Tanınmış alimin açıqlaması MiQ-29-un vurulma ehtimalına aydınlıq gətirdibackend

Tanınmış alimin açıqlaması MiQ-29-un vurulma ehtimalına aydınlıq gətirdi

Tanınmış ornitoloq: “Bu fəsildə 1300 metr yüksəklikdə hansısa quş və quş dəstəsinin uçması təbiidir”

“Hazırda yüzlərlə növ quş var ki, köç edirlər. Bu quş növlərinin əksəriyyəti dənizin üstündən uçur və hətta ən dərinliklərdə belə müxtəlif növ quşlara rast gəlmək olar. Bu tamamilə mümkün haldır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun aparıcı elmi işçisi, Ornitoloji Qrupunun (Quş Tədqiqatı Qrupu) rəhbəri Elçin Sultanov Konkret.az-a açıqlamasında belə bildirib.

Onun sözlərinə görə, bu kimi hallara tez-tez rast gəlmək olur. Həmçinin mütəxəssis yaxın günlərdə Rusiyada quşlarla toqquşan təyyarəni də nümunə gətirərək bildirir ki, belə hadisələrin baş verməsi əslində təbii haldır.

Tanınmış ornitoloq Müdafiə Nazirliyinin hadisə ilə bağlı məlumata da münasibət bildirib.

“Bu tamamilə mümkündür, ancaq bu məsələdə yalnız bircə məqam məndə təəccüb doğurur ki, quşlar bu qədər çox olub ki, təyyarənin şüşəsini dağıdıb, pilota da xəsarət yetiriblər. Məsələ ondadır ki, təyyarələrdə xüsusi radarlar var, böyük quş dəstəsi ilə rastlaşanda bu radarlar xəbər verməlidir. Bu olayda necə olub ki, radarlar xəbər verə bilməyib, təyyarə böyük bir quş dəstəsi ilə toqquşub?! Tək quş olanda, motora girir, radar onu “tuta” bilmir. Ancaq quş dəstəsi böyük olanda, bunu radar mütləq “tutmalı” idi.”

Həmçinin Elçin Sultanov təyyarənin sürətinə görə, ona dəyən kiçik quşların belə çəkisinin dəyişə bildiyini deyib.

“Bir quş tükü və ya lələyi o sürətdə hərəkət edən təyyarə ilə toqquşanda, motorun “propellerini” kəsib, sıradan çıxara bilir. Sürət 1000 kilometrə çatanda bir quş lələyi dəmiri belə kəsir. Quşlar bütün aeroportlarda böyük təhlükədir. Ona görə də SSRİ vaxtında bütün mülki aeroportlarda “mühəndis-ornitoloq” ştatı vardı. Məsələ bundadır ki, indi belə hadisələr nadir hallarda baş verdiyi üçün bir az bu sahədə səhlənkarlıq, biganəlik hökm sürür”

Tanınmış ornitoloq həmçinin hərbi və mülki uçuşlar zamanı quşlar və ya quş dəstələri barədə özlərindən hansısa bir rəyin soruşulmadığına da toxunub.

“Əvvəllər bir neçə dəfə belə proqnozlar barədə maraqlansalar da, indi belə hallar yoxdur. Yəqin ki, bu kimi qəzalara çox nadir hallarda rast gəldiyimiz üçün, bir az səhlənkarlıq olur. Ancaq bizdən soruşsalar, təbii ki, biz bu köçlər və quş dəstələri barədə proqnoz verməyə həmişə hazırıq, işimiz bundan ibarətdir”,-deyə münasibət bildirib.

Onu da qeyd edək ki, iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.
Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.
Həmçinin məlum olub ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

 

Cəmil Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*