Ötən əsrin 30 -cu illəri keçmiş SSRİ tarixinin ən amansız dövrü hesab olunur. 1937-1938-ci illər represiyasında 1,3 milyondan çox insan məhkum edilib. Onlardan 600 mindən çoxu güllələnib. Edamlarda xüsusi rol oynayan cəlladlar da olub. Bunlardan biri də NKVD-nin baş cəlladı Vasili Bloxindir. Bu, həmin Bloxin idi ki, ən azı 10 min nəfəri şəxsən edam etmişdi. “Stalinin cəlladı” məhkumlara aman verməyib və xüsusi qəddarlığı ilə seçilib.
Həyat yolu
Cəllad sözü bütün zamanlarda mənfi assosiasiya yaradıb. Amma nəzərə almaq lazımdır ki, hökm çıxarılıbsa, deməli, kimsə onu icra etməlidir. Ola bilsin ki, Vladimir vilayətində kəndli ailəsindən olan Vasili Bloxin polisdə işə başlayarkən qarşısına cəllad olmağı qoymayıb. Amma onu zaman məcbur edib. Az müddət sonra Moskvada NKVD-nin inzibati-təsərrüfat şöbəsinin komendantı vəzifəsini tutub. Təbii ki, onun sənədlərində vəzifəsi “cəllad” kimi qeyd edilməmişdi. Amma Vasili Bloxin əsl cəllad idi. Onun xidmət yoldaşları da Bloxindən çəkinirdilər. O, qurbanını bir göz qırpımında öldürürdü.
Bloxin 1926-1953-cü illərdə edamlara şəxsən rəhbərlik edib. Yaqodanın rəhbərliyi altında xidmətə başlayanda rəhbərlik onun “bacarığına” heyran qalıb. Daha sonra Yejovun rəhbərliyi dönəmində bütün etimadları doğruldub. Daha sonra Beriya Yejovu vəzifəsindən kənarlaşdırıb və bütün keçmiş NKVD heyətini “təmizləməyə” başlayıb. Amma Bloxini qara işlər üçün saxlayıb və bu barədə Stalinə məlumat da verib. Bloxin xidmətlərinə görə dəfələrlə təltif edilib. Yeddi orden, o cümlədən Lenin ordeni, “Qırmızı Bayraq” ordeni, “Şərəf” nişanı, general-mayor rütbəsi və “Çeka”nın fəxri işçisi döş nişanlarına layiq görülüb. Stalinin ölümündən sonra 58 yaşındakı Bloxin dərhal “sağlamlığına görə” təqaüdə göndərilib. Bir il sonra o, general-mayor rütbəsindən məhrum edilib. 1955-ci ildə isə özünü güllələyib.
Vasili Bloxin təkcə edam qruplarına rəhbərlik etməyib, o, hökmləri şəxsən yerinə yetirib. Bu adamın öz vəzifəsini yerinə yetirməyə necə hazırlaşdığına dair materallar hələ də qorunub-saxlanılır.
NKVD-nin Kalinin vilayət idarəsinin rəisi, general-mayor Dmitri Tokarev yazırdı: “Getdik və mən öz gözlərimlə bütün bu dəhşəti gördüm. Bloxin xüsusi paltarını geyindi. Qəhvəyi dəri papaq, uzun qəhvəyi dəri önlük, dirsəkdən yuxarı qəhvəyi dəri əlcək geyindi. Qarşımda gözləri dəhşət saçan cəllad dayanmışdı”. SSRİ DTK-nın bir çox üzvlərini yaxından tanıyan yazıçı Teodor Qladkovun xatirələrindən: “NKVD-nin inzibati-təsərrüfat şöbəsinin tikiş emalatxanasında Bloxinin sifarişi ilə ona döşəməyə qədər uzanan uzun, enli dəri önlük tikmişdilər. Dəri papaq və dəri əlcəyi isə paltarına qan sıçramamaq üçün geyinirdi. Bloxin hökmləri NKVD zabitlərinin xidməti silahı olan “TT” və ya “Revolver” ilə deyil, alman “Valter”i ilə icra etməyə üstünlük verdi. Bloxin bu tapançanı etibarlılığına görə qiymətləndirirdi. Yerli markalar isə bəzən onun işinə yaramırdı. Bloxinin şəxsən qətlə yetirdiyi insanlar arasında xeyli tanınmış insanlar da olub. Bunlar Tuxaçevski, Yakir, Uboreviç, Eyxe, Yejov, Frinovski, Koltsov, Babel, Meyerhold və digər görkəmli şəxsiyyətlər də var idi.
Bloxin özünü gündəlik həyatda necə göstərirdi?
Hökmlərin icrasından sonra “Stalinin cəlladı” köməkçiləri üçün içki məclisi təşkil edər, sonra evə gedərdi. Ölkənin baş cəlladı ilə bir evdə yaşamaq çətin idi. Bloxinlər ailəsindəki qulluqçu Şura Tixonova onun kobud və qəddar bir insan olduğu, hər gün evə sərxoş qayıtması barədə ifadə verib. Bəzən ailə üzvlərinə gün ərzində etdiklərini detallarıyla danışanda tükü də tərpənməzmiş.
Bloxinin qonşuları onu ünsiyyətsiz insan kimi tanıyıblar. Bəzən başqa təqaüdçülərlə domino oynayarmış, amma ona qoşulmaq istəyənlər az olub. Ən kiçik mübahisədə Bloxinin gözləri hədəqəsindən çıxar və qonşular da bu mənzərədən vahimələnərmişlər.
Bloxin yalnız atlara qarşı mehriban olub. O, atları çox sevir, onlar haqqında oxuyur, kitablar toplayırdı. Bloxinin şəxsi kitabxanasından atçılıq və bütövlükdə atlar haqqında təxminən 700 kitab tapılıb.
Vəli Həsənov,
KONKRET.az