“Təhsil səviyyəsi yüksək olan şəxslərin işsizlik riski aşağıdır” – ŞƏRHbackend

"Təhsil səviyyəsi yüksək olan şəxslərin işsizlik riski aşağıdır" - ŞƏRH

“”İnsan kapitalı” nəzəriyyəsinə əsasən, təhsil bir sərmayə növü kimi nəzərdə tutulur. Təhsil prosesinə sərf olunan zaman və resurslar, dərhal tükənən deyil, uzun müddətli nəticələr doğuran bir sərmayədir. Bu nəzəriyyəyə görə, insanın təhsil almaqla əldə etdiyi bilik və bacarıqlar onun gələcəkdə əmək bazarında daha məhsuldar və yüksək maaşlı işlərə çıxışını təmin edir. Nəticədə, təhsil insanın gələcəyinə bir investisiya sayılır və bu yatırım daha yüksək gəlirlərlə geri dönür”.

KONKRET.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, təhsilli fərdlər iş yerlərində daha effektiv çalışır, daha yüksək məhsuldarlığa malik olurlar:

“Bu da iqtisadi artıma və innovasiyalara təkan verir. Bir çox araşdırma göstərir ki, təhsil səviyyəsinin artması ölkənin ümumi daxili məhsuluna (ÜDM) müsbət təsir göstərir. Təhsil alan şəxslər təhsilsiz həmyaşıdlarına nisbətən daha yüksək maaş alırlar. Bu fərq, xüsusən ali təhsilli işçilərdə özünü daha çox göstərir. Məsələn, ABŞ-da aparılan araşdırmalar göstərir ki, universitet məzunları orta məktəbi bitirmiş şəxslərə nisbətən təxminən 67% daha çox gəlir əldə edirlər. Təhsil səviyyəsi yüksək olan şəxslərin işsizlik riski aşağıdır. Statistik göstəricilərə əsasən, ali təhsilli şəxslərin işsiz qalma ehtimalı orta təhsilli və ya təhsilsiz şəxslərə nisbətən əhəmiyyətli dərəcədə azdır.

Ekspert qeyd edib ki, Azərbaycan üzrə təhsil sahəsinə yönəldilən investisiyaların uzunmüddətli nəticələrini nəzərə alsaq, aşağıdakı proqnozları vermək olar:

“2024-2030-cu illər ərzində ali təhsilə investisiyaların artması ilə Azərbaycanda ali təhsilli işçilərin sayı 10%-dən çox arta bilər. Bu, xüsusən texnologiya və mühəndislik sahələrində ixtisaslaşmış işçi qüvvəsinin artması ilə müşahidə ediləcək. Təhsil alan insanların işsizlik səviyyəsinin azalması gözlənilir. 2030-cu ilədək ali təhsilli şəxslər arasında işsizlik səviyyəsi təxminən 5%-ə qədər enə bilər, təhsilsiz işçilər üçün isə bu rəqəm 10-12% civarında qala bilər. Təhsilə yatırılan sərmayələr iqtisadi artıma müsbət təsir göstərəcək. Təhsilli və ixtisaslı işçilərin məhsuldarlığının artması nəticəsində, Azərbaycan ÜDM-i 2030-cu ilə qədər 3-5% artım göstərə bilər. Bu statistik göstəricilər təhsilə qoyulan sərmayələrin gələcəkdə həm fərdi, həm də milli səviyyədə böyük iqtisadi mükafatlarla geri dönəcəyini sübut edir”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*