaradıcılqdan xəbəri olmayan, ömründə bir cümlə yazmayan müavini ən yüksək fəxri ad alırdı.

Ev bölgüsü də o qədər ədalətsiz aparılırdı ki, bu, məndə şok effekti yaradır, nəyin baş verdiyini anlaya bilmirdim. Paralel olaraq başqa televiziya və redaksiyalarda katibələr, sürücülər və 3-5 illik təcrübəsi olanlara təntənəli şəkildə ad və mənzillər verilirdi. Bütün bunlar isə dediyim kimi Əli Həsənovun nəzarəti altında baş verirdi. Fikirləşirdim ki, axı bizim kimi qələm sahibləri nə etmişik ki, Əli Həsənovların, Arif Alışanovların, Vüqar Əliyevlərin laqeydliyinə, “soyuq savaş”ına tuş gəlmişik. Heç nə anlaya bilmirdim. Və bir gün bu suala cavab tapdım. Prezident İlham Əiyev çıxışlarının birində elə belə də deyirdi: “Köməkçilərim məni bəzən aldadır”. Bununla da ölkə başçısının köməyilə məni depressiyaya salan suala cavab tapmışdım.

Bəli, deməli, bu, dövlət siyasəti deyildi. Ölkə mediasında nikbinsizlik, ümidsizlik yaradan, ideoloji təxribatlar üçün zəmin formalaşdıran, köhnə təfəkkürlə media siyasətini davam etdirən, təbliğat və təşviqat, eləcə də maarifçilik işlərində kreativ üsullardan xəbərsiz olan bir qrupun fəaliyyətinin nəticəsi idi bu. Arxayınlaşdım. Fikirləşdim ki, yəqin dönüş yaranacaq. Bu məmurlar dövlətçilik fəaliyyətini usanmadan davam etdirən jurnalistləri dinləyəcək, onların problemləri ilə maraqlanacaq, öz görüş və tövsiyələri ilə bu qəbildən olanlara, o cümlədən mənə stimul verəcək. Odur ki, vaxtilə uzun müddət bir yerdə çalışdığım, hazırda isə Əli Həsənovun müavini Vüqar Əliyevlə görüşmək, məni düşündürən məsələləri müzakirə etmək, mediada mövcud problemlərin aradan qaldırılması üçün birgə müəyyən konsepsiya hazırlamaq və səmimi şəkildə özümün problemləri ilə bağlı düşüncələrimi onunla paylaşmaq istəyirdim. Amma Əli Həsənovun müavini zənglərimə yenə də cavab vermir, mesajlarım onun tərəfindən əhəmiyyətsiz şəkildə rədd edilirdi. Görünən o idi ki, bir sıra həmkarımın başına gələnlər məndən də yan keçmədi. Axı nə baş verirdi? Bu adamlara ki, Mkrtçyan və ya radikal hesab etdiyi hansısa bir siyasətçi zəng etmirdi?! Ayrıseçkilik nədən qaynaqlanırdı? Dövlətə arxa çevirən, Prezident və ailəsini təhqir edən və sonradan bağışlanılan hansı adamdan əskikliyimiz var idi? Biz ki öz əqidə və pinsiplərini pula, şöhrətə satanlardan deyilik! Başqa cavab tapa bilmirdim. İndi də tapmıram.

Axı PA-da yüksək vəzifə tutan, dövlətin media siyasətini və ideoloji prinsiplərini həyata keçirənlərin jurnalistlərlə görüşmək birbaşa vəzifə borcudur. Mən Azərbaycan Prezidentinin “hər bir məmur Azərbaycan xalqının qulluqçusudur” sözlərini Əli Həsənova, Vüqar Əliyevə niyə xatırlatmalıyam ki?! Bu məmurlar öz məsuliyyətlərini niyə dərk etmirlər?

Axı cəmiyyətdə hər kəsdə yüksək əhval-ruhiyyə yarada biləcək çox uğurlarımız var! Bəs belə olan halda belələri ölkəmizdə pozitiv cəhətlərin ifadə formasını niyə tapıb ortaya qoya bilmirlər? İdeoloji sahədə nəyin və necə təbliğ olunması tək Prezidentin üzərinə niyə atılmalıdır?

Xalq arasında dövlətə və onun başında duran Prezidentə rəğbət hissini effektiv şəkildə aşılamalı, xaricdən gələn təhdidləri zərərsizləşdirmək üçün SƏMİMİYYƏT hissi ilə çalışmalı olduğu halda onlar niyə intriqalara belə meyllidirlər? Göründüyü kimi suallar çoxdur və onun cavabları ayrı-ayrılıqda böyük mövzulardır. Bu gün mediadakı çatışmazlıqlar qaragüruhun yaranmasına rəvac verir, ölkədə istənilən mövzuya aqressiyanı artırır. Proses hələ də davam edir. Hesab edirəm ki, bu dövləti, bu Vətəni canından artıq sevən digər qələm sahibləri də öz sözünü deməkdən çəkinməməlidir.

Mövqeyiniz olsun!

P.S. Yazıdakı hər qənaətim illərlə gözümün qabağında baş verən detallı epizodlardan doğub. Gələn yazılarımda ayrı-ayrı məqamları cəmiyyətə çatdıracağam.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*