backend

Tacikistan Sasanilərdən qalan hərbi rütbələrə keçir - SİYAHI

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan Hökuməti yanında Dil və Terminologiya Komitəsi hərbi rütbələrin tacik dilində versiyasını hökumətə təqdim edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələi üzrə bürosu xəbər verir ki, fevralın 17-də komitənin terminologiya şöbəsinin müdiri Abdurahim Zulfoniyon bu barədə məlumat verib.

Yeni terminologiya Sovet dövründən qalan hərbi rütbələrin adlarını əvəz edə bilər. Dilçilərdən, akademiklərdən və hüquq-mühafizə orqanlarından yaradılan işçi qrupu hələ iki il əvvəl belə bir təkliflə çıxış etmişdi. Tacik versiyasındakı bütün hərbi rütbələr fars sülalələrinin imperiyaları olan Arşakidlər, Sasanilər və Samanidlərin birlik və rütbələrin adları əsasında hazırlanıb.

Abdurahim Zulfoniyonun fikrincə, tacik dilçilərinin təklif etdiyi son versiya belədir: onbaşı – radabon, kiçik çavuş – dəstəvar, çavuş – dəstəyor, böyük çavuş – dəstəbon, starşina – sardasta, praporşik – silaxbon, leytenant – taxamdor, kapitan – sadavar, mayor – sarqurd, podpolkovnik – sarhanger, polkovnik – sarhang, general – solor, general-mayor – qundsolor, general-leytenant – Ləşkərsolor, general-polkovnik – Sipahsolor və ordu generalı – Artişsolor.

Qeyd edək ki, hərbi rütbələrin tərcüməsinin oxşar versiyası iki il əvvəl müzakirə edilib, lakin sonra Tacikistan Müdafiə Nazirliyi tərəfindən rədd edilib. Nazirlik bu təşəbbüsə və həyata keçirilməsi üçün vəsaitə ehtiyac olmadığını bildirib.

Ötən ilin payızında jurnalist, tədqiqatçı və işçi qrupun üzvlərindən biri olan Umed Jayxoni verdiyi müsahibəsində deyib ki, Tacikistan Prezidenti müstəqilliyin 30-cu ildönümündə hərbi rütbələrin tərcümə olunacağına dair qərar verəcək: “Ondan sonra bütün qurumlar bu təklifi təsdiqləyəcək. Prezidentdən başqa digər məmurlar və qurumların bu məsələ ilə bağlı nə iradəsi var, nə də istəyi”

Xüsusi terminologiyanın dövlət dilinə çevrilməsi prosesi Tacikistanda hələ 1990-cı illərdə başlamışdı. Elmin müxtəlif sahələrində tacik dilinə tərcümə edilmiş bir çox terminlərin süni icad edildiyi və sonradan kök salmadığı ortaya çıxmışdı. Digərləri, əksinə, fəal şəkildə kök salmağa başlamış və rus sözlərini dildən sıxışdırıb çıxarmışdı.

Qeyd edək ki, hələ 2007-ci ildə Tacikistanda soyadların ruslaşdırılması prosesinin qarşısı alındı və prezident Emoməli Rəhmonov öz soyadını Rəhmon kimi qəbul etmişdi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*