SON DƏQİQƏ: Ermənistanın sərhəd kəndlərində əhali xof içində – Azərbaycana müraciət edərlərsə…backend

SON DƏQİQƏ: Ermənistanın sərhəd kəndlərində əhali xof içində - Azərbaycana müraciət edərlərsə...

Zahid Oruc: “Qarabağa gələn qaz xəttinin, o cümlədən su təminatının, gələcək dövrlərdə pensiya təminatının Azərbaycan tərəfindən gerçəkləşdirilməsi uzunmüddətli dövrdə orada yaşayan ermənilərin də bizim konstitusiyamıza və ərazi bütövlüyümüzə münasibətini dəyişdirmiş olacaq”.

Ermənistanın Azərbaycanla sərhəd kəndlərinin erməni əhalisi qorxu, xof, vahimə içindədirlər. AzadlıqRadiosunun erməni redaksiyasının erməni kəndlərindən hazırladığı reportajlarda bunu sakinlər özləri etiraf edirlər. Azərbaycan hərbçiləri indiyədək heç bir erməni dinc sakinə xətər yetirməyib, onlara toxunmayıb. Amma sərhəd kəndlərindəki erməni əhali qorxu içindədir. Onlar mətbuata danışarkən gecə paltarlı yatdıqlarını deyirlər.

Bu proses nə vəd edir? Ermənilər kütləvi şəkildə Azərbaycandan sığınacaq istəyə bilərmi? Çünki başlarının üstündə qorxu, gözlərinin önündə rifah var. İkincini seçəcəklərinə şübhə yoxdur. Bəs sərhəddə yaşayan ermənilər Azərbaycandan kömək istəsələr, bizim buna cavabımız nə olar?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirdi ki, Ermənistan hakimiyyəti hər nə qədər xalq tərəfindən seçilsə də, Qarabağ məsələsində sadə xalqla hökumət arasında fikir ayrılığı var:

“Ermənistanın bugünkü hakimiyyəti inqilab nəticəsində formalaşıb və əvvəlki prezidentlər Köçəryan və Sərkisyan kimi siyasət yürütmür. Onların üslubundan və taktikasından fərqli davranışları ortaya qoymağa çalışır. Bunu Paşinyana antipatiya duyan müxaliflər daha çox qabardırlar ki, o, birinci Qarabağ müharibəsində Azərbaycana qarşı hər hansı cinayət törətməyib və bu prosesdən keçməmiş bir adamdır. Hətta onun əsgərlikdə olmamasını nəzərə alaraq, ali baş komandanlığını da şübhə altına alırlar. Bu mənada Ermənistan Azərbaycandan fərqli bir durumdadır. Bununla bərabər, Paşinyan, hər nə qədər inqilab yolu ilə hakimiyyətə gəlsə də, Qarabağ məsələsində xalqla hakimiyyətin düşüncələri arasında xeyli fərqlər var. Statusu davaları da, məlum böyük mifik ideyalar da əksər hallarda bir qrup ”hərbi -siyasi elitaya”, gerçəkdə isə xalqı istismar edən dairələrə lazımdır”.

Z.Orucun sözlərinə görə, ötən gündən etibarən Ermənistanın küçələrində böyük anım mərasimləri başlayıb və bu gün də bu mərasimlər davam edir: “Onlara bu savaşda məğlub olduqlarına, itirdiklərinə gözyaşı axıtmağı, ehtiram göstərməyi kimsə qadağan edə bilməz. Lakin həmin hərəkatın önünə çıxan insanlara diqqət yetirmək lazımdır. Yenə də Köçəryan, Ohanyan və digərləridir. Onların etmək istədikləri yenidən xalqının qəlbinə yol tapmaq və yenidən onların kədərindən siyasi mənafeləri üçün istifadə etməkdir. Açıq-aşkar bunlar görünməkdədir, ancaq əslində Sərkisyan və Köçəryan hakimiyyəti də bir neçə dəfə o xalqın faciəsinə səbəb oldu”.

Deputat vurğuladı ki, onların qorxusu Azərbaycan tərəfinin davranışlarına, hərəkətlərinə bağlı deyil: “Nəzərə almalıyıq ki, bu günə qədər, yəni 30 il ərzində Kəlbəcərdən Zəngilana qədər 600 kilometrlik bir məsafədə Ermənistan kəndliləri qarşılarında hər hansı hərbi qüvvə görmürdülər. Ona görə də Şurnuxu kəndində 12 ev uğrunda mübarizə gedəndə belə onlar bunu anlamaq istəmirdilər. Anlaya bilmirdilər ki, hər ev uğrunda müharibə getməsi necə ola bilər. Onlar artıq bu yerləri özlərininki kimi qəbul etməyə başlamışdılar. Amma indi təsərrüfat qayğılarından, su ehtiyaclarının və digər bütün bu məsələlərin hamısından şikayət edirlər. Qeyd olunan kimi, ajiotaj yaratmaqla, ilk növbədə həmin qorxunu hakimiyyət orqanlarına ötürürlər. Qarşılarında isə dayanıqlı bir idarəedici qüvvə görmədiklərindən paytaxta üz tuturlar. Orada da ermənilərin dayanıqlı bir gələcək quracaqlarına dair heç bir zəmanət yoxdur. Çünki Azərbaycanla konfliktin Ermənistana çox böyük zərbə vurduğu ortadadır. İqtisadi- sosial problemlərin böyük əksəriyyəti məhz Azərbaycanla münasibətlərdə Ermənistanın tutduğu mövqe ilə əlaqəlidir”.

Z.Oruc vurğuladı ki, Azərbaycanla yaxşı münasibətlər dövründə ermənilər indikindən fərqli olaraq, həm iqtisadi, həm də demoqrafik baxımdan artıma nail olublar:

“Son 300 illik dövrü tarixi xronika üzrə, elmi mənbələr əsasında izləyərkən, onun şahidi oluruq ki, erməni xalqının həmişə onları qırğınlara verən liderləri olub. Onlar bu gün nəticə çıxarmasalar, iqtisadi cəhətdən çox acınacaqlı vəziyyətə düşəcəklər. Azərbaycanla yaxşı münasibətlər, Türkiyə ilə əlaqələr ermənilərin müxtəlif coğrafiyalara üz tutmasının qarşısını ala bilər. Onlar dövlət qurmaq istədiklərindən danışırlar, ancaq Ermənistanın müstəqilliyinə nail olduqdan sonra başlarını götürüb çıxıb getdilər. İndi dünyada daha çox erməni var, nəinki Ermənistanda. Bu savaşdakı məğlubiyyəti də onlar bu amillə bağlayırlar”.

Ermənilər sosial rifahını təmin etmək üçün Azərbaycana müraciət etsələr bizim davranışlarımız nə olacaq, sualına cavab verən deputat vurğuladı ki, bizim ölkəmiz ilk növbədə Ermənistandan hazırkı şərtlər daxilində müharibənin nəticələrinin tanınmasını, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə münasibətin beynəlxalq qanunlar çərçivəsində olmasını tələb edəcək: “İki ölkə arasında danışıqlar və bütün başqa xarakterli addımlar ancaq bundan sonra mümkün ola bilər. İkinci məsələ Qarabağa gələn qaz xəttinin, o cümlədən su təminatının, gələcək dövrlərdə pensiya təminatının Azərbaycan tərəfindən gerçəkləşdirilməsi uzunmüddətli dövrdə orada yaşayan ermənilərin də bizim konstitusiyamıza və ərazi bütövlüyümüzə münasibətini dəyişdirmiş olacaq, Şübhəsiz ki, biz Qarabağa keçib gələn yük maşınları ilə bağlı doğru, düzgün, hamı tərəfindən alqışlanan addımlar atdıq. Yaxın gələcəkdə Ermənistandan gələn qaz xəttinin və digər xətlərin də dayandırılmasını tələb edəcəyik və Azərbaycan Qarabağdakı ermənilərlə bağlı birbaşa 10 noyabr razılaşmasının tərkib hissəsi olaraq, birgəyaşayış istiqamətində işlər görəcək. Amma bu prosesin Ermənistanla əlaqələr çərçivəsinə keçməsinə, siyasi şərtlər ödənmədən, Zəngəzur dəhlizi açılmadan, Türkiyəyə qarşı ərazi iddiaları ortadan qalxmadan, Azərbaycanın tərkib hissəsi olaraq Qarabağ tanınmadan mümkünlüyü sual altındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*