Tarix İnstitutunda milli mənafelərə düşmən islahat söhbətləri – soyqırım şöbəsi hansı məntiqin qurbanı oldu…backend

Tarix İnstitutunda milli mənafelərə düşmən islahat söhbətləri - soyqırım şöbəsi hansı məntiqin qurbanı oldu...

Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxtəlif elmi-tədqiqat institutlarında struktur islahatlarına başlandığı, islahatlar çərçivəsində bəzi şöbələrin bağlandığı və bağlanmasının planlaşdırıldığı barədə mediada müxtəlif məlumatlar yer almaqdadır.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun strukturunda dəyişikliklər edilməyə başladığı barədə informasiyalar yayılmaqdadır.

Qeyri-rəsmi məlumatlara görə, institutda bir neçə şöbənin bağlanması məsələsi gündəlikdədir.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məsələ institutun elmi şurasının iclasında müzakirə edilib və təsdiqlənib. Qərara əsasən, institutun 8 şöbəsi ləğv olunur.

Qeyd olunub ki, hazırda institutda 28 struktur vahid var və onlardan 19-u elmi tədqiqat şöbəsi, 9-u isə texniki şöbədir. İnstitutun 4 otağında hər birində iki şöbə olmaqla 8 şöbənin yerləşməsi elmin inkişafına maneçilik törətdiyi kimi qiymətləndirilib.

Ləğv edilən şöbələr bunlardır: 1) Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi, 2) Azərbaycan sənətkarlıq tarixi şöbəsi, 3) Azərbaycan mədəniyyəti tarixi şöbəsi, 4) Qafqaz tarixi şöbəsi, 5) Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsi, 6) Azərbaycanın tarixi demoqrafiyası şöbəsi, 7) Azərbaycan diasporu şöbəsi, 8) Ümumi tarix şöbəsi.

Bununla yanaşı, mətbuatda gedən məlumatlara görə, bəzi şöbələr yenidən təşkil olunacaq.

Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin adının ləğv edilən, yaxud ediləcək şöbələr sırasında yer alması bütün elmi ictimaiyyəti ciddi narahat etməkdədir. Milli maraqlarımıza, mənafemizə zidd olan bu addım, əlbəttə ki, qınanmalıdır, necə ki, qınanır da.

Yayılanlarla bağlı hələ Tarix İnstitutunun hər hansı bir rəsmi mövqeyi yoxdur. Bu institutun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsini hansı səbəbdən ləğv ediləcək şöbələr siyahısına daxil etməsi anlaşılmazdır.

Ekspertlər qeyd edirlər ki, soyqırım tarixini öyrənən  bir şöbənin otaq çatışmazlığı ucbatından bağlanması yolverilməzdir. Onlar bildirirlər ki, əvvəlki dövrlərdə də bu şöbənin bağlanması baş verib, sonra isə bu şöbəni yenidən qurublar. Həmçinin, deyilir ki, ermənilər qondarma “soyqırım”larına abidə ucaldır, saxtakarlığı təbliğ edən institutlar, mərkəzlər yaradırlar, biz isə öz gerçək soyqırımlar tariximizi öyrənən şöbəni qapadırıq.

Faiq Ələkbərli: “Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin qalması daha məntiqli olardı, nəinki onun ləğv edilməsi”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Tarix İnstitutuna yeni direktor təyinatı baş verdikdən sonra bu institutda 8 şöbənin ləğvi gündəmə gəlib: “Tarix İnstitutunda ləğv ediləcək 8 şöbənin arasında bəzilərinin doğrudan da ləğv edilməsi lazım idi. Əslində, bu şöbələr arasında başqa şöbələrlə üst-üstə düşən şöbələr də vardı. Eyni zamanda, bəzi şöbələr Qafqazşünaslıq və Şərqşünaslıq İnstitutunun şöbələri ilə üst-üstə düşür , bir-birini təkrar edirdi. Ancaq ləğv edilən şöbələrin sırasında Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin adının olması daha çox diqqəti cəlb edir. Mənə elə gəlir ki, bu şöbə daha da inkişaf etdirilməli idi. Hesab edirəm ki, ola bilsin, Tarix İnstitutunda soyqırımlar tarixini öyrənən, araşdıran digər bir şöbə olduğu üçün bu addım atılıb. Ancaq, bütün hallarda, Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin qalması daha məntiqli olardı, nəinki onun ləğv edilməsi. Başqa şöbələrin ləğvinə ehtiyac olsa da, Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin saxlanması daha vacib idi. Çünki biz bu məsələlərdə daha diqqətli və həssas olmalıyıq. Ən azından, düşmənlərimizin, Ermənistan tarixçilərinin bizə qarşı yürütdükləri anti-Azərbaycan, antitürk siyasəti var. Onlar qondarma “soyqırım”lardan danışır, Azərbaycana və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürürlər. Halbuki, Çar Rusiyası, Qərb dünyası, Sovetlər tərəfindən silahlandırılan erməni daşnakları Şərqi Anadoluda, Güney və Quzey Azərbaycanda, Orta Asiyada, Türküstünda türk xalqına qarşı böyük soyqırımlar törədiblər. Biz 1918-ci ilin mart soyqırımını unutmamışıq, bunu bilirik. Həmin dövrdə Güney Azərbaycanda – Urmiyada, Səlmas və Xoyda da məhz erməni daşnakları, terrorçuları xalqımıza qarşı soyqırım cinayətləri törədiblər. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqına qarşı soyqırımları tarixini öyrənən ayrıca bir elmi mərkəz, elmi-tədqiqat institutu formalaşdırılmalı, yeni tədqiqatlar aparılmalı, kitablar yazılmalıdır. Yaxın gələcəkdə belə bir institutun, yaxud mərkəzin yaradılması daha məqsədəuyğundur” – deyə F.Ələkbərli qeyd etdi.

Məhərrəm Zülfüqarlı: “Bir tarixçi kimi tam məsuliyyətlə deyirəm ki…”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı isə hesab edir ki, Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin ləğv edilməsi ilə bağlı ortada institutun rəsmi qərarı yoxdursa, bu şayiə də ola bilər. “Azərbaycan Milli Elmlər Akademiyasında baş verən kadr islahatlarının bir sıra müsbət cəhətlərini də qeyd edə bilərik. Başqa institutlarda gedən kadr siyasətini deyə bilmərəm, amma tarixçi olduğum üçün Tarix İnstitutunda gedən proseslərə müsbət yanaşıram. Çünki bu institutda dəfələrlə olmuşam, bu institutun dissertasiya şurasının üzvüyəm. Birincisi, bu institutda yer sıxlığı var. Tutaq ki, bir şöbədə 20-30 nəfər işləyirsə və iki şöbə bir otaqda yerləşirsə, elə o şöbənin birinin işçiləri gəlsə, heç orada oturmağa yer olmaz. Bu da onu göstərir ki, tədqiqat aparmaq üçün orada şərait yoxdur. Bu cür şöbələrin ixtisar edilib azaldılması ona hesablanır ki, işin keyfiyyəti artsın”.

Formal işçilərin sayının azalması nəticəsində elmlə məşğul olan insanların qarşısının açıldığını deyən M.Zülfüqarlının sözlərinə görə, formallığın aradan qaldırılması əməkdaşların işinin keyfiyyətinə də müsbət təsir edəcək. İnstitutun yeni direktorunun həm görkəmli elm xadimi, həm də yüksək insani keyfiyyətlərə malik bir şəxs olduğunu deyən M.Zülfüqarlı qeyd etdi ki, Kərim Şükürov çağdaş tarix elminin iftixarıdır.

“Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin ləğv ediləcək şöbələr siyahısında olduğuna gəlincə, bu o demək deyil ki, bu istiqamətdə tədqiqatlarla məşğul olanlar olmayacaq, yaxud bu problem araşdırılmayacaq. Azərbaycan xalqına qarşı soyqırımları tarixi başqa şöbələrdə daha çevik, daha dinamik öyrəniləcək, bu da işin keyfiyyətinə təsir edəcək. Kərim Şükürovun soyqırımlarla bağlı çoxlu sayda əsəri var. Ona görə də, ola bilsin, bəzi şöbələrin adlarının dəyişdirilməsi bəzi insanları narahat edə bilər, bir tarixçi kimi tam məsuliyyətlə deyirəm ki, narahatlığa əsas yoxdur. Bütün dəyişikliklər işin xeyrinədir” – deyə M.Zülfüqarlı qeyd etdi.

Faiq İsmayılov: “…sözdə dediyimizi əməldə göstərə bilmirik”

Mədəni irs üzrə tədqiqatçı-ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılovun sözlərinə görə, Tarix İnstitutunda fəaliyyət göstərən bu şöbənin fəaliyyəti heç zaman diqqəti çəkməyib: “Milli Elmlər Akademiyasının bütün institutlarında illərdir qanundankənar fəaliyyətlər baş verib ki, buna yol verənlərdən biri də Tarix İnstitutudur. Əsas məsələ odur ki, bu institutda, az da olsa, təmizlik işləri aparılır, amma bu, institutu nəyə gətirəcək, onu gələcəkdə görəcəyik. İndi əsas məsələlərdən biri Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlardır. Bir ziyalı, bir düşüncə adamı kimi özümə sual verirəm ki, indiyə qədər institutun bu şöbəsi nə fəaliyyət göstərmişdi, hansı nəticələr əldə etmişdi, nəyi etmişdi? Gizlin deyil ki, bu şöbənin varlığı ilə yoxluğu bilinmirdi, formal xarakter daşıyırdı. Soyqırımlar qan yaddaşımızın, tariximizin bir parçasıdır, amma bu şöbə bu istiqamətdə nə iş görürdü? Bizi bu gün narahat edən nəticələr olmalı idi. Bu gün Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi əməli fəaliyyəti ilə dünyada tanınırdısa, bu şöbədə çalışan alimlərin beynəlxalq səviyyədə məqalələri çap olunurdusa, o şöbəni ləğv etmək bir günah olardı. Amma bu şöbə sıradan bir ad xatirinə yaradılmışdı, orada 5-6 ştat tutulub, dövlətin ayırdığı vəsait mənimsənilirdisə, elə onun qalmasından bu ləğvi yaxşı idi. Fikrimcə, bizim institutların, QHT-lərin, elm və təhsil müəssisələrinin ən böyük günahı odur ki, biz bu istiqamətdə mübarizəmizi dildə dediyimiz kimi qura bilmirik, sözdə dediyimizi əməldə göstərə bilmirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*