Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və digər şəxslərin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələri ilə bağlı məlumat yayıb. Məlumatda həmçinin bildirilir ki, Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb. Maraqlıdır, bu ittihamlarla adıçəkilən şəxsləri hansı cəza gözləyə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, söhbət xüsusilə ağır cinayətdən gedir:
“İttiham dövlətə xəyanət və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş əməllərlə bağlıdırsa, bu, xüsusilə ağır cinayət hesab olunur. Belə hallarda 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Hüquqşünas qeyd edib ki, qanunvericiliyə əsasən 65 yaşdan yuxarı kişilərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilmir:
“Ramiz Mehdiyevin yaşı 65-dən yuxarı olduğu üçün ona ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilməz. Lakin digər təqsirləndirilən şəxslərə, o cümlədən yaşı uyğun olanlara bu cəza növü tətbiq oluna bilər”.
Ekspert əlavə edib ki, yekun qərar istintaqın nəticələri və məhkəmənin hökmündən asılı olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az

