Təkbaşına 65 erməni terrorçusunu məhv edən və sonra şəhid olan Elnur Hacıyev – FOTOLARbackend

Təkbaşına 65 erməni terrorçusunu məhv edən və sonra şəhid olan Elnur Hacıyev - FOTOLAR

Elşən Qəni, jurnalist

Nənəmdən bizə çox şey miras  qalmayıb . Danışdığı şirin söhbətlər ,ibrətamiz məsəllər, heç yadımdan çıxmaz.  Müharibədən söz düşəndə uşaqlıqdan yaddaşıma həkk olub,  nənəmdən mənə miras qalmış bu kəlmələri  qulağımda zınqırov səsi verir… «Müharibə qara xəbərin əkiz qardaşıdır. Əvvəl müharibə gəlir, ardıyca da  qara ilan kimi  sürünə-sürünə  səsizcə qara xəbərlər gələr.Belə xəbərlərin kimin qapısından, kimin bacasından nə vaxt girdiyini heç kim bilməzdi. Bir də baxıb görərdin ki, qara xəbər sənin evinin içindədir.Oğlu əsgərlikdə olan analar, qardaşı müharibədə olan bacılar, yoldaşını döyüşə yola salan gəlinlərin birinci gözlədiyi qara xəbər olur. İkinci yola saldığını gözlər… Allah bir də ölkəmizə nə müharibə göstərsin nə də qapılarımızı qara xəbərlər döysün” deyərdi ,nənəm.

Bizim nə istəyimizdən, nə düşünməyimizdən asılı olmayaraq, düz 30 ildir ki, xalqımız xain qonşularımız tərəfindən müharibəyə cəlb olunub. Düz 30 ildir ki, hər Qarabağ adı çəkiləndə yaxınları orduda, əsgərlikdə olanların sinəsindən  bir qara yara ağrısına bənzər sancı tutardı.Ürəklərindən qara qanlar axırdı… Birdən düşündüklərim başıma gələr deyə hər oğlu əsgərlikdə olan ana qorxu keçirər, hər qardaşı düşmənlə üzbəüz səngərdə olan bacılar gecələrini  səhərə kimi yatmaz, səhəri yatağında diri açardılar.Yar yolu gözləyən hər bir  xanım boynubükük bənövşə kimi başını dik tutmağa gücü çatmazdı…

Müharibənin hər dəqiqəsinin qanla yazılan tarix olduğunu, siyasətin arxaya çəkilb,  gücün meydan suladığını, ölüm saçan sılahların qulaq batıran gurultusunun, ölüm aparan raketlərin nəriltisinin, ölümə doğru şütüyən qırmızı güllələrin parıldayıb meydan suladığını, hamımız bilsək də, son zamanlar hamı müharibənin qaçılmaz olmasından danışırdı. Xüsusilə gənclərimiz… Ali Baş Komandandan düşmənə cavab verib, düşməni layiq olduğu yerində oturtmaq üçün fürsət istəyirdilər. 2020-ci ilin 27 sentyabrında xalqımız sabahı müharibə xəbəri ilə açdı. Gənclərimiz, igidlərimiz, vətən sevdalı oğullarımız, namus çəkərlərimiz qisas deyib hayqırdılar… Hərbi Səfərbərlik idarəsinə tələsənlər içərisində təcürbəli, hərbi biliyi, bacarığı ilə seçilən, 2020-ci ilin fevral ayında qüsursuz xidmət edib təqaüdə çıxan, ehtiyatda olan mayor Elnur Yaqub oğlu Haciyev də var idi.

Sentyabrın 27- si səhər tezdən Elnur ermənilərin torpaqlarımıza təcavüzü haqqında məlumatı eşidən kimi, tez hərbi formasını geyindi. Televizorda cənab Ali Baş Komandanın xalqa müraciəti olacağı haqqında məlumat gedirdi. Elnur çox həyəcanlı idi. Tez-tez hərbiçi yoldaşlarına, sabiq əsgərlərinə zəng vurub vəziyyəti öyrənməyə çalışırdı. Ekran qarşısında dayanıb cənab Ali Baş Komandanın xalqa müraciətini diqqətlə dinlədi. Qəfil yerindən qalxıb, Ali Baş Komandana əsgəri qaydada təzim edib məruzə etdi. “Cənab Ali Baş Komandan, ehtiyatda olan mayor Elnur Haciyev döyüş tapşırıqlarını yerinə yetirmək üçün əmrinizə tam hazırdır”,- dedi. Sonra qızımızı qucaqlayıb opdü:

“Elnarə, anam və qızımız sənə əmanət, mən gedirəm”, – dedi.

Ömür gün yoldaşı Elnarə xanımın səsi zəifləyir, göz yaşı selə dönür, qəhər boğur. “Elnur çox ümidli, Allaha bağlı bir adam idi. Qələbəyə çox inanırdı. “Mən qələbə ilə qayıdacam”, – deyirdi. Etiraz etdim, qorxuram, Elnur,çox qorxuram dedim. Getməsini istəmədiyimi bildirdim. Mane olmağa çalışdım. “Elnarə, Allahdan ümid kəsilməz.Narahat olma, sağ-salamat qayıdacam. Mən zabitəm. Zabit şərəfim var. Evdə gizlənib gözləsəm, dövətin mənə vediklərini özümə haram sanaram. Dost, tanış üzünə baxa bilmərəm” deyib, bizimlə vidalaşıb evdən çıxdı. Evdən çıxarkən sanki bir də qayıtmayacağın hiss edirmiş kimi arxaya çevrilib evimizə baxdığını gördüm…

Qara bulud kimi dolmuş, gözlərində göz yaşı qaynar bulaq kimi sellənən, dərdini dağ edib sinəsinə basmış göyüm-göyüm göynəyən anası Hicran xanım söhbətə qoşulur:

– Açıq danışacam Sizinlə. Müharibənin olacağı öncədən ürəyimə danmışdı. Bilirdim ki, müharibə başlayarsa,  Elnur da dayanmayacaq, gedəcək. Nə gizlədim, Elnurun müharibəyə getməsini heç istəmirdim. Evdə xəstə bacısı var. Özüm yaşlanmışam. Elnurumun 11 yaşlı bir qızı da var. Ona ata qayğısı lazımdır. Bir də ki, Elnur kifayət qədər xidmət edib, təqaüdə yenicə çıxmışdı. Düşünürdüm ki, ailəsi ilə baş-başa verib rahat həyat yaşamağa Elnurumun daha çox haqqı çatır. Etiraz etdiyimi bilib, deyirdi ki, “sən nə danışırsan, ana. Mən peşəkar hərbiçiyəm. Kifayət qədər təcürbəm var. Bu yaşda oturum evdə, körpə, təcrübəsiz, hərbi təlim, təhsil görməmiş  uşaqlar düşmənlə döyüşə getsin?”. Heç  müharibə başlamamış balam könüllü olaraq cəbhəyə getməsi üçün komissarlığa gedib müraciət etmişdi…

Dosye: Elnur Yaqub oğlu Haciyev 12 iyun 1979-cu ildə Ucar rayonunda anadan olub. Orta təhsilini 1986-1996 cı illərdə Ucar rayon 5 saylı orta məktəbində alıb. 1997-ci ildə Ali Hərbi Dənizçilik Akademiyasına daxil olub. 2002-ci ildə Akademiyanı əla qiymətlərlə başa vurub. Elə həmin ildəcə Qobustanda yerləşən N saylı hərbi hissədə qulluğa başlayıb. 2006-cı ilə kimi Qobustanda xidmət göstərən gənc zabit rəhbərliyə raport yazıb könüllü olaraq, ön cəbhəyə getmək niyyətində olduğunu bildirib. Komandanlıq 2006-cı ildə onun arzusunu nəzərə alaraq hərbi qulluğunu davam etdirmək üçün Tovuzda yerləşən N saylı hərbi hissəyə göndərib. 2011-ci ilə kimi Tovuzda qulluq edən Elnur Haciyev daha sonra xidməti vəzifəsini  Ağdam rayonunda yerləşən hərbi hissədə davam etdirir. 2015 ci ilə kimi Ağdamda hərbi vəzifəsini yerinə yetirən zabitimiz komandanlığın əmrinə əsasən qulluq yerini Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirməli olur. 2019-cu ildə isə mayor Elçin Hacıyev Ağstafa rayonunda Kimya xidməti rəisi kimi hərbi qulluğunu davam etdirmiş, 2020-ci ilin fevralında  qüsursuz xidəmət edərək təqaüdə çıxmışdı.

Dəniz qüvvələrinin hərbi qulluqçusu, polkovnik-leytenant Məmməd Əliyev.

Biz Elnurla 1997 ci ildə Ali Dənizçilik Akademiyasına qəbul olarkən tanış olmuşduq. Elnur orta məktəbdən, mən isə C.Naxçıvanski adına hərbi liseyi bitirib gəlmişdim. Tale elə gətirdi ki, biz kurs yoldaşı, otaq yoldaşı olduq. Eyni kimya ixtisası üzrə  8 uşaq qəbul olmuşduq. Təəssüf ki, cəmi beşimiz məktəbi bitirə bildik. Hərbi məktəbin öz qanunları, özünəməxsus çətinlikləri olur. Təbii ki, buna hamı dözə bilmir. Elnurda əsl hərbiçi xarakteri, səbir, dözüm, dəyanət var idi. Elnur bir kişilik məktəbi idi. Ondan ancaq yaxşı nə isə öyrənmək olardı. İlk tanışlıqdan münasibətlərimiz möhkəm dostluğa, qardaşlığa döndü. Bir-birimizin xeyrində, şərində iştirak edərdik. Məktəbi bitirəndən sonra bir müddət Qobustanda yerləşən N sayli hərbi hissədə birgə xidmətdə də olduq. Sonra Elnur raport yazıb könüllü döyüş bölgəsinə getmək istədiyini bildirdi, mən isə Hərbi Dəniz Qüvvələrində qulluğumu davam etdirməli oldum. Elnur hər Bakıya gələndə biz görüşərdik, xatirələri təzələyərdik.Elnur çox nikbin, ümidli, həyat eşqi olan adam idi. Baməzə zarafatlarından, özünün düzüb-qoşduğu lətifələrin duzundan doymaq olmurdu ki… Bakıya gəlməmişdən öncə zəng edib məlumat verir, bizi başına toplayırdı. Qüsursuz xidmətini başa vurub, təqaüdə çıxmışdı. Bakıda da ev almışdı.Görüşlərimiz intensivləşmişdi. Qəfil müharibə başladı. Mən bilirdim ki, Elnur o adamlardan deyildi ki, “mənə nə”, deyib, özünü arxaya verəydi. Elnurun ürəyi düşmənə qəzəblə, kinlə dolu idi. O, torpaqlarımızın erməni işğalında olmasını həzm etməyən şərəfli zabitlərdən idi. Və könüllü müharibəyə də getdi… Döyüşdə olanda da əlaqəmizi kəsməmişdik. Bir gün telefonuna zəng çatmadı. Sən demə, Allah Azərbaycan Ordusununda çox şərəfli bir zabiti, bizdən, ailəsindən isə gözəl bir dostu, gözəl bir insanı alıbmış. İndi təsəllinin onun qəbri üstə getməklə,bir də bizə əmanət olan qızı ilə tapırıq…

Müharibə haqqında kənardan seyirçi gözü ilə düşünmək bəlkə də asandır. Əzizini, doğmasını, can parasını müharibəyə göndərib, gözləməyin nə olduğunu anlamaq üçün, müharibədə Şəhid vermiş insanların dərdini duymaq, onların gözünə baxıb, sellənən göz yaşının acısını dadmaq çox çətindir. Bu insanların gözlərinin içinə düz baxmaq belə olmur. Baxdıqca o dəhşətli anların ürəklərdə qopardığı fırtınalı səhnəni bu məğrur insanların gözündə görürsən, baxışlarından oxuyursan. Ağzını açanda içindəki dərdin, yanğının odunu nəfəsindən anlayırsan… “Müharibə nədir” sualına mənim üçün birmənalı cavab tapmaq olduqca çətindir… Düşünürəm ki, müharibə yarımıçıq ömürlərin, nakam sevgilərin dəfn olunduğu böyük bir məzarlıq deməkdir. İgidlərin qəhrəmanlıq tarıxini qanları ilə yazdıqları qəhrəmanlıq səlnaməsinin qanlı sətirləri müharibədir… Gözüyaşlı, ürəyi dağlı bir ananın fəryadının ərşi-əlaya yüksəldiyi məqam müharibədir.  Sinəsi dərddən dağlanan bir bacının başından tüstü çıxdığı, ürəyində qara qanların donduğu, göz yaşının selləndiyi yer müharibə meydanıdır . Ata həsrətli bir körpənin, donmuş sönük baxışının dil açıb danışdığı yer də döyüş meydanıdır. Balaca, 11 yaşlı Hicranın gözümə zillənən məsum baxışlarından yayınmaq, axan göz yaşımı gizlətmək üçün tez –tez eynəyimin altından süzülən göz yaşlarımı silməyə çalışıram. Sakit- sakit bizi dinləyən Hicran oturduğu yerdən qalxıb mənə yaxınlaşır. Balaca nazik  əllərini üzümə yaxınlaşdırıb göz yaşımı silərək:

– Əmi, ağlama! Şəhidlər ölmür ki… İndi atam yuxarıdan-cənnətdən bizə baxır. Nə etdiyimizi görür. Həyatını vətəninə, sevdiklərinə bağışlayanlar müqəddəs varlıqlardır. Bir baxın, tanımadığı biri, atamın bizdən ayrılığına dözə bilməyib ağlayırsa atam da, biz də xoşbəxtik. Atamla fəxr edirəm. İndi Siz onun haqqında yazıb onu Azərbaycana tanıdacaqsınız…

Üzümdə gəzən o, nazik, körpə əlləri dodaqlarıma yaxınlaşdırıb öpürəm:

– Hə, qızım, atan indi Tanrı dərgahından bizə tamaşa edir. Gərək elə ömür yaşayaq ki, biz də yaşadığımız ömrə görə xəcalət çəkməyək…

Araya sükut çökür. Balaca, çəlimsiz Hicranın düşüncəsi, içində  gedən müharibə, götür qoy etmələri bizi susdurur. Otaqda olanlardan heç kimin danışmağa  gücü çatmır… Handan–hana Elnurun anası Hicran xanım sakitliyi pozur:

– Oğlum evdən çıxıb Hərbi Səfərbərlik İdarəsinə gedib. Oradan da birbaşa Bərdəyə aparıblar. Bərdədə bir yaxın dostu ilə görüşüb, belindəki hərbi kəmərini də açıb ona bağışlayıb. Elə bil qayıtmayacağı ürəyinə damıbmış. Oradan birbaşa döyüşə yollanıb. Elnurda əsl hərbiçi, döyüşçü xasiyyəti, qəhrəman hünəri var idi.Hələ müharibədən öncə qulluq etdiyi vaxt əsgərlərindən, onların halından, xasiyyətindən danışmağı sevərdi. Əsgəri öz övladı bilərdi. Əsgərləri də həmişə onu, ən əziz dostu, qardaşı sanardı. Son tikəsini də əsgəri ilə bölərdi. Özü yeməzdi, əsgərinə yedizdirərdi…

Vaxtı ilə Elnur Haciyevin qulluq etdiyi hərbi hissədə qulluq etmiş Elvin Qəniyev söhbətə qoşulur:

– Mayor Elnur Hacıyev Tovuzda xidmət edəndə mən də orada hərbi xidmətdə olmuşam. Onda o, kapitan rütbəsində idi. Bütün şəxsi heyyət arasında böyük hörməti var idi. Hamı onu ən yaxın dostu, sirdaşı bilirdi. Elnur Hacıyev gözəl davranışları, istiqanlı münasibəti ilə əsgərlərin qəlbində özünə yuva qurmuşdu, yurd salmışdı. Açığını deyim ki, elə zabitlər var idi ki, adam onunla üzbəüz gəlmək, gözünə görünmək istəməzdi… Bir də görürdün ki, əsgərlər bir yerə toplaşıb  gülür, danışır, zarafat edirdi. O, dəqiqə hamı bilirdi ki, kapitan Elnur Hacıyev oradadır. Əsgərlərə ya lətifə danışır,  ya kiminləsə zarafat edir… O, bü vətəni də, onun vətəndaşlarını da, dövlətimizi də canından çox sevirdi. Biz əsgər olarkən yaxşı bilirdik ki, əgər ermənilərlə aramızda döyüş olarsa öndə kapitan Elnur Hacıyev olacaq. Elnur sinəsini qabağa verib əsgərini qoruyan zabitlərdən idi… Belə insanlar olmasa torpaq Vətən olmaz. Belə insanlar olmasa yaxşı ilə pisi seçmək çətin olar. Elnur Haciyev qızıl  insan idi. Əsil kişi idi…

– Ailədə üç uşaq idik. Elnur ortancılımızdı. Atam çox ciddi adam idi. Zarafatı, lağ-lağanı heç sevməzdi. Amma Elnurun bir başqa xasiyyəti var idi. Elnur olan yerdə ne telivizor yada düşərdi, nə teatr.  Adam adamın könlün açmaq, zarafat etmək, gülmək, danışmaq üçün gəlmişdi bu dünyaya. Elnur elə bir insan idi ki, hər sözünü, hər dərdini ona demək olardı. Adamın ürəyindən tikan çıxaran qardaş idi. Gözəl dost idi. Gözəl ata, gözəl ər, təkrar olmaz oğul idi. Hamının yerini bilən, ağzının tikəsini, cibinin qazancını bölməyi bacaran biri idi. Uşaq olanda gecələr baş-başa verib səhərə qədər söbət edərdik. Bəzən atam yatmadığımızı bilib, bizə acıqlanardı. “Guya səhər bunlar bir-birini  görməyəcək, yatın, sabah yenə söhbət edərsiniz”, deyərdi. Bacım xəstələnmişdi. İnanın imkanı olsaydı Elnur öz canından ona pay verərdi. Ömründən kəsib ömrünə, ömür  calayard. Elnur  elə bir insan idi, deyir bacısı Elnarə xanım. Müharibənin başlandığı ilk günündən  imkan düşən kimi bizlə danışırdı. Əlaqəmiz  heç kəsilməzdi. Füzulidə, Cəbrayılda , Suqovuşanda,Hadrut istiqamətində gedən döyüşlərdə döyüşüb,qardaşım.

Söhbəti anası Hicran xanım davam etdirir:

– Elnur oktyabrın 17-də günorta vaxtı zəng etmişdi. Narahat olduğumu dedim. Dedim top səsi evimizin içinə kimi gəlir. Hətta düşmən raket zərbəsi ilə qonşu Alpout kəndini vurduğunu dedim. “Narahat olma” dedi. Gülürdü… Bizə dedi ki, “Ora da raket düşə biləcəyindən narahatsınızsa, gedin Bakıya”. Bakıda ev almışdı. 2019-cu ildə dekabırın 31-də evinə yığışmışdı. İnanın, üç gün dostları başına yığışıb, yeyib, içib, deyib gülmüşdülər. Çox dostpərəst idi, balam.

Dedi ki, “Bu dəqiqə dostlarıma deyəcəm gəlib sizi Bakıya aparsınlar”. Aradan heç bir saat keçmədi, dostu gəldi. Bacısıgili göndərdim, Bakıya. Amma özüm getmədim. Sən demə, elə həmin gün Elnur Hadrut uğrunda gedən döyüşlərdə ayağından və qarnından yaralanıbmış. Döyüş yoldaşları, əsgərləri nə qədər xahiş edib, dilə tutublarsa ki, geri çəkil, müalicə al. Razı olmayıb. “Mən bir zabitəm. Əsgərimi döyüş meydanında qoyub, geri çəkilsəm, mənim adım, şərəfim nə olar” deyib. Özü öz yarasını sarıyıb. Döyüş yoldaşları deyir ki, Suqovuşan uğrunda gedən döyüşlərdə Elnurun komandirlik etdiyi qrup mühasirəyə düşür. Düşmənlə qeyri bərabər döyüşdə Elnurgilin döyüş sursatı tükənmək üzrəymiş.

Elnurum əsgərlərinə deyib ki, nə mövqeden geri çəkilmək var, nə də təslim olmaq. Son patronumuza qədər döyüşəcəyik. Əgər son anda başqa çıxış yolu olmasa özümüzü şəhid edəcəyik. Balam döyüşə gedəndən şəhidliyə hazır idi. Son anda Xüsusi Təyinatlılar gəlir, həm Suqovuşanı azad edirlər ,həm də Elnurun dəstəsi mühasirədən çıxır…

Həmin gün Elnur bir də zəng etdi.Mənim Bakiya niyə getmədiyimi soruşdu. Sən demə bu onun son zəngiymiş. Son dəfə balamın gülüşün, səsin eşidəcəkmişəm. Elnur,  özünü qoru, səni gözləyirik. Qızın səndən ötrü dəli-divanə olub. Uşağı kiridə bilmirik, dedim. “Narahat olma, ana, mən bura ölməyə yox öldürməyə gəlmişəm. Torpaqlarımız azad olunmayınca, düşmənə can vermərəm”, dedi. İnandım. Çox ötkəm, kefi kök danışırdı.  Ağzıbütöv idi balamın. Əsil kişi idi. Yaralandığını da bizdən gizlətdi. Elə həmin gün 17 oktyabrda gündüz saat  4- də Hadrut uğrunda gedən döyüşlərdə oğlum qəhrəmancasına şəhid olub. Deyirlər ki, şir ürəkli Elnurum təkbaşına 65 erməni terrorçusunu cəhənnəmə göndərə bilib…

Qara xəbər qara tüstü kimi bir şeydir.Tez yayılar, tez görünər. Elnurun Şəhid olma xəbəri də sürətlə Ucara yayılmışdı. Vətənin Qəhrəman bir oğlunun canından çox sevdiyi torpaq uğrunda  canını fəda etmə xəbəri sürətlə bütün elə,obaya yayılsa da anası bu acı xəbəri eşitməmişdi. Amma ana ürəyi həssadır. Olacaqları öncədən duyar, hiss edər…

Oktyabrın 17- si axşamüstü saat 5  olar-olmaz məni darıxma tutdu. Elə bildim boğuluram. Havam çatışmırdı. Nəfəsim sanki kəsilmişdi.Tez Elnurun nömrəsini yığdım. Zəng çatmırdı. Ardıcıl olaraq zəng vururdum. Bacısı Elnarəni  də Bakıya yola salmışdım. Tez Elnarəyə zəng edib Elnurumun başında bir iş olduğunu dedim. Elnarə mənə təsəlli verməyə çalışdı…

– Anam mənə  Elnurun nömrəsinə zəng çatmadığını deyən kimi mən də ona ardıcıl olaraq zəng vurmağa başladım. Telefonuna zəng çatmırdı. Sürücüdən xaiş etdim ki, geri dönək. Daha Bakıya gedəsi olmadım. Sən demə, artıq bütün Ucar bu xəbəri eşidibmiş. Mən Ucara çatanda gördüm ki, bütün evimizin ətrafı, küçələr adamla dolub. İcra Hakimiyyətinə məlumat daxil olan kimi, birbaşa evimizə deməyiblər. Vəfa xalama xəbər veriblər. Xalamgil də bizə gəlib qardaşımın yaralandığını dedi. Şəhid olma xəbərini deməyə ürəyi gəlməmişdi xalamın. Artıq bizə hər şey aydın idi…

Bacısı oğlu Elmirin dedikləri:

– Dayım çox şən, deyib-gülən adam idi. Cənnətə gedəndə də gülə-gülə gedib. Şəklini çəkiblərmiş. Sonra həmin şəkli bizə də verdilər… Dedilər ki, yanına qranatatan mərmisi düşüb. Hətta qəlpə cibini deşib keçərək telefonu əymişdi…Elmir telefonunda saxladığı şəkli bizə göstərir. Sağ əli başının altında, gülümsər gözlər, nurlu baxışlar vida edən adamdan, daha çox xoşbəxt bir insanın təbəssümünü xatırladır. Bu mənim birinci gördüyüm şəhid şəkli deyil. “Qarabağ” ordenli igid Rəhim Hüseynov da sağ əlini  ürəyinin üstə qoyaraq, həmişə necə yatırmışsa o, cür qayğısız bir təbəssümlə əbədiyyətə qovuşmuşdu. Bu nə ilahi sirdir? Bu nə ilahi qüdrətdir? Anlamaqda çətinlik çəkirəm. Bəlkə də torpağını azad edən, işğalçıya layiqli cavab verən igidin son məmnunluq ifadəsi , ya Tanrı dərgahına gedən qəhrəmanlarımıza cənnətin müjdəsini verən mələklərə minnətdarlığın rəmzidir bu gülüş…

– Adam var evdən gedir, adam var elden gedir. Elnur tək bizim üçün yox onu tanıyanlar, dostları, əsgərləri üçün çox ağır bir itgi oldu. Mən oğlumu yox, bir sirdaşım, ürək  dostumu , qardaşımı itirdim, Elnurun timsalında…Heç qızlarımla O,qədər yaxın deyildim. Hər sözümü çox rahatlıqla Elnura deyə bilirdim. Elnur kimi övladlar çox az-az dünyaya gəlir. Qurban demişdim sağ salamat gəlməsi üçün.Tanrım qurban olaraq Elnurumu öz yanına apardı…

Elnurun döyüş  komandiri olduğu əsgər Arif Şirəliyev:

– Tale elə gətirdi ki, Vətən Müharibəsi başlayan günü Ucar rayon Hərbi Səfərbərlik idarəsində mayor Elnur Haciyevlə Allah  bizim yolumuzu birləşdirdi.  Yolumuz   komandir həlak olana kimi bir oldu.  Mayor Elnur Haciyev kimi insanlar məncə ya çox az olurlar, ya da heç olmurlar. O, bir obraz idi… Kişilik, bütövlük, hərbçi, nəhayət bir əsil  komandir obrazı idi. Məncə ona təkcə nə ata, nə qardaş, nə dost gözü ilə baxıb xarakterizə etsək, səhv olar. Elnur Hacıyev bütün bunların cəmi idi. Onun böyük ürəyi, böyük təcrübəsi, mükəmməl hərbi biliyi var idi. Döyüşə gedərkən bizi elə ruhlandırırdı, elə danışırdı ki, adam düşməni param-parça edəcəyinə, qalib olacağına qəti şübhə etmirdi. Adam talant idi. Bizə deyərdi ki, Allah bizə məğlubolma haqqı verməyib. Ya qalib, ya qazi, ya da şəhid olacağıq. Başqa yol yox artıq. Mayor Elnur Haciyevin əsgəri olmaq, onun kimi bir zabitlə, komutanla döyüşmək hər kəsə nəsib olan xoşbəxtlik deyil. İnsan əsgərə görə, Vətənə görə, qələbəyə görə özünü fəda etmək hissinə sahib nadir insanlardan idi. Elnur kimi insanlar ölmürlər. Cəsurlar ölmürlər,  adını millətin, vətənin adı ilə qoşa yazmağı bacaranlar əbədiyaşardırlar. Mən fəxr edirəm ki, Elnur Haciyevin əsgəri olmuşam… Təkcə bu ad, Elnur Haciyevin əsgəri, döyüş yoldaşı olmaq mənə kifayət edir.

Anar Şıxəliyev, Şəhidin sinif yoldaşı:

– Elnurun şəhid xəbərini Bakıda eşitdim.Sinif yoldaşı olmuşuq. Bu yoldaşlıq  çox möhkəm bir dostluqla bizi bir- birimizə bağlayırdı. Elnur möcüzə bir insan idi. O, harada dayanırdısa elə bilirdik ki, dünyanın mərkəzi oradır. Deyib-gülmək, şənlənmək, dərd olarsa dərdi birgə çəkmək… Elnur işin asanına gedən adam deyildi. Həmişə ən çətin yükü öz boynuna götürərdi. Gecə saat üçdə qapısını döysəydin gülə- gülə açardı,qapını üzünə. Elnurun leksikonunda “yox” sözü yox idi. “Baş üstə”, “gözüm üstə” “oldu” var idi. Aramızdan tez getdi. Yəqin tez gədəcəyin bilirmiş ki, özünü bizə bu qədər çox sevdirməyi də bacardı. Hər yerdə gözüm onu gəzir. Yoxluğuna inana bilmirəm. Ucara gedəndə ilk getdiyim yer Şəhidlər xiyabanı olur… Orda da o gözəl gözləri gülür. Elnur hamını olduğu kimi başa düşən adam idi. Adam kimi adam idi… Məncə o, indi də bizi eşidib yenə gülür. Allah  o,uca məqamını daha da  uca etsi,qardaş…

– 2008-ci ilin 23 martında toyumuz olub.Birgə yaşadığımız bu illər ərzində bir dəfədə olsun ondan xoşagəlməz bir söz, acı bir xatirə yadımda qalmayıb. Gözəllik gördüm onda… İşıq gördüm… Nur gördüm… Xoş niyyət gördüm, onda… Elnur işdə olanı, etdiklərini  evdə danışmazdı. 2011-ci ildə onun  bir əsgərinin şəhid olduğun bilirdim. Elnur həlak olandan sonra həmin şəhid olan əsgərin valdeyinləri də başsağlığı üçün bizə gəlmişdilər. Demə bu illər ərzində Elnur mütəmadi olaraq o ailəyə baş çəkib, öz qayğısını əsirgəməyibmiş…

Amma bu barədə bir dəfə də olsun evdə deməmişdi. Elnur mənə elə bir ömür yaşatdı ki, bundan sonra beş dəfə bu dünyaya gəlsəm yenə Elnur deyərəm. Elnur indi tək ailəsinin deyil bütöv bir millətin qəhrəmanı oldu. Elnur kimi bir oğlunu  itirən Vətənə, başın sağ olsun deyirəm. Təki Vətən sağ olsun. Bir Elnur gedər, yerinə min Elnur gələr. Təki bayrağımız enməsin. Təki başımız önümüzə bir də əyilməsin. Təki Elnurların qanı tökülüdüyü o müqəddəs torpaqlarda  gələcəkdə şən, qayğısız balalar böyüsün. Canlarını bu torpağa qurban verib Tanrıya yol alan igidlərin ruhu qarşısında əyilsin başımız…

– Atam hər gün yuxuma girir.Əvvəl bir ağ işıq kimi nur saçır. Sonra özü gəlir. Sən rahat yat qızım. Biz Qarabağ  hicranına son qoyduq ki, Hicranlarımız daha müharibə, ölüm qorxusuyla yatmasınlar,deyir mənə… Mən atamla bütün həyatım boyu fəxr edəcəyəm. Belə bir igidin qızı olmaq böyük xoşbəxtlikdir…

Tanrı hər zaman səni xoşbəxt etsin atasının mələyi. Biz də sənin atan kimi igidlərə görə alnıaçıq, başı dik gəzə bilirik, deyirəm balaca Hicrana.

Xalqımızın igid oğlu, döyüş komandiri Elnur Hacıyevin xatirəsi qədir bilən xalqımızın qəlbində əbədi yaşayacağı heç şübhəsiszdir. 18 oktyabrda minlərlə ucarlı öz qəhrəman oğlunu son mənzilə yola salmaq üçün onun doğulduğu ata ocağına yığılmışdı. Ruhunu göylərə təslim edən igidimizin nəşi doğma Ucarda Şəhidlər xiyabanında torpağa tapşırıldı… Şəhidlik zirvəsinə yüksələn igid komandirin qəhrəmanlıqları ölümündən sonra dövlətimiz tərəfindən yüksək  qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  “Vətənə xidmətlərə görə  3-cü dərəcəli” orden, “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” və “Füzulinin azad olunması” medalları ilə təltif edilib…

Ucarda bir ünvan var. Hamının müqəddəs bildiyi, üz tutduğu müqəddəs insanların uyuduğu Şəhidlər xiyabanı. And yerimiz. Müqəddəs ziyarətgahımız. Canını sevdikləri Vətənin bütövlüyü, birliyi, təmsil olunduğu xalqın işıqlı sabahı, sakit gələcəyi uğrunda  təmənnasız fəda etmiş igidlərin son ünvanı. Bura üz tutan insanları nurlu çöhrələri, sakit, gülümsər baxışlarla qarşılayan, bizim həyatımızın hüzuru üçün canlarını fəda etmiş oğullarımızın, bu dünyadan gedərkən də “qalanlara salam olsun” deməyi bacaran Vətən övladlarının son dayanacaq yeri. Allah məqamınızı Uca, yerinizi rahat etsin. Böyüklüyünüz, Qəhrəmanlığınız qarşısında əyilməyən baş bizdən deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*