Soyuq sinif, odun sobası, yanacaq… – Lerikin ucqar kənd məktəbində acınacaqlı VƏZİYYƏT – FOTOLARbackend

Soyuq sinif, odun sobası, yanacaq... – Lerikin ucqar kənd məktəbində acınacaqlı VƏZİYYƏT - FOTOLAR

İndi payızdır. Lakin Lerikin Monidigah kəndinə qış çoxdan gəlib. Qış, ucqar dağ kəndinə fəsil olaraq deyil, həm də problemləri ilə daxil olub. 

Monidigah kənd orta məktəbinin şagirdləri indidən başlarına papaq, əyinlərinə qalın jilet geyinməyə məcburdur. Ancaq onlar bu qəzalı məktəbdə daha çox kitab açmağa, qələm tutmağa həvəsli olmalı idilər. Reallıq isə başqa şeyi deyir.

 

Şagirdlər dərsə yox, qışa hazırlaşırlar

Bu məktəbdə vəziyyət olduqca acınacaqlıdır. Artıq şagirdləri dərsdən daha çox soyuq sinif, odun sobasının nə zaman işə düşəcəyi düşündürür. Halbuki, onlar cəmi bir neçə metr aralıqda modul tipli məktəbə köçə bilərlər.

Yanmayan sobada “yanan” təhsil

Prezident İlham Əliyevin tapşırığına əsasən, qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəz edilməlidir. Lakin Lerikin Monidigah kəndində modul tipli məktəbi tenderdə qalib gələn PDL şirkəti tikməyə başlasa da, öz işini sona qədər çatdırmayıb. Adıçəkilən şirkət tərəfindən işlər 2018-ci ilin avqustunda başlanılmalı, bu ilin analoji dövründə bitməli idi. Başqa sözlə, şagirdlər builki tədris ilinə yeni modul tipli məktəbdə start verməli idi.

Lakin görünən budur ki, PDL şirkəti məktəbi təhvil verməməklə öz işinə laqeyd yanaşıb. Dolayısı ilə Prezidentin tapşırığına məhəl qoyulmayıb. Modul tipli 96 nəfərlik məktəb binasının işə salınmalı olduğu halda, hələlik kənd məktəbi ora köçə bilmir. Beləcə, 63 şagird öz təhsilini qəzalı məktəbdə davam etdirir.

Məsafə yaxın, yeni məktəb uzaq

Məktəbdən şirkətə dəfələrlə müraciət olunsa da, onların səslərinə səs verən tapılmır. Nəticədə bütün bunlardan şagirdlər və müəllim heyəti əziyyət çəkir. Əslində, iş görülüb, sadəcə məktəbin ətrafında son tamamlama işləri aparılmalı və təhsil ocağı təhvil verilməlidir. PDL şirkətinin məsuliyyətsizliyi onlarla şagirdin rahat təhsil almasına maneə törədir. Bu şagirdlər gələcəyin həkimi, müəllimi və digər peşə sahibi olmağa layiqdir. Ancaq onlara layiq olanı hələlik verə bilmirik.

Qeyd edək ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun şəkildə rahatlıqla azaldılıb-artırılmasıdır.

Monidigah kəndində istifadəyə verilməyən modul tipli məktəb 

Belə məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən, tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır.

Bir çox ölkələrdə iqtisadi baxımdan daha səmərəli, yüksək keyfiyyətli və sənaye üsulu ilə hazırlanan modul tipli məktəblərdən istifadə olunur. Belə məktəblərin daxilində və xaricində istifadə olunan materiallarda insan sağlamlığı üçün heç bir ziyanlı maddə yoxdur, yanğına, sukeçirməyə, nəmlənməyə, çürüməyə, isti və soyuğa qarşı daha dayanaqlıdır. İnşaat işləri əsaslı tikintiyə nisbətən kiçik maliyyə vəsaiti tələb edir.

Dövlət başçısının tapşırığına əsasən, modul tipli məktəblərin ucqar kəndlərdə inşa olunması xüsusi əhəmiyyət kəsb edir. Lerikin Monidigah kəndində nəzərdə tutulmuş modul tipli məktəb də məhz bu qəbildəndir.

Ümid edirik ki, bu reportajdan sonra aidiyyatı qurumlar işə keçəcək, cavabdeh şirkət öz işini başa çatdıracaq və yekunda əziz balalarımız yeni məktəbə ən qısa vaxtda qədəm qoya biləcək.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*