“Cənab Prezident tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində sosial müavinətlər, təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılmışdı”.
KONKRET.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, həmin müddət artıq mart ayının ikinci yarısı başa çatıb:
“Sosial paketin növbəti elementi sosial müavinətlərin və təqaüdlərin artırılmasının nəzərdə tutulmasıdır. Sosial paket bütövlükdə 3 milyon vətəndaşımızı əhatə edəcək. Bu istiqamətə əlavə olaraq 1,6 milyard manat vəsait ayırlacaq. Bu baxımdan, sosial paketin hər bir elementinin ayrı-ayrılıqda fiskal qiymətləndirilməsi həyata keçirilir, daha sonra bu istiqamətdə qərarlar verilir. 23 dekabr tarixli sərəncamda məhz sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Gözləntimiz ondan ibarətdir ki, bu istiqamətdə maliyyə qiymətləndirilməsi başa çatdıqdan sonra sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı qərarın verilməsi mümkün olacaq”.