İnsanların süni intellektlə dərdləşməsi getdikcə adi hala çevrilir. Bu texnoloji vasitə bəzən insan üçün ana, bacı, dost, yoldaş, hətta ən yaxın sirdaş rolunu oynayır. Lakin bu meyl sadəcə yeniliyə maraqla izah oluna bilməz.
Burada əsas sual yaranır: insanlar həqiqətən psixoloji və emosional boşluq yaşadıqları üçünmü süni intellektə üz tuturlar, yoxsa zamanla bir-birinə qarşı sevgi, inam və empatiya zəiflədiyi üçün insan münasibətləri dəyərini itirir?
KONKRET.az xəbər verir ki, psixoloq Vüsalə Rüstəm məsələni “Yeni Sabah”a belə şərh edib:
“Müasir texnoloji əsrin şübhəsiz ki, müsbət tərəfləri var. Texnologiya insan əməyini yüngülləşdirir, sürətli istehsal sahələri iqtisadi yüksəlişə təkan verir və bir çox sahədə həyatı asanlaşdırır. İnsanlar bu gün süni intellektlə dərdləşir, suallarına cavab tapır, müəyyən mənada rahatlıq əldə edirlər. Burada müsbət cəhətlər mövcuddur. Lakin əsas sual budur: emosional boşluq necə doldurulur? Biz ağlayanda süni intellekt göz yaşımızı silə bilərmi? Bizimlə sevincimizi paylaşa, ürək döyüntülərimizi hiss edə bilərmi? Təbii ki, yox. Bu prosesdə insan beyninin rasional ehtiyacları müəyyən qədər ödənir, emosional ehtiyacları isə cavabsız qalır. Nəticədə insanda əsəbilik, daxili gərginlik və aqressivlik yaranır”.
Psixoloq bildirib ki, insanların məhz insanla deyil, süni intellektlə dərdləşməsinin özü də cəmiyyətdə etimadın azalması, münasibətlərin zəifləməsi, sirr saxlaya bilməmək və insani duyğuların itməsi ilə bağlıdır:
“Texnoloji yüksəliş sanki insan duyğularını məzara basdırır. Tənhalaşan insanlar mənəvi gücü və dayaq nöqtəsini süni intellektdə axtarmağa başlayırlar. Bu məsələ artıq qlobal xarakter alıb. Hətta İngiltərə kralı III Çarlz vətəndaşlarına müraciət edərək telefonları bir kənara qoyub ətrafdakı insanlarla daha çox ünsiyyətdə olmağı tövsiyə edib. O, bunun ciddi problem olduğunu və gələcəkdə yaradacağı fəsadları yaxşı anlayır.
İnsan həm intellekti, həm də hissləri olan bir varlıqdır. Təsəvvür edin ki, ətrafımızda hər kəsin hissləri ölüb – o zaman nə baş verər? Əslində bu proses artıq baş verir. Kimsənin kimsəyə nə mərhəməti qalır, nə də güzəştə getmək istəyi. Ailə dəyərləri zəifləyir, cinayətkarlıq artır. İnsan intellektini cilalayan onun hissələridir. Hiss yoxdursa, insan da yoxdur. Onun yerində sadəcə tələbatları olan, amma duyğusuz bir “robot” qalır”.
