Stalinə, Frankoya və Hitlerə işləyən ingilis casus – Kim idi Filbi?backend

Stalinə, Frankoya və Hitlerə işləyən ingilis casus - Kim idi Filbi?

Antikommunist şöbəyə rəhbərlik edən qoşa ordenli kommunistin son dayanacaq yeri Moskva olub

Casusluq həmişə təhlükəli olmaqla yanaşı, mənfəətli peşə olub. Yəqin ki, casusları hər dəqiqəsi ölüm riski demək olan bu işə cəlb edən başlıca səbəb böyük pullar, komfortlu həyatdır. Az bir qism üçün casusluğun romantikası cəlbedici ola bilər, amma bütün ağıllı casuslar yaxşı biliblər ki, nəyi satacaqlar, nə əldə edəcəklər, nə qədər qazancaqlar.

Amma elə casuslar da var ki, onlar bu işə sırf ideoloji səbəbdən qol qoyublar. Düzdür, öz dövlətinin sirrini casusluq etdiyi ölkəyə satan elə pulgir avantüristlər də olub ki, sonradan özləri üçün dissidentlik nağılları (guya ki, pis quruluşlu, amansız rejimli dövlətə bilərəkdən zərər vurmaq, onu çökdürmək istəyiblər) uydurublar. Kim Filbi isə elə casuslardan olmayıb. O, gəncliyindən kommunist olduğu və kommunizm ideyasının dünyada hakim olmasını arzuladığı üçün könüllü şəkildə SSRİ-nin xeyrinə casusluq edib, ancaq dolanışığı, həyat şəraiti də pis olmayıb.

Kim Filbi (tam adı Harold Adrian Rassel Filbi) 1912-ci ildə İnfiltərənin müstəmləkəsi olan Hindistanın Ambala şəhərində doğulub. Onun atası Harri Sen-Con Filbi hökumət adamı olub, sonradan ərəbşünas kimi məşhurlaşıb və ərəblərə necə rəğbət bəsləyibsə, dinini dəyişib müsəlmana çevrilib.

Gələcək casus 1925-ci ildə Vestminstr məktəbinə daxil olub, 1929-cu ildə Kembricdə, Triniti kollecində oxumağa başlayıb.

Maraqlıdır ki, ölkəsinin ən prestijli və bahalı məktəblərində təhsil almağa pulu çatan, imkanlı ailənin uşağı olan Kim 17 yaşında özünü proletar balası kimi aparıb və Kembric uiniversitetindəki sosialist cəmiyyətinə qoşulub.

1931-ci ildə leyboristlər (zəhmətkeşlər) hökumətinin məğlubiyyətindən sonra gənc Kim daha qızğın sosialist olub, 32-ci ildə universitetdəki sosialistlərə xəzinədarlıq edib.

1933-cü  ildə Kim Filbi Kembric universitetini bitirəndə artıq əqidəli kommunist idi. İqtisadçı diplomu alan Filbi Vyanaya gedib və orada sovet dövlətinin agenti olub.

Həmin ilin fevralında, o, Litsi Kolman adlı qızla evlənib, mayda Avstriyada sosialist hərəkatının məğlubiyyətindən sonra arvadıyla birlikdə İngiltərəyə qayıdıb. Daha sonra o, jurnalistlik fəaliyyətinə başlayıb, bir neçə qəzetdə redaktor olub. Bu qəzetlərdən biri açıq şəkildə Hitlerpərəst mövqe tutur və faşist fondlarından maliyyələşirmiş. Öz kommunist keçmişini pərdələyən Filbi tez-tez XİN-in və Təbliğat Nazirliyinin əməkdaşları ilə danışıqlar aparmaq Berlinə səfər edib.

1937-ci ildə o, İspaniyada gedən vətəndaş müharibəsini Franko tərəfdə işıqlandırmaq üçün bu ölkəyə yollanıb. Həmin ilin iyulunda “Tayms”ın müxbiri olub.

1938-ci ildə şəxsən general Franko tərəfindən “Hərbi xidmətlərə görə qırmızı xaç”la təltif edilib.

1939-cu ildə İspaniyadan gedib və ingilis ordusunun Arrasda yerləşən mənzil-qərargahında “Tayms”ın hərbi müxbir təyin olunub.

1940-cı ildə ingilis hərbi hissələrinin materikdən təxliyə edilməsi zamanı Filbi İngiltərəyə qayıdıb. Həmin il o, tələbəlik dostu Qay Bercesin köməyi ilə ingilis kəşfiyyatının “D” bölməsində işə düzəlib. Az sonra Londondakı xüsusi əməliyyatlar bölməsinə keçirilib, sabotaj texnikası və diversiya işləri üzrə təlim keçirilən məktəbin müəllimləri sırasına daxil olub.

1941-ci ildə İngiltərə kəşfiyyatının İspaniya və Portuqaliyadakı əməliyyatları üzrə məsul olan 5-ci bölməyə keçirilib.

1942-ci ildə ikinci dəfə Aylin Furs adlı qadınla ailə qurub. Həmin vaxt Filbinin məsuliyyət sferası genişlənib, Şimali Afrikada və İtaliyada kəşfiyyat işlərinə də baxıb.

1944-cü ildə Filbi məqsədi antikommunist və antisovet işləri aparmaq olan 9-cu bölməyə rəhbər təyin edilib. Necə deyərlər, qazdan ayıq ingilislər qoyunu qurda tapşırıblar, antkommunist işi aparmağı kommunistə həvalə ediblər.

1946-cı ildə o, “səhra” təyinatı alıb, rəsmi olaraq Britaniyanın Türkiyədəki səfirliyinin birinci katibi olsa da, qeyri-rəsmi olaraq, ingilis kəşfiyyatının Türkiyə şöbəsinin rəhbəri olub.

1949-cu ildə Filbi Vaşinqtonda MKİ və FTB ilə əlaqələr üzrə ali zabiti olub, Albaniyada Ənvər Xoca rejiminin devrilməsi üçün antikommunist agentlərin göndərilməsi üzrə ingilis-amerikan əməliyyatını həyata keçirən xüsusi komitənin işində iştirak edib və həmin əməliyyat iflasa uğrayıb.

1950-ci ildə Filbinin gənclik dostu Qay Berces İngiltərə səfirliyinin ikinci katibi olaraq Vaşinqtona gəlib və Filbi ona onun evində qalmağı təklif edib.

1951-ci ildə Kim Filbi ingilis diplomatı, sovet agenti Donald Maklinin həbsinə hazırlıq getdiyi barədə məlumat əldə edib. Səfir Frank tərəfindən vəzifəsindən azad olunan Berces İngiltərəyə qayıdıb və orada Donald Maklinlə birlikdə Rusiyaya qaçıb. Filbi Londona çağrılıb və ona istefaya çıxmağı təklif ediblər.

1952-ci ildə məşhur “Gizli proses” adlı cinayıt iş başlanıb, Filbi bir neçə dəfə istintaqa cəlb olunub. İcmalar palatası Filbi haqqında sorğu verib, ancaq xarici işlər naziri Harold Makmillian bəyan edib ki, hökumətdə Filbinin Böyük Britaniyanın maraqlarını satmış olduğu barədə hər hansı bir dəlil-sübut yoxdur. Bununla belə, o, Berceslə əlaqələrinə görə XİN-dən uzaqlaşdırılıb.

1956-cı ildə Filbi “Observer” və “Ekonomist” qəzetlərinin müxbiri kimi Beyruta gedib.

1957-ci ildə onun ikinci arvadı vəfat edib və Filbi bir ildən sonra Eleonora Bryuer adlı qadınla evlənib.

1962-ci ildə Corc Bley adlı casus həbs edildikdən sonra Filbi sovet agenti kimi ifşa olunub.

1963-cü ilin yanvar ayının 23-də Filbi Beyrutdan yoxa çıxıb. SSRİ tərəfi bəyan edib ki, o, Moskvada siyasi sığınacaq alıb. Martın 3-də Eleonora Filbiyə Qahirədən, ərindən teleqram gəlib. İyunun 3-də “İzvestiya” xəbər verib ki, Filbi Yəməndədir. İylun 1-də İngiltərə hökuməti aydınlaşdırıb ki, Filbi 1946-cı ildən sovet casusu olub və Berces-Maklin işindəki “üçüncü” şəxs məhz o olub.

1965-ci ildə Filbi SSRİ-də “Qırmızı bayraq” ordeni ilə təltif edilib.

Kim Filbi uzun illər SSRİ-də paytaxt Moskvanın mərkəzində yaşayıb və 1988-ci ildə vəfat edib.

Onun üçüncü arvadı Eleonora Bryuer (Filbi) əri Kim Filbinin haqqında “Mənim sevdiyim casus” adlı kitab yazıb. Aşağıda həmin kitabın maraqlı hissələrini oxuculara təqdim edirik.

  1. Moskvada

Dörd saatdan sonra xəz türbanda, qara eynəkdə və dəvə yunundan hazırlanmış isti paltoda Rusiyaya eniş etdim. Bu nəhəng ölkənin hansı guşəsində olduğuna dair zərrə qədər təsəvvürüm yox idi və və bilmirdim ki, başıma nə gələcək. Gecəydi. Birdən təyyarənin trapının yarısında ikən Kimin səsini eşitdim: “Eleonora, bu sənsən?”

Biz böyük qara maşına mindik, maşın bizi qaranlığa doğru apararkən o, mənim əlimdən tutmuşdu. Mən bu adamı, bu rus casusunu sevirdim və ondan ötrü hər şeyimi, bütün inandıqlarımı tərk etmişdim.

Kim arıqlamışdı, qocalmışdı və mən onu güclə tanıdım. Əvvəllər onu heç vaxt şlyapada görməmişdim. Bu tünd-mavi şlyapa Qay Bercesə məxsus idi, bir ay əvvəl onun gözlənilməz ölümündən sonra bütün qarderobu Kimə qalmışdı. Onun libaslarının içində xəz yaxalıqlı bahalı qış paltosu da vardı. O, şlyapanı sırf sentmental hisslərə görə başına qoyurdu. Sürücü ilə yanaşı maşının ön oturacağında qırxbeş yaşlı bir kişi də əyləşmişdi – o, mənim tanış olduğum ilk ruslardan biriydi.

Bəlkə də, o, dünyada yeganə adam idi ki, Kimin əvvəldən-axıra nə ilə məşğul olduğunu bilirdi. Mən onu sadəcə Sergey kimi tanıyırdım, ancaq tezliklə məlum oldu ki, o, mürəkkəb sovet kəşfiyyatı sistemində Kimin əsas əlaqəçisi olub. Sergey bizə tez-tez qonaq gəlirdi, müxtəlif problemlərin həllində və Rusiyanın naməlum dünyasına uyğunlaşmaqda kömək edirdi. O, çox cazibədar, xeyirxah, parlaq gözləri və əla yumor hissi olan bir adam idi. Sergey ingilscə sürətli, ancaq zəif hiss olunan aksentlə danışırdı.

Zaman keçdikcə mən ona alışdım, o isə mənə həmişə köhnə dəbli diqqətcilliklə anaşırdı. Hərdn mənə gül çələngi gətirirdi, qış vaxt bu çələng xeyli pula başa gəlirdi. Mən bu münasibəti heç cür gözləmirdim və çox mütəəssir idim. Sergeyin böyük avtomobili və sürücüsü vardı. Aydın idi ki, o, sovet dövlətinin kəşfiyyat xidmətində böyük post tutur.

Həmin gün biz Kimin evinə getdik, Sergey biizmlə birlikdə evə daxil oldu, Kimin əvvəlcədən soyutduğu şampan şərabından bir qədəh içdi, ancaq bir neçə dəqiqədən sonra iltifatla sağollaşaraq getdi. Mən çox xoşbəxt idim.

“Sən yəqin ki, özünlə bir şüşə şotland viskisi gətirmisən?”, – Kim soruşdu. İzah etdim ki, məni London aeroportuna qədər müşayiət edən rus agent mənə mağazalara yaxınlaşmaq icazəsi vermədi. Kim güldü: “Lənətə şeytana. Mən isə artıq hamıya demişəm ki, sən bir şüşə viski gətirəcəksən”.

(Ardı var)

Tərcümə: KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*