Tarixi faktlara əsaslanaraq yazılan “Keçmişə pəncərə – 1991-ci il” kitabı haqqındabackend

Tarixi faktlara əsaslanaraq yazılan “Keçmişə pəncərə – 1991-ci il” kitabı haqqında

AzTV-nin analitik şöbəsinin rəisi, Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Faiq Husiyevin yeni ərsəyə gətirdiyi kitabı cəmiyyətimizə yaxın keçmişini xatırlatmaq baxımından çox önəmlidir və elmi-tədqiqat sahəsində metodoloji yeniliyi də danılmazdır (bu barədə qarşıda qeydlərimiz var). Belə ki, 70 il keçməsinə baxmayara sosialist imperiyasının zəncirlərini qıra bilən millətimizin yaddaşının bir küncündə mürgüləyən azadlıq, cümhuriyyət məfkurələrini yenidən dilə gətirməyə başladığı 1991-ci il yeni müstəqillik epoxasının başlanğıcı idi. Bu kitab sanki o dövrün vətənpərvər gəncliyinin nümayəndəsi olan Faiq müəllimin milli şüurundan, qan yaddaşından, qəlbindən, ruhundan süzülərək yığılan, onu narahat edən siyasi-ictimai hadisələrin xronoloji toplusudur.

“Keçmişə pəncərə –1991-ci il” ilə ilk tanışlığımda düşünmüşdüm ki, ədəbiyyatçı kimi, yəqin, bu kitaba hansısa mövqeyim və ya dərin münasibətim olmaz. Çünki adından göründüyü kimi kitab müəyyən dövrü əks etdirən, tarixi-siyasi səpkidə yazılmış araşdırmanı əks etdirir. Amma səhifələri vərəqlədikcə anladım ki, “1991”, sadəcə tarixi zəmini olan, 365 günün hadisələrinin xronoloji ardıcıllıqla verildiyi kitab olmaqla yanaşı həm də jurnalistliyə yeni addımlarını əminliklə atan, gənc tələbənin yaşadığı toplumun ilk ictimai dəyişikliklərinin göründüyü dövrə münasibətidir və üstəlik memuar xarakteri daşıyır.

Məhz bu baxımdam Faiq müəllimə bu yeni tapıntısına, orijinallığına görə təşəkkür etmək istəyirəm. Zənnimdə yanıla bilərəm bəlkə, lakin bu aspektdə yazılmış kitab Azərbaycanda ilk dəfədir qarşıma çıxır.

Hər yeni səhifədə bir günün dünyada, o cümlədən Azərbaycanda gedən siyasi-ictimai-mədəni hadisələrilə yanaşı müəllifin o vaxt tutduğu gündəliyindən qeydləri də var. Bu, mənə keçən onillikdə Türkiyə telekanallarından birində göstərilən “Xatırla sevgili” serialını xatırlatdı. Serial məhz Türkiyənin baş naziri olmuş Adnan Menderesin içində olduğu təyyarənin qəzaya uğraması ilə başlayır və Türkiyə Cümhuriyyətinin 60-70-ci illər siyasətini göstərməklə yanaşı siyasi fəalların, jurnalistlərin şəxsi həyatlarını da əks etdirir. Serialın yaddaqalan tərəfi bəlkə də tarixi hadislərin şəxsi həyatlarla qarşılıqlı şəkildə verilməsidir.

“1991 – Keçmişə pəncərə” kitabının effektliliyi məhz bu üslubundan irəli gəlir. Faiq müəllim o dövrü yaşayan birisi olaraq cəmiyyətimiz haqqında fikirlərini və mövqeyini bildirməklə, səmimi şəkildə həyatından məqamları verməklə özü ilə oxucusu arasında bağ yarada bilir.

Xüsusilə jurnalist kimi hadisələrə verdiyi şərhlər, xüsusilə “Haşiyə” adı altında 1991-ci il ərəfəsinə aid əlavə qeydləri onun vaxtından əvvəl formalaşan peşəkarlığından xəbər verir. Çox maraqlıdır ki, müəllifin bu səmimiyyəti oxucuda da bu sualı ortaya çıxardır: 1991-ci ildə mən nə etmişəm? Özüm haqqında onu deyə bilərəm ki, dünyanın gərdişindən xəbəri olmayan 8 yaşlı məktəbli üçün həyatının qayğısız, xoş günləri keçə bilərdi.

Bəlkə də buna görə həmin il hafizəmdə çox da qalmayıb. Amma 20 yanvar günü biz – kiçik yaşlılar üçün ağır travma idi. İlk anım mərasimində atamla Şəhidlər xiyabanında yürüməyimizi unuda bilmirəm. Bu faciə ikinci sinif şagirdinin qəlbində qorxu və təşviş, düşüncəsində ağrılı günlərin olacağı fikrinə bir zəmin formalaşdırsa da, digər tərəfdən isə ruhumuza milli şüur toxumları səpirdi. Bu kitab o günləri qarışıq hisslərlə xatırlamağımıza bir vəsilə oldu. Nə jurnalist, nə siyasətçi, nə tarixçi olmağıma baxmayaraq “1991” yaddaşını təzələmək istəyən hər kəsə məsləhət görüləcək kitab təəssüratı yaratdı. Xüsusən gəncliyi keşməkeşli 90-cı illərdə keçənlər üçün bu kitabın özəl, mübhəm tərəfləri, mütləq ki, olacaq.

rbt

Qeydlər: “1991” adı intuitiv olaraq məni “1984” romanına apardı. Təsadüfdən, Oruellin bu əsəri siyasi motivlərlə yadda qalan antiutopik cəmiyyəti əks etdirir. Bəlkə də bu səbəbdəndir ki, mütaliə etdikcə qarışıq dövrü əks etdirən bu kitabla roman arasında paralellər aparır, yeni qurulacaq cəmiyyətimizin təklif olunan müxtəlif yeni modellərinin axtarırdım. Rəqəmlərdən söz düşmüşkən numeralogiyaya marağı olan birisi kimi kitabla ilk tanışlıqdan adındakı 1,9,9,1 rəqəmlərinin mistik gücü məni özünə çəkir. Rəqəmlərin yanaşı düzülüşü, cəmi, sağdan və soldan eyni oxunuşu, onluğun ilk və son rəqəmləri olmaları oxucu kimi məni öz labirintinə salıb. Sanki 1991 timsalında – rəqəmlər təkrarlanır, “tarix təkrarlanır”.

Gilə Mehdiqızı,

filologiya üzrə fəlsəfə doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*