“Telekanallar məni yaxın buraxmırlar”- Kamran Həsənli ilə MÜSAHİBƏbackend

“Telekanallar məni yaxın buraxmırlar”- Kamran Həsənli ilə MÜSAHİBƏ

Tanınmış jurnalist Kamran Həsənli “Sherg.az”a müsahibə verib. 

KONKRET.az xəbər müsahibəni təqdim edir:

– Öncə Azərbaycan efir məkanından başlayaq, telekanallarımız efir setkası ilə razısınızmı? Nələr var və əslində nələr olmalıdır?

-Azərbaycan efirləri bərbad haldadır, cəmiyyətə heç nə qazandırmır. Televiziya aparıcılarının, proqramlarının peşəkarlığı, eyni zamanda tamaşaçını düşündürəcək yumor, şou proqram, siyasi verilişlər olmalıdır. Televiziyanın formatını biz icad etməmişik, Amerikada icad olunub. Əyləncə və informasiya xarakteri daşıyır, cəmiyyətin güzgüsüdür. Əhali efirə baxıb özünə, mədəniyyətinə, dilinə nifrətlə yox, sevgi ilə yanaşmalıdır. Aparıcıların səs tonundan tutmuş xarici görüşünə qədər məsələlər önəmli məqamlardır. Amma bizim televiziyamız əyri güzgüdür. Əhali baxıb əksini görmür. Cəmiyyətin lazımsız, eybəcər xüsusiyyətlərini göstərir deyə, toplum da nifrət bəsləyir. Monitorinq aparsaq, görərik ki,  100-də 98 faiz insan nəinki televiziyanı izləmir, nifrət edir.

-Bir zamanlar intellektual şou verilişlərinin aparıcısı olmusunuz. Haray-həşir deyil, intellektual “qidalandırma” ilə məşğul idiniz. Bəlli bir səviyyəsi olan müğənnilər də qonaq olurdular. İndi isə belə verilişlər kasaddır…

-Hazırki televiziyamız özünü arsızlığa qoyub, necə ki, KVN təmsilçilərimiz özlərini arsızlığa qoymuşdular. Bütün xalq qınayır. Çıxıb üzr istəyib, “Səhvdir də, etmişik” deməkdənsə,  həyasızcasına davranırlar. Guya, hər şey normaldır. Bunların quyruqları görünmür, özlərini o hala salıblar. Televiziyamız da belədir. Bütün kanallar Kamran Həsənliyə qarşı koalisiya təşkil ediblər. Ümumiyyətlə, məni yaxın buraxmırlar. Bir atalar sözü var, deyirlər: Bağbanı bağa buraxmırlar. KVN-çilərə də söyləyirlər ki, sizi söyürlər, nifrət bəsləyirlər. Onlar da, “Nə olsun, nə olsun”deyirlər. Elə bilirlər, tamaşaçının izləyib söyməsi, tüpürməsi reytinq deməkdir.

-Efir məkanımızı şou cameəsi “bəzəyir». Sanki insanların düşüncəsini şou-biznesə kodlaşdırmaq istəyirlər…

-Bizdə nə şou var, nə də biznes. Şou-biznes dünyada induksiyadır, sənaye kimidir. Orada çox böyük pullar dönür. Cəmiyyətə təsir edəcək fiqurlar yaranır. Dünyanın inkişaf etmiş ölkələrində sənətçilərin  böyük hörməti, izzəti, azad fikri, düşüncəsi mövcuddur. Amerikada, Fransada, Almaniyada, elə Türkiyənin özündə  də sənətçilər millət vəkillərindən yüz dəfə zəngindirlər. Azərbaycanda isə tərsinədir. Bizdə toy biznesi var idi,  indi o da yoxdur. Sənətçinin işi toya gedib pul qazanmaqdan ibarət idi. Belə şou-biznes olmur. Birbaşa adını toy biznesi qoymaq lazımdır. Bugünlərdə o da yoxa çıxıb.
2000-ci ildən təxminən 2010-cu ilə qədər televiziya yarada bilmişdik. Azərbaycan sənətçiləri cəmiyyətin içində böyük hörmət qazanmışdılar. Hər ulduzun özünün həqiqi fanat ordusu vardı. İstər reper, istərsə də pop musiqi ifaçısı kimi təbliğ edirdiksə, həmin vaxtlar sənətçilərə böyük rəğbət bəslənilirdi.

-Sonra nə oldu, düzən niyə pozuldu?  

-Təxminən 2008-ci ildən sonra konsept dəyişdi. Televiziyamız milli dəyərləri, düşüncələri olmayanların və yaxud nifrət edən insanların əllərində cəmləşdi. Sonra televiziyaya ailə mübahisələri, olmayan şou-biznes adıyla sənətçilərin alt-paltarından danışmaqları, şər atmaqları, bir-birləri ilə qalmaqalları yayımlanmağa başladı. Onsuz da şou-biznes yox idi, üstəlik sənətçilər də hörmətdən düşdü. İndi nəinki müğənnilərin əksəriyyətinin fanat orduları var, əksinə televiziya qədər nifrət qazanıblar. İnsanlar onlara əqidəsiz biri kimi yanaşır.

– Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də çörəyin qiymətinin bahalaşmasıdır. Təqaüdlər və müavinətlərdə artımlar oldu. Yaxşı, bəs, günəmuzd işləyənlərin maaşı artmadı, onların aqibətləri necə olacaq? Bahalaşma hansı təhlükələrə yol aça bilər?

-Millətin sadə nümayəndəsi kimi  evimdə işıq, qaz yanır, çörək alıb aparıram. Qiymət bahalaşmasından təbii ki, narazıyıq. Razı olmaq mümkün deyil. Ona görə də, ümumi qiymət siyasətində islahatlar aparılmalıdır. Ümumiyyətlə, ölkədə dərin islahatlar getməlidir. Biz proqramlarımızda siyasilər, millət vəkilləri ilə  islahatların aparılması barədə danışırdıq. Bunu gecikdirmək olmaz. Bizdə islahatlar hələ ki gecikir. Dünyada proseslər surətlə inkişaf edir. Artıq dünya qütbləşib. Burada mövqe bildirmək zamanı gəlib çatıb. Ukraynadakı prosesləri, NATO Rusiya qarşıdurmasını görürük. Düzdür, Rusiyanın NATO ilə qarşıdurmasında gücü yoxdur. Amma aqressiyanı əsdirir, təhlükə yaradır. Azərbaycan bu gün islahatlara getməlidir. Tərəqqipərvər, inkişaf etmiş dövlətlərin sırasına qoşulmaq məcburiyyətindəyik. Həmin dövlətlərdə bazar iqtisadiyyatı, qiymətlərin qalxması müşahidə edilir. Amma insanların gəliri də yüksəkdir. Məhz bu səbəbdən bahalaşma cəmiyyətə təsir göstərmir. Biz sanki Sovet İttifaqından kapitalizmə keçmək istəyirik. Bir ayağımızı sosializmə, digərini də kapitalizmə uzatmışıq. O tərəfə keçə bilmirik. Sovet dönəmində olan mənfi cəhətləri özümüzdə daşıyırıq. Kapitalizmin müsbət xüsusiyyətlərini – təminat, yüksək maaş, azad bazar iqtisadiyyatını götürmürük. Sosializmdən, kapitalizmdən mənfi cəhətləri götürüb cəmiyyətimizdə inkişaf etdirmişik. Bu əslində bizi çox pis yerlərə apara bilər. Odur ki, dünyada gedən prosesləri izləməliyik. Finlandiya, İsveç ölçüsündə ölkəyik. Onların apardığı islahatlar yolu ilə biz də inkişaf etməli və addımlamalıyıq.

-Sovet kəlməsini işlətdiniz. Qazaxıstanda baş verən hadisələrdən sonra iddialar ortaya atıldı. Guya, SSR bərpa olunacaq. Buna inanırsınız?

-Çox gülüncdür. Normal insan buna yalnız yumorla yanaşa bilər. Sovet  İttifaqı özünəməxsus ideologiyaya malikdir. İmperiya ifadəsini işlədirik. Hər imperiyanın  öz  ideologiyası var. Karl Marks,  Fridrix Engels, Vladimir Ulyanov və s. tonlarla kitabları, ideologiyaları mövcuddur. Sovet İttifaqı hansısa ölkəni sadəcə gəlib işğal etmirdi. İndi Qazaxıstana iki-üç rus əsgəri daxil olmuşdu. Rusiyanın erməni əsilli jurnalisti Marqarita Simonyan bağırırdı ki, nə Sovet İttifaqı,  Çingiz xanın nəvə, nəticələrindən qazaxlara ultimatum göndərirdi. Krımı tanıyın, dövlət dilini rus dili elan edəcəksiz və s.  Onlar da itiqovan kimi, necə lazımdırsa, qovdular. Simonyanlar, Putinlər olan yerdə imperiyanın ikibaşlı qartalı provaslavlıqdan söz açanda, rus imperiyasının keçmiş hədəflərindən söz açanda ittifaqdan danışmaq olar. Sovet İttifaqında Putin, Simonyan danışdığı sözlərə görə millətlərarası münasibətləri pozduğu üçün 15 ilə yaxın həbs cəzası, dərinə getsək güllələnmə qərarı da verə bilərdilər. Çünki anti- Sovet təbliğatı idi. Sovet İttifaqı xalqlar dostluğu ideologiyası vardı. SSR qurula bilməz, bunu kənara qoymaq lazımdır. Həmin ideologiya Rusiyada yoxdur. Orada kommunist partiyası varlığını qoruyub. Sovetlər ateist idilər. Bugünkü kommunistlər həm provaslav, həm imperialist, həm milləyətçidirlər. Onlar sovet adamı deyillər. Kommunist partiyası dövlət büdcəsindən haram pullar yeyən partiyadır. SSR kimlə bərpa olunacaq? Gürcüstan, Ukrayna, Latviya, Estoniya, Moldova, Azərbaycanla? Bunların heç biri Sovet İttifaqını istəmir. Türkmənistana baxın. Görün, Sovet İttifaqı ilə hara gedib çıxıb. Sovet İttifaqı dağılandan sonra hər bir respublika öz guşəsində qalıb. Olduqları yerdən çıxmaqları üçün proseslər getməlidir. Amma Rusiya imperiyası ənənələri sürdürür. Guya, torpaqlarını bərpa etmək istəyir. Hətta Polşaya da iddiası var. Qəti mümkün deyil. Əksinə nəinki imperiya bərpa olunacaq, Rusiya imperiyasının özü dağılacaq. Bu təkamülün qanunudur, təkcə Rusiyaya aid deyil.İmperiyalar eyni xüsusiyyətlərə görə dağılırlar. Rusiya son yaralı vəziyyətində impulslarını nümayiş etdirir.

-Rusiya ilə Ukrayna gərginliyinə görə Amerika ilə Rusiya diş-dişədirlər. Bu dəfə savaş başlasa, NATO və Amerika Ukraynanı yenə də «şimal ayısı»nın pəncəsində tək qoya bilərmi?

– Onlar ukraynalıların əvəzinə gəlib vuruşmayacaqlar. Amma silahla təchiz edəcəklər. Məşhur cümlə var. Deyirlər ki, Makedonsuz cavabını verərik. Ukrayna Makedonsuz da Rusiyanın cavabını verə bilər və dizüstə çökdürməyi bacarar. Ukrayna müharibəyə tam hazırdır. Həmin xalq dünyanın ən savaşçı, vətənpərvər xalqlarından biridir. Lakin sözügedən ərazilərdə  döyüşməyə hazır olan İngiltərə, Polşa, Amerikadan kiçik dəstələr var.  Sanksiyalar Rusiyanı tez bir zamanda  pis iqtisadi duruma gətirib çıxarmağa bəs edəcək. Bütün imperiyaların dağılması, başında duran diktatorların, özlərini çar hesab edən şəxslərin məhvi xarici məğlubiyyətlərdən keçir. Güman etmirəm ki, onlar Ukrayna ilə həqiqi müharibə etsinlər. Çünki çox cılız olduqlarını özləri başa düşürlər.

Dünyanın daxili məhsulu var. Dünya daxili məhsulun  22 faizi Amerikanın, 20 faizi Avropa Birliyinin, 15 faizi Çinindir. Birlikdə dünya ölkələrinin ümumi daxili məhsulu 50 faizdən artıqdır. NATO ölkələri isə dünya ümumi daxili məhsulun 80 faizini təşkil edir. Rusiyaya isə 1 faiz aiddir. 80 faizlə 1 faiz qarşı-qarşıya dayana bilməz. Rəsmi Moskvanın təbliğatı yalan üzərində qurulub. V.Putin “mutfilmlər”ə inanır. O kompüteri işə sala bilmir, internetlə heç bir əlqəsi yoxdur. V.Putin keçmiş “KQB”nin düşüncəsiylə yaşayır. Bu özümüz üçün də nümunədir. Dünyada gedən preseslərdə Şimali Koreya ilə Cənubi Koreyanın fərqini bilək. Yəni Şimali Koreyanın deyil, Cənubi Koreyanın – inkişafın və tərəqqinin yanında olaq.

-Son olaraq, Qarabağdakı rus sülhməramlılarının mövcudluğuna diqqəti çəkmək istəyirəm. Bu mövzu ətrafında geniş müzakirələr aparılır. Sizcə, rus sülhməramlıları Qarabağdan çıxacaqmı?

-Mixail Bulqakovun “İt ürəyi” əsəri var. Ordakı iki personaj: professor Preobrajenski və Şarikovu görürük. Rusiya elitasının içi iki personajdan ibarətdir. Rusiyanı, eyni zamanda mədəniyyətini çox sevirəm. Lakin sanki professor Preobrajenski komandasıdır. Bir də Şarikov komandası var. Onlar it kimi hürməyi sevirlər, aqressiya yayırlar. Bu gün Qarabağdakı  rus sülhməramlıları onların nəvə, nəticələridir, girdikləri yerdən çıxmazlar, heç vaxt. Tam məğlub, biabır olmayana qədər tərk etməyəcəklər. Necə Kubadan  rəzilliklə çıxmışdılar, Qarabğdan da,  biabrçılıqla çıxacaqlar.  Nə qədər ki, sülhməramlılar getməyib, təxribatlar baş verəcək. Bu tarixi ənənələridir. Bizi əsəbləşdirmək üçün heykəl qoyacaqlar, olmayan yerdə “rus icması” düzəldəcəklər. İri milçək adamın qulağının dibində uçur, elə hərəkətlər edirlər. Öz xoşları ilə tərk etməyəcəklər, biabrçılıqla çıxıb getməli olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*