“Öz üzərimdə çox işləyirdim ki, bu məsafədə də qızıl medalım olsun”.
KONKRET.az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanan Lamiyə Vəliyeva “Report”a müsahibəsi zamanı deyib.
Belə ki, 22 yaşlı ikiqat Paralimpiya çempionu uğura necə nail olmasından və bunun üçün çəkdiyi əziyyətlərdən danışıb. O, birinci yeri tutduqdan sonra qələbə sevincini türkiyəli idmançı Yusuf Dikeçin əl hərəkəti ilə qeyd etməsinin səbəbini də açıqlayıb. Paraatlet Azərbaycanın Paris-2024-dəki ümumi nəticələrinə də toxunub.
Həmin müsahibəni təqdim edirik:
– Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmaq necə bir hissdir?
– Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Möhtəşəm hisslərdir. Lakin mən Tokio Paralimpiadasında da qızıl medal qazanmışdım. Bu, mənim üçün tanış hisslər idi. Sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm ki, yenidən bu hissləri yaşamaq mənə nəsib oldu.
– Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal qazanmışdınız. Paris-2024-də isə bunun əksi oldu. Qarşınıza 100 metr məsafəyə qaçışda da qızıl medal qazanmaq hədəfi qoymuşdunuz?
– Bəzən idmanda hər şey eyni olmur. 100 metr məsafəyə qaçış mənim üçün önəmli idi. Çünki orada əsas lazım olan amil sürətdir və mən sürəti çox sevirəm. Öz üzərimdə çox işləyirdim ki, bu məsafədə də qızıl medalım olsun. Təbii ki, 400 metr məsafədə də uğur qazanmaq istəyirdim. Gümüş medal da pis nəticə olmadı. Bu, mənim üçün böyük nailiyyətdir.
– Qızıl medal qazandıqdan sonra qələbə sevincinizi türkiyəli olimpiada iştirakçısı Yusuf Dikeçin əl hərəkəti ilə qeyd etdiniz.
– Yay Olimpiya Oyunlarına baxırdım, başqa ölkələrdən olan idmançılar qələbələrini bu cür qeyd edirdilər. Düşündüm ki, birinci yeri tutsam, mən də qələbə sevincimi bu cür yaşayacam. Çünki Türkiyə bizim üçün qardaş ölkədir və eyni sevinci yaşamaq daha xoşdur. Mən bu hərəkətlə Azərbaycan xalqının Türkiyəyə qarşı olan sevgisini göstərdim.
– Parisə yollanarkən qarşınıza çempion olmaq hədəfi qoymuşdunuz?
– Təbii ki, məqsədlərim var idi və hədəflər heç vaxt tükənməyəcək. Özümə inamım var idi. Baxmayaraq ki, yarışdan 3 həftə əvvəl səhhətimdə müəyyən problemlər yarandı və məşqlər istədiyim kimi getmədi. Özlüyümdə şübhələndim ki, bəlkə daha əvvəlki gücümdə deyiləm. Daha sonra toparlandım və özümə dedim ki, sən bunu bacaracaqsan! Xalqım və vətənim üçün mübarizə apardım, şükürlər olsun ki, bacardım.
– Yeni yarışlara hazırlaşacaqsınızmı?
– Dayanmaq fikrim yoxdur. Növbəti il İslam Həmrəyliyi Oyunları baş tutacaq. Şərait yaradılsa, orada çıxış etmək istəyirəm. Fasilə versəm, məndə rahatlıq yaranar. Buna görə daim hədəflərim yüksəkdir və yarışlarda yer almaq istəyirəm.
– 100 metr məsafəyə qaçışda 11.76 saniyə ilə yeni dünya rekordu müəyyənləşdirmək necə hissdir?
– Çox sevinirəm ki, azərbaycanlı olaraq adımı tarixə yazdırdım. Bütün dünya bilməlidir ki, Azərbaycan çox güclü dövlətdir. Bizim adımız ən yüksək yerlərdə çəkilməlidir.
– Sağlam idmançıların qatıldığı yarışlarda da iştirak etmisiniz. 2028-ci ildə hədəf olimpiada, yoxsa paralimpiadada iştirak olacaq?
– Bəli, iştirak etmişəm. Hətta qazandığım nailiyyətlər də olub. Niyə də olimpiadada iştirak etməyim? Bunu zaman göstərəcək. Təbii ki, bunun üçün üzərimdə çox işləməliyəm. Bu gün mənim gözümdə problem varsa, o demək deyil ki, özümə məhdudiyyət qoymalıyam. Məqsədlərim böyükdür.
– Özünüzə kumir kimi gördüyünüz idmançı var?
– Həmin idmançı artıq həyatda yoxdur. Döyüş idman növü ilə məşğul olan Bryus Li mənim üçün hər zaman maraqlı olub. O, əfsanəvi bir insan olub, bütün dünya onu tanıyır. Uşaqlığımdan bəri onun həyatı ilə maraqlanmışam. Onun idmana baxış tərzi mənə çox maraqlı gəlir. O göstərirdi ki, insanda əsas daxili istək və gücdür.
– Olimpiadada iştirak edən idmançılarımızdan heç biri 2 qızıl medal qazana bilməyib. Paralimpiadada isə siz bunu bacarmısınız. Nəyə görə Yay Olimpiya Oyunlarında bunu etmək mümkün olmur?
– Mən hər zaman öz üzərimdə işləyirəm. Çalışıram ki, rahatlıq yaranmasın. Məncə, hər idmançı bunu bacara bilər.
– Azərbaycan idmançılarının Paris 2024 Yay Paralimpiya Oyunlarındakı çıxışını necə dəyərləndirərdiniz? Yarışın yekununda tutduğumuz 28-ci yeri qənaətbəxş hesab etmək olar?
– Düşünürəm ki, 11 medal qazanmaq pis nəticə deyil. Komanda olaraq çalışdıq, əlimizdən gələni etdik. Ümidləri doğrultduğumuzu düşünürəm. 28-ci yerə gəlincə, məncə, daha da yaxşı ola bilərdi. Hətta gələcəkdə daha da yaxşı olacaq.
– Sizə ən çox dəstək olan kimdir? Uğurlarınızı kimə borclusunuz?
– Məni bu idman növünə yönəldən babam olub. Allah ona rəhmət eləsin, onun sayəsində idmana qoşulmuşam. Düzdür, öncə voleybol ilə məşğul olurdum. Lakin vaxt keçdikcə hiss etdim ki, komanda idman növlərində yox, fərdi olaraq mübarizə aparmaq istəyirəm. Məsləhət belə oldu ki, atletika ilə məşğul olum. Bu işdə mənə ən çox dəstək olan atamdır. Bütün uğurlarımın arxasında o dayanır. Hər zaman yanımdadır, məni dəstəkləyir.
– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan təbrik almaq sizi duyğunlandırdı?
– Göz yaşlarımı saxlaya bilmədim. Allaha şükürlər olsun ki, bu hissləri mənə yaşatdı. Mən idmanda çox əziyyətlər çəkmişəm. Allah mənə bu çətinliklərin qarşılığını verdi. Qalib gəldikdən sonra atama zəng etdim, hər ikimiz sevinc göz yaşlarına qərq olduq. Mənə dəstək olan hər kəsə, Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm.
– Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edildiniz. Bu barədə nə deyə bilərsiniz?
– “Şöhrət” ordeni mənim üçün gözlənilməz oldu. Belə bir şeyin baş verəcəyini həqiqətən gözləmirdim. Çünki ölkəyə yeni qayıtmışam, çox sevincli olduğum üçün heç nə düşünə bilmirdim. Onsuz da çox sevinirdim ki, Azərbaycan xalqı mənə bu qədər diqqət göstərir. Bir sözlə, şokdayam. Ölkə başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Azərbaycan xalqına dərin təşəkkür edirəm.