Talıbovun tilsimlənmiş kreslosuna namizədlər müəyyənləşdibackend

Talıbovun tilsimlənmiş kreslosuna namizədlər müəyyənləşdi

Muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur

KONKRET.az xəbər verir ki,sentyabrın 1-də Milli Məclisə paralel olaraq, Naxçıvan Ali Məclisinə də növbədənkənar deputat seçkiləri keçiriləcək.  Məlumat üçün bildirək ki, Naxçıvan Ali Məclisinə namizədlər 45 mandat uğrunda mübarizə aparacaqlar.

2020-ci ildə formalaşan Ali Məclisdə Vasif Talıbov  sədr, Azər Zeynalov isə onun müavini seçilib. Vasif Talıbovun oğlu Seymur Talıbov da Ali Məclisin deputatlarından biri olub. Nöbvədənkənar seçkilərdə 2022-ci ilin 21 dekabrında keçmiş sədr Vasif Talıbovun istefasından sonra yaranmış qeyri-müəyyənlik həllini tapmalıdır. Seçiləcək yeni tərkib yeni sədr və müavinlərini müəyyən etməlidir. Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilib. Hazırda məclis sədrinin səlahiyyətlərini Anar İbrahimov yerinə yetirir.

Naxçıvan Mərkəzi Seçki Komissiyası növbədənkənar seçkilərdə qeydə alınmış namizədlərin siyahısını öz saytına  yerləşdirib. Maraqlıdır ki,  hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisə seçkilərdən fərqli olaraq Ali Məclisə namizədlər irəli sürməyib. İqtidar partiyasından dairələr üzrə qeydə alınmış namizədlərin hamısı öz təşəbbüsü ilə namizədliklərini irəli sürüb. Bütün seçki dairələrində YAP-ın namizədləri var, 3 dairədə isə iqtidar partiyasının 2, 34 saylı Şahbuz şəhər seçki dairəsində isə nə az-nə çox, 4 namizədi bir-biri ilə yarışacaq.

Azpolitika.info yazır ki, siyahıya göz gəzdirdikdə “parlaq” fiqurlar gözə dəymir. Yalnız bir neçə namizədin üzərində ehtimallar qurmaq mümkündür. Onlar YAP üzvü, Badamlı seçki dairəsindən namizədliyini irəli sürmüş Ali Məclis sədrinin köməkçisi Ramiz Məmmədov, 30 saylı Naxçıvan şəhər seçki dairəsindən namizəd, YAP üzvü, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının sədri Şəhla Əhmədova, 33 saylı Naxçıvan şəhər seçki dairəsindən YAP-çı namizəd, “Naxçıvan Abadlıq” MMC-nin direktoru Emin Qasımov tutduqları vəzifələri ilə diqqət çəkir. Qeyd edək ki, Ramiz Məmmədovun hazırda Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin  köməkçisi olduğu bildirilir.

Tərtər hadisələrinin bənzər forması Naxçıvanda keçirilib" - Heydər Oğuz  inanılmaz DETALLAR açıqladı - VİDEO

Heydər Oğuz

Əslən Naxçıvandan olan siyasi şərhçi Heydər Oğuz bir müddət əvvəl “Yeni Müsavat”a açıqlamasında Ali Məclisin sədr əvəzi Anar İbrahimovun namizədliyinin qeydə alınmadığını demişdi: “Belə çıxır ki, o, Ali Məclisin sədri seçilməyəcək. Açığını deyim ki, Anar İbrahimov o vəzifəyə ən layiq kadrdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırış deputatı olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial-siyasi münasibətlər – Politologiya fakültəsində təhsil alıb. İxtisasca politoloqdur. 2017-ci ildə Sakarya Universitetinin Siyasi Elmlər Fakültəsində Dövlət İdarəetməsi üzrə magistraturanı bitirib. Reputasiyası təmiz adamdır. Kifayət qədər beynəlxalq təcrübəsi də var. 2006-cı ilin may ayından etibarən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun Nizamnamə və Monitorinq Komitəsinin üzvüdür. 2011-ci ildən Avropa Birliyi-Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlərinin Konfransının (CORLEAP) Azərbaycan Respublikasından üzvüdür”.

Azpolitika.info onu da qeyd edir ki,  Ali Məclisin sədrinin başqa namizədlərdən biri olması ehtimalı da mümkündür. “Amma fakt budur ki, bu namizədlər siyahısında öz nüfuzu, təcrübəsi, tərcümeyi-halı ilə Naxçıvana rəhbərlik etməyə layiq bilinəcək, ümumilikdə Naxçıvan camaatının yaxşı tanıdığı bircə nəfər belə yoxdur. Bir məqamı da qeyd edək ki, siyahıda adları qeyd olunan namizədlər arasında VI çağırış Ali Məclisin üzvlərinin olub-olmadığını müəyyənləşdirmək çətindir. Çünki bu barədə hər hansı qeyd aparılmayıb”.

Naxçıvan Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, muxtar respublikanın ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Ali Məclisin hər bir deputatı sədr seçilə bilər.

Müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 – aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr 1991 – 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən 1995-ci il iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.

Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.

Qeyd edək ki, V.Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib.(musavatcom)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*