Son vaxtlar Putini ən çox qıcıqlandıran region Orta Asiya ölkələridir – DETALLARbackend

Son vaxtlar Putini ən çox qıcıqlandıran region Orta Asiya ölkələridir - DETALLAR

Bir sıra rusiyalı jurnalistlər, təbliğatçılar və politoloqlar Orta Asiya ölkələrinin Ukraynaya humanitar yardım göstərməsinə diqqət çəkir və bu faktların Rusiya ictimai-siyasi məkanında getdikcə daha çox dilə gətirilməsinə çalışır.

KONKRET.az xəbər verir ki, Ukraynadakı silahlı münaqişə əvvəlki beynəlxalq təhlükəsizlik və diplomatiya sisteminin dağılmasına gətirib çıxarıb və Mərkəzi Asiya ölkələri bu böhranı müxtəlif yollarla yaşayır. Belə ki, rəsmi olaraq Özbəkistan, Türkmənistan və Qırğızıstanın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı hələ də rəsmi şəkildə hər hansı konkret mövqe bildirməməsinə baxmayaraq, bu ölkələrin rəsmi hakimiyyət orqanları rəsmi Kiyevə fəal humanitar yardım göstərirlər ki, bu da açıq şəkildə Rusiya tərəfini qıcıqlandırır.

Belə ki, 2023-cü il avqustun sonunda məlum olub ki, Ukrayna Özbəkistandakı qeyri-kommersiya təşkilatları və biznes nümayəndələri tərəfindən yığılmış 10,5 ton ağırlığında humanitar yük alıb. Ehtiyacı olanlara ümumilikdə 21 min ABŞ dolları dəyərində qış, idman, qadın və uşaq ayaqqabıları, uşaqlar üçün trikotaj məmulatları göndərilib. 4 min dollar dəyərində tibbi şprislər, tibbi pambıq yun və infuziya sistemləri də hədiyyə edilib. Eyni zamanda, Özbəkistan daha əvvəl 2022-ci ilin aprelində və 2022-ci ilin iyununda Ukraynaya analoji humanitar yardım göndərmişdi.

Bu ilin avqustunda isə 45 uşaqdan ibarət qrup dincəlmək və reabilitasiya üçün Ukraynadan Özbəkistana gəlmişdi. Bu səfər isə ABŞ-ın təşəbbüsü ilə baş tutub.

Eynilə, 2023-cü il martın əvvəlində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Ukrayna tərəfinə dərman və tibbi ləvazimatlar, tekstil məmulatları, eləcə də ərzaq məhsulları göndərib.

Qırğızıstanda Ukraynaya göndərilən humanitar yardımın toplanması yorğan, yataq çantaları, uşaq bezləri, qidalar toplayan vətəndaş fəalları və ictimai təşkilatlar tərəfindən təşkil edilib. Ukraynaya göndərilən humanitar yardımın ilk partiyasından sonra bir çox aktivistlər də bu hərəkata qoşulub. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin nümayəndələrindən təhdidlərə baxmayaraq, humanitar yardımlar davam edib.

Qeyd edək ki, Rusiya indiyədək Ukraynaya humanitar yardım göndərən ölkələrə qarşı heç bir tədbir görməyib. Lakin son vaxtlar Kremlin təbliğat maşınının işləməsini təmin edən bir sıra rusiyalı propaqandaçılar rəsmi Moskvanı Orta Asiyanı Rusiyadan daha da asılı vəziyyətə salmağa çağırıb. Onlar ölkəsinin istənilən rıçaqlardan istifadə etməklə Özbəkistan, Türkmənistan və Qırğızıstana təzyiqi artırmaqda maraqlı olduqlarını göstərirlər.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*