Şuşada rəngarəng millətlər çələngi! Ermənilər özlərini bu çələngdə gül olmaqdan məhrum etdilərbackend

Şuşada rəngarəng millətlər çələngi! Ermənilər özlərini bu çələngdə gül olmaqdan məhrum etdilər

Gözəl Şuşamızın məşhur Cıdır düzündə gerçəkləşdirilən “Xarıbülbül” festivalını gördükdən sonra hakimiyyətin rəqiblərinin nədən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini gözü götürmədiklərinin səbəbi tamamilə aydınlaşdı.

Çünki onlar müstəqil Azərbaycan dövlətinin inkişafı və qüdrətli dövlətə çevrilməsi naminə İlham Əliyev hakimiyyətinin həyata keçirdiyi fəaliyyəti olduğu kimi təqdim etməkdə maraqlı deyillər. Prezident İlham Əliyevin doğma Vətənimizin ərazi bütövlüyünü təmin etmək məqsədilə fədakarlıqla və yorulmadan mücadilə aparmasına xalqın şahid olmasını istəmirlər. Ən əsası isə – həmin qüvvələr qısa müddət ərzində qeyri-mümkünü qüsursuz şəkildə mümkün etmək qabiliyyətinə malik deyillər.

İlham Əliyev komandasının ən parlaq nümayəndəsi olan Mehriban xanım Əliyeva bütün çətinliklərdən çəkinməyərək, öz sferasına daxil olan layihələrin öhdəsindən böyük məharətlə gəldiyini çoxdan sübut edib. “Bakı-2015” I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Eurovision–2012” mahnı müsabiqəsi və sair beynəlxalq miqyaslı tədbirləri buna nümunə göstərmək olar. Mehriban xanımın iş üslubu heç kimin oxumadığı palaz-palaz ölçülü, konyunktur xarakterli və qeyri-səmimilik yağan məqalələrin müəllifləri olan keçmiş ideoloqların ətalətli, eybəcər fəaliyyətindən çox fərqlidir. Birinci vitse-prezident xalqımızın gözəl adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, onu ən müasir tərzdə təqdim etməyi bacaran ictimai-siyasi xadim kimi meydana gəlib.

Və nə yaxşı ki, gəlib!

Məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 6 ay öncə azad olunmuş, hələ də bərpa işlərinin aparıldığı Şuşada “Xarıbülbül” festivalının keçirilməsi Azərbaycanın böyük və möhtəşəm mədəniyyət hadisəsinə çevrildi. Bütün təşkilati işlər incə zövqlə reallaşdı. Bu tədbiri xalqımızın əldə etdiyi Parlaq Qələbənin mükəmməl və yüksək səviyyəli piarı da adlandırmaq olar.

“Xarıbülbül” musiqi festivalı təkcə Şuşamızın mənfur düşmənlərimizdən azad edilməsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının göstəricisi deyildi. Həm də Azərbaycan xalqının bütövlüyünün təntənəsi idi. Qarabağın, Şuşanın müdafiəsi və azad olunması uğrunda ölkəmizdə yaşayan milli icmaların hamısının nümayəndələri canından və qanından keçiblər. Odur ki, festivalın ilk konsert gününün bütün icmaların nümayəndələrinin iştirakı ilə açılması tamamilə məntiqli və məqsədəuyğun idi.

Bu, həm də Mehriban xanımın görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi irsinə sədaqətinin və böyük məhəbbətinin təzahürü idi. Məhz dahi siyasətçinin rəhbərliyi dönəmində ölkəmizdə yaşayan bütün milli icmalara həssas davranış sərgilənirdi. Hökumət konsertlərində onların mədəniyyətini təcəssüm etdirən folklor qruplarının ifalarına böyük yer verilirdi. Qarabağ münaqişəsinə qədər bu gözəl münasibətdən yararlanan icmalardan biri də naxələf ermənilər idi. “Xarıbülbül” festivalı ermənilərin necə böyük səhvə yol verdiklərinin gercək təcəssümünə çevrildi.

Şuşanın gözəl təbiətinin canlı dekorasiyaya döndüyü Cıdır düzündə bütün millətlərin nümayəndələrinin “Qarabağ Azərbaycandır!” kəlməsini öz doğma dillərində musiqi vasitəsilə ifadə etmələri, Qələbəmizə sevindikləri, konsertdən sonra milli musiqimizin sədaları altında hamılıqla “Yallı” rəqsini oynamaları, zərb-məsələ çevrilmiş “Nooldu, Paşinyan?!” atmacasını səmimiyyətlə və xorla səsləndirmələri Azərbaycanda multikulturalizm dəyərlərinin təkcə sözdə deyil, həm də əməldə mövcud olmasını göstərirdi.

“Xarıbülbül” festivalının qala-konsertində Azərbaycan muğamının, klassik bəstəkarlarımızın əsərlərinin təqdim olunmasını bu mədəniyyət hadisəsinin zirvəsi hesab etmək olar. Ecazkar Cıdır düzü hələ belə duyğulu və coşgulu konsertə şahidlik etməmişdi. Üzeyir Hacıbəylinin, eləcə də onun məktəbinin yetirmələri olan ustad sənətkarlar Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Müslüm Maqomayev, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli və başqalarının əsərləri istər Cıdır düzündə, istərsə də ekran qarşısında əyləşən tamaşaçıları riqqətə gətirdi.

“Xarıbülbül” festivalı mədəniyyətimizə böyük töhfələr bəxş etmiş görkəmli şəxsiyyətlərin nəsillərinin davamçılarının iştirakı baxımından da xüsusi maraq kəsb edir. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, gözəl pianoçu Fərhad Bədəlbəyli (tanınmış teatr rejissoru Şəmsi Bədəlbəylinin oğlu, bəstəkar Əfrasiyab Bədəlbəylinin qardaşı oğlu), ata və bala – bəstəkar, müğənni Xalq artisti Polad Bülbüloğlu və dirijor Murtuza Bülbül (Azərbaycan peşəkar vokal sənətinin banisi Murtuza Məmmədovun oğlu və nəvəsi), tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov (bəstəkar Vasif Adıgözəlovun oğlu), Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə (tanınmış pianoçu Zöhrab Adıgözəlzadənin oğlu, görkəmli yazıçı İmran Qasımovun nəvəsi,), dünyaca məşhur xanəndə, Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasimova, La-Skala Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Azər Zadə (Xalq artisti müğənni Zaur Rzayevin oğlu) və Kənan Bayramovun (xanəndə, Əməkdar artist Təyyar Bayramovun oğlu) konsertdə iştirak etmələri xüsusi əhəmiyyət daşıyırdı. Xarici ölkələrdə bizi uğurla təmsil edən Xalq artistləri Azərin, Əlixan Səmədov, Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyevanın, Əməkdar artist, dirijor Fuad İbrahimovun təntənəli bayram şənliyinə qatılmaları dünya azərbaycanlılarının ölkəmizdə baş verən hadisələrdən kənarda qalmadıqlarının bariz nümunəsi idi. Hələ heç birimiz Fərhad Bədəlbəylinin fortepianoda bu cür coşğun ifasına, Yalçın Adıgözəlovun sevinc və fərəhlə dolu belə dirijorluğuna, Azərinin təbiəti böyük məhəbbətlə vəsf etməsinə şahid olmamışdıq. Bu, əvəzsiz və misilsiz anlar idi!

Uzun illərdən sonra ürəklərimizi çoşduran, bizə fərəh hissi aşılayan, iki gün ərzində hər bir azərbaycanlını ekran qarşısında kilidləyən “Xarıbülbül” musiqi festivalı unudulmaz anlar yaşatdı. Hər birimiz dəfələrlə kövrəldik, bir gözümüz güldü, o biri gözümüz ağladı. Amma bu, sevinc göz yaşları idi. “Biz bunu bacardıq!” demək necə gözəl duyğu imiş. Odur ki, bu hissləri bizə yaşadanlara “EŞQ olsun!“, həmin anlara hansısa məntiqsiz fikirləri ilə azacıq olsa da kölgə salmağa çalışanlara isə “Yetər!” deyirik.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*