İran ABŞ-ın Zəngəzur dəhlizi layihəsində iştirakı ilə bağlı narahatlığını ifadə edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bəyanat verib. Tehranın bu narahatlığının səbəbləri və hədəfləri diqqət mərkəzindədir. Maraqlıdır, İranın bu narahatlığı nədən qaynaqlanır? Tehran nə üçün ABŞ-ın Zəngəzur dəhlizi layihəsində iştirakını təhlükə kimi görür?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirib ki, bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və dayanıqlı sülh müqaviləsinin imzalanması üçün əlverişli şərait yaranıb:
“Azərbaycan Cənubi Qafqazda sülh və etimad mühitinin bərqərar olunması üçün ardıcıl və rasional siyasət yürüdür. Zəngəzur dəhlizinin açılması regionda yeni iqtisadi alternativlərin, logistik imkanların yaranması deməkdir. Bu, heç bir ölkəyə qarşı yönəlmiş addım deyil və bunu belə təqdim etmək ciddi absurdluqdur”.
Ekspert hesab edir ki, ABŞ və digər beynəlxalq güc mərkəzlərinin bu məsələdə pozitiv mövqeyi İran tərəfindən qıcıqla qarşılanır:
“İranın bu reaksiyası onun illərdir davam edən yanlış və birtərəfli siyasi xəttinin nəticəsidir. Tehran anlamalıdır ki, Zəngəzur dəhlizinin açılması əslində İran üçün də yeni imkanlar yaradır. Lakin rəsmi Tehran bu məsələni iqtisadi prizmadan yox, ideoloji-məzhəbçi kontekstdə dəyərləndirdiyindən, dəhlizin reallaşmasına qarşı çıxır və Ermənistanı da bu prosesə qarşı qaldırmağa çalışır”.
Tural İsmayılov əlavə edib ki, ABŞ şirkətlərinin dəhliz layihəsində iştirak ehtimalı ilə bağlı İranın narahatlığı əsassızdır:
“Region ölkələrinin xarici siyasət və iqtisadi layihələrlə bağlı qərarlarına İranın müdaxilə etməyə haqqı yoxdur. Rəsmi Tehran başqa dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinməlidir”.
Müşviq Tofiqoğlu
KONKRET.az