Taliblər Qafqaza da keçə bilər – Azərbaycan nə etməlidir?backend

Taliblər Qafqaza da keçə bilər - Azərbaycan nə etməlidir?

ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra tez-tez dünyada  “Taliban” hökuməti ilə əməkdaşlığa çağırışlar səslənir.  BMT-nin Baş katibi Antoniu Quterriş də beynəlxalq birlikləri taliblərlə dialoqu davam etdirməyə çağırdı. Onun sözlərinə görə, “bu cür dialoqu əfqan xalqı ilə həmrəylik naminə aparmaq lazımdır”.

Taliblərlə dialoqa artıq İslam əməkdaşlığı Təşkilatı (İƏK), Roma papası Fransisk, Qazaxıstan prezidenti, Çinin rəhbəri Si Tszinpin və hətta Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel də çağırıb. Borrel bəyan edib ki, “Taliban” qruplaşması Əfqanıstan müharibəsində qalib gəlib və Avropa İttifaqı onunla dialoq qurmalıdır.

Yeri gəlmişkən, taliblərin qələbəsindən əvvəl Azərbaycanın Kabillə ticari-iqtisadi əməkdaşlığı vardı.  2018-ci ildə 71,5 milyon dollara çatmış mal dövriyyəsini daha da artırmaq haqda razılıq əldə olunmuşdu.  Bakı üçün bu ölkəyə mal ixracı, əfqan məmurlarını ASAN xidmət və digər bu tipli xidmətlər sistemində islahatlarla bağlı konsultasiya etmək kimi sahələrdə yaxşı perspektivlər açılırdı. Əgər beynəlxalq təşkilatların məsləhətlərini dinləsək, Bakının Kabillə əməkdaşlığını yeni talib hökuməti ilə də davam etdirmək olar.  Ancaq investisiyalar zəmanət tələb edir.  Deməli, Kabildəki yeni hakimiyyətin təbiəti barədə müəyyən qədər aydın təsəvvürə malik olmaq və BMT-nin Baş katibinin, Roma papasının dialoqa çağırdığı bu hakimiyyətlə iş qurmağın mümkün olub-olmadığını bilmək lazımdır.

Politoloq, şərqşünas, Parisdəki Ali sosial elmlər məktəbinin tədqiqatçısı Pərviz Mullocanov haqqin.az-ın bu sualına cavab olaraq bildirib ki, taliblərin hökumətinin 80%-i 1990-cı illərdə “Taliban”ın rəhbərliyində olmuş şəxslərdən formalaşıb.  Onlar əvvəllər bəzi Qərb şirkətləri, o cümlədən Unocal ilə sıx əlaqələrə malik olublar. Əfqanıstanın indiki hakimiyyəti dünyanın iri şirkətləri arasında yeni dostlar qazanmağa, ilk növbədə isə Özbəkistan və Türkmənistan hökumətləri ilə əlaqələr qurmağa çalışır.

Pərviz Mullocanov

 

“Taliblərin hakimiyyəti öz xarakterinə görə,  – Mullocanov bildirir, –  müasir İrandakı ayətollaların hakimiyyəti ilə terrorçu İŞİD təşkilatı arasında orta mövqe tutur.  Yəni, ayətollalardan daha radikaldırlar, ancaq “İslam dövləti”nin liderləri qədər amansız deyillər.  İqtisadi sahədə taliblərlə razılığa gəlmək olur.  Ancaq nəzərə alınmalıdır ki, Kabildəki hakimiyyət totalitardır, ölkə daxilində hər şeyi nəzarətdə saxlamağa yönəlib.  Şübhəsiz, Əfqanıstan çeşidli cihadçı təşkilatlar üçün sığınacaq olacaq.  Bu ölkə öz üzərinə vaxtilə islam fundamentalizminin lideri Həsən Abdulla ət-Turabinin dövründə Sudanın oynadığı rolu götürə bilər.  Həmin vaxtlar Sudan cihadçı təşkilatlar üçün mərkəz idi, orada terrorçuların hazırlandığı çoxlu sayda düşərgələr yaradılmışdı. Məhz həmin terrorçular sonralar bütün Afrikaya səpələndi, onların bir hissəsi isə “Əl-Qaidə”yə qoşuldu”.

Politoloqun fikrincə,  müxtəlif ölkələrin Əfqanıstanda reallaşdırmağa cəhd etdiyi humanitar və təhsil layihələrini artıq unutmaq lazımdır.  Əfqan hakimiyyətinin indiki ideologiyası VII  əsrdən sonra insanın yaratdığı hər  şeyi (xüsusilə də humanitar və siyasi sahədə) inkar edir.  Bu məsələdə “Taliban” İŞİD-dən heç nə ilə fərqlənmir.

Eyni zamanda Mullocanov qeyd edir ki, taliblərin hakimiyyətinin daxilində bir neçə qrup var. Onların hamısı bir səslə Əfqanıstandan kənarda heç bir maraqlarının olmadığını söyləsə də, taliblərin liderinin müavini molla Axundzadə bəyan edib ki, Əfqanıstan Əmirliyi bütün dünya müsəlmanlarının əmirliyidir. Yəni ambisiyalar olub və qalır.

Azərbaycan və Əfqanıstanın parlamentlərarası qrupu. Bakı bir vaxtlar Kabillə qarşılıqlı faydalı münasibətlər qurmuşdu. Bəs indi necə olacaq?

 

“Müasir dünyada cihadçılığın yayılması üçün şərtlərin yarandığı istənilən ölkə digər dövlətlərin sabitliyi üçün təhlükə kəsb edir. Və əfqan ekstremizmi də mütləq bölgənin digər dövlətlərinə təsir göstərəcək.  Məsələn, Hindistan hökuməti artıq hesablayıb ki, Əfqanıstan ərazisində ən azı 33 dini ekstremist təşkilat fəaliyyət göstərir.  Onların arasında fəaliyyəti birbaşa Mərkəzi Asiyaya, hətta Qafqaz bölgəsinə qarşı yönələnlər də var. Və həmin təşkilatlar taciklərdən və qafqazlılardan ibarətdir.  O cümlədən, Tacikistan xüsusi xidmətlərinin bilgilərinə görə, Əfqanıstanda yerləşən tacik cihadçılar Qafqaz qruplaşmaları ilə birlikdə Tacikistanla sərhəddə əməliyyatların planını işləyib hazırlayıblar”, – ekspert deyir.

Onun sözlərinə görə, Qafqaz bölgəsindən olan radikal islamçılar Əfqanıstana İraqdan və Suriyadan keçiblər.  Onların arasında Azərbaycandan olanların sayı barədə dəqiq rəqəmlər yoxdur.  Məsələ ondadır ki, taliblər Qafqazdan olan bütün döyüşçüləri “çeçen” adlandırır. Ancaq bəllidir ki, qafqazlılara “Taliban”da da, İŞİD-də də rast gəlinir.

“Mərkəzi Asiya, ərəb ölkələri və Qafqaz bölgəsindən gələnlərdən formalaşan ilk beynəlmiləlçi briqadanın  – “Liva”nın təşkili 1990-cı illərə, taliblərin ilk hakimiyyəti dövrünün sonlarına təsadüf edir.  Müxtəlif məlumatlara görə, döyüşçülərinin sayı 6 min nəfərə çatan həmin briqadanın başında molla Ömərin müavinlərindən biri – Özbəkistan İslam Hərəkatının rəhbəri Cuma Namanqani dayanırdı.  Və həmin Namanqani 2002-ci ildə Mərkəzi Asiyaya böyük hücum təşkil edəcəyini söyləmişdi. Onun bu planına 2001-ci ilin 11 sentyabr hadisələri mane oldu. Sonralar Cuma Namanqani koalisiya gücləri tərəfindən öldürüldü və bütün beynəlmiləlçi briqada Əfqanıstanın şimalına, Vəziristan bölgəsinə köçürüldü.  Orada bir neçə iri baza yaradıldı. 2012-ci ildə briqadanı Pakistan helikopterlərində Əfqanıstanın Bədovşan əyalətinə daşıdılar.  Və son 10 ildə bu briqada həmin bölgəni öz əlində saxladı”, – Mullocanov qeyd edir.

Tədqiqatçı əmindir ki, gec-tez bu radikal saqqallılar Mərkəzi Asiyaya və Qafqaza da sızacaq…

Politoloq bildirir ki, həmin beynəlxalq cihadçı briqada faktik olaraq taliblərin ölkənin şimalındakı xüsusi təyinatçıları idi.  Və güman ki, onu təkcə “Taliban” yox, həm də Səudiyyə Ərəbistanının, Qətərin fondları, qismən isə şəxsi fondlar maliyyələşdirirdi. Sonuncular həm də “Əl-Qaidə”yə maliyyə ayırırdı. “Liva”nın Əfqanıstanda öz heroin biznesi də var.  Beləliklə, maliyyə imkanları yetərincə genişdir, bunun sayəsində briqada öz fəaliyyətində müəyyən mənada müstəqildir.  Ümumiyyətlə, Əfqanıstanda fəaliyyət göstərən terrorçu təşkilatlar İŞİD-lə sıx əlaqədədir, yalnız taktikaları fərqlənir.  Əgər İŞİD qeyri-məhdud terror mövqeyində dayanırsa, digər cihadçı təşkilatlar, o cümlədən “Taliban” hesab edir ki, qeyri-məhdud terror müsəlmanların tərəfdarlarını qorxudur, əks reaksiya doğurur.  Ona görə də onlar terrordan istifadədə nisbətən təmkinlidirlər.

«Əgər cihadçılar Azərbaycana keçmək istəsələr, böyük ehtimalla bunu İran yox, Şimali Qafqaz ərazisindən edəcəklər.  Məsələ ondadır ki, son illərdə Tehranla Əşrəf Qani hökumətinin münasibətləri çox korlanmışdı. Tehran hətta taliblərə qarşı savaşan şiə müxalifətini müdafiə etməkdən də imtina etmişdi.  Elə indi də İranın şiələrə qarşı repressiyalara əl atan yeni talib rəhbərliyi ilə münasibətləri yaxşı deyil. Əfqanıstandan İrana şiə qaçqınların böyük axını uzanıb. Yəni çətin ki sünni cihadçılar Cənubi Qafqaz bölgəsinə keçmək üçün İran ərazisindən yararlana bilsinlər”, – politoloq hesab edir.

Mullocanovun iddiasına görə,  müasir dünyada ekstremistlərin bir ölkədən digərinə keçməsi üçün dağ cığırları ilə getməyə və ya sərhədi sıx meşələr olan yerdən keçməyə ehtiyac yoxdur. Korrupsiyaya bulaşmış ölkələrdə cihadçıların ixtiyarında saxta pasportlar və şəxsiyyət vəsiqələri hazırlayan qara bazar var.  Məsələn, Orta Asiyada “təmiz” pasport almaq və sonra leqal yolla digər ölkələrə keçmək olar.

“Taliblər dünya ictimaiyyətinin gözünə kül üfürərək deyirlər ki,  monarxiya dövrünün 1964-cü il konstitusiyasını qaytara bilərlər.  Həmin konstitusiya isə onların ideologiyasına ziddir, çünki qadınların hüquqlarını və digər azadlıqları nəzərdə tutur.  Yəni, bu olmayacaq, dini radikalların yalnız bir konstitusiyası var – şəriət.  1964-cü il konstitusiyası barədə söhbətlər isə əfqan hökumətinin Avropadakı bank hesablarının donunu açmağa nail olmaq üçün taliblərdən Qərb aləmi ilə münasibətlər qurmağı tələb edən müxtəlif ölkələrin, o cümlədən Pakistanın təzyiqinə cavabdır.  Belə ki, Əfqanıstanda hələ də banklar işləmir, ölkədə iqtisadi vəziyyət çox ağırdır.  Ona görə də taliblər 1964-cü il konstitusiyası, qadınlara hansısa hüquqların veriləcəyi barədə yalançı vədlərlə çıxış edirlər”, – Mullocanov vurğulayıb.

Müəllif: Ceyhun Nəcəfov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*