Sosial şəbəkələrdə sürücülük təlimi ilə bağlı elanların sürətlə artması bu sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsi və onlara tətbiq olunan nəzarət mexanizmləri ilə bağlı müzakirələri aktuallaşdırıb. Hazırda sürücülük vəsiqəsinə sahib olan bir çox şəxsin əlavə qiymətləndirmə olmadan təlimçi kimi fəaliyyət göstərməsi isə keyfiyyət və təhlükəsizlik məsələlərini gündəmə gətirir. Bəs sürücülük təlimçiləri üçün ayrıca imtahan mexanizminin tətbiqi və müddətli sertifikat sistemi bu sahədə nizam-intizam yarada bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda sürücülük təlimi istiqamətində fəaliyyət göstərən təlimçilərin və mərkəzlərin sayı kifayət qədərdir, lakin onların bilik və bacarıqlarının vahid meyarlar əsasında qiymətləndirilməsi zərurəti yaranıb.

“Təlimçilərin peşəkarlıq səviyyəsini müəyyən etmək üçün ayrıca imtahan mexanizmi tətbiq oluna bilər. Bu imtahanların Dövlət İmtahan Mərkəzi və ya nəqliyyat sahəsinə cavabdeh olan müvafiq qurum tərəfindən keçirilməsi mümkündür. sürücülük təlimçilərinə fəaliyyət göstərmək üçün mütləq lisenziya və ya icazə sənədi verilməlidir”.
O, əlavə edib ki, verilən sertifikatların müddətli olması da effektiv addım ola bilər:
“İcazə sənədinin minimum 3 və ya 5 illik müddətə verilməsi mühüm əhəmiyyət daşıyır. Bu, təlimçilərin biliklərini mütəmadi yeniləməsinə və sahədə keyfiyyət standartlarının qorunmasına kömək edəcək. Hazırda faktiki olaraq sürücülük vəsiqəsi olan istənilən şəxs təlimçi kimi fəaliyyət göstərə bilir ki, bu da sahədə peşəkarlıq məsələsini aktuallaşdırır”.
Onun sözlərinə görə, gələcəkdə daha sistemli yanaşma tətbiq olunarsa, həm təlim prosesinin keyfiyyəti artar, həm də yol hərəkəti təhlükəsizliyinə müsbət təsir göstərər.
Aynurə İsmayıl
KONKRET.az
