“Televiziya və radiolarda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına böyük ehtiyac duyulur” – ANALİZbackend

"Televiziya və radiolarda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına böyük ehtiyac duyulur" - ANALİZ

Hər bir ölkənin gücü onun elmi, təhsili və mədəniyyətinin səviyyəsi ilə bilavasitə bağlıdır. Xüsusilə də təhsil dövlətin gələcəyi və güclənməsi baxımından ən vacib faktorlardan biridir. Dövlətimiz hər bir sahənin inkişafı üçün bütün istiqamətlərdə mühüm addımlar atır.

Hər zaman dövlət siyasətinin prioritetlərindən olan təhsilimizin inkişafı bu gün də öz aktuallığını qoruyur və əbəs yerə deyil ki, Azərbaycanda məhz təhsil sektorunun daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atılır, əsaslı işlər görülür. Ölkəmizdə bu istiqamətdə daha böyük uğurlara nail olmaq üçün qəbul olunan proqramlar yalnız təhsilimizin inkişafına xidmət edir.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi üçün ali təhsil müəssisələrinin də rolu əvəzolunmazdır. Bu proqramlar vasitəsilə inkişaf etmiş tələbə, hər bir gənc Azərbaycanın gələcəyədir. Əgər elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətə inkişaf etməsində  mühüm rol oynayırsa, deməli bu istiqamətə diqqət daha da artırılmalıdır. Həmin proqramlar cəmiyyətin həyatında mühüm rol oynadığı halda, onların inkişaf etdirilməsinin, icrasının nə qədər vacib məsələ olduğu ortaya çıxır.

Son illərdə məktəblilərin müxtəlif nüfuzlu beynəlxalq olimpiadalarda qalib gəlməsi, onların orta təhsilini bitirmədən dünyanın nüfuzlu universitetlərinə qəbul olunması təkcə valideynləri deyil, ümumiyyətlə, cəmiyyəti sevindirən məqamlardan biridir. Azərbaycanlı gənclərin Türkiyənin hərbi-sənaye kompleksinə böyük töhfələr verən tanınmış mühəndis, “Baykar Makina” şirkətinin həmsahibi və texniki direktoru Səlcuk Bayrakdarın təşkilatçılığı ilə Türkiyədə və Azərbaycanda baş tutan “Teknofest” aviasiya, kosmik və texnologiya festivalında ardıcıl olaraq startaplarla iştrak etmələri təqdirəlayiqdir. Hazırda azərbaycanlı gənclərin Stenford, Harvard, Kolumbiya, Vaşinqton, Pensivaniya, Kembric, Oksford və digər nüfuzlu universitetlərdə təhsil alması, nəhəng texnologiya şirkətlərində, hətta ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyində çalışması xalqımızı fərəhləndirir.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına daha böyük önəm verilməsi üçün ölkəmizdə nəinki televiya və radio, eləcə də internet kimi resurslar mövcuddur. Hazırda televiziya da, radio da, internet resursları da bu baxımdan, daha geniş imkanlar təklif edə bilər. Kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş yer ayırmaqdansa, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına önəm verilməsi daha yaxşı nəticələr vəd edir.

Elmin, mədəniyyətin, mütaliənin, təhsilin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır. Xüsusən də Vətən müharibəsindən, 44 günlük müharibənin məntiqi nəticəsi olan qələbəmizdən, Azərbaycanın qələbəsindən sonra elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə iş aparılmalıdır. Bir məsələni unutmaq lazım deyil ki, cəbhədə müharibə, döyüş başa çatsa da, informasiya müharibəsi hələ bitməyib, bunun nə vaxt bitəcəyini söyləmək isə çətindir. Elə bu baxımdan da cəmiyyətimiz zəngin informasiyaya malik olmalıdır. Azərbaycan cəmiyyətinin daha da təkmilləşməsi, daha dolğun informasiyaya sahib olması, dünyagörüşlü, savadlı olması bu gün daha çox lazımdır və bu baxımdan televiziya və radiolarda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına üstünlük verilməlidir. Azərbaycan tarixindən başlamış, qələbəmizin təmin olunmasına, ərazi bütövlüyümüzün bərpa edilməsinə qədər bütün məsələlər barədə informasiyaları cəmiyyətə davamlı şəkildə çatdırmaq lazımdır.

Xüsusilə, Ali Baş Komandanın qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, xalqımızın həmrəyliyi, ordumuzun rəşadəti, mübariz ruhu və bir çox məsələlər barədə maariflənmə işi davamlı şəkildə qurulmalıdır. Bunun üçün məhz televiziya və radiolarda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına daha böyük ehtiyac duyulur. Hətta bütün bunlar proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalı, bunlara çox ciddi şəkildə   önəm verilməlidir. Deməli, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları öz aktuallığını itirməyib, əksinə, bu gün həmin proqramlar öz aktuallığını daha çox qoruyur.

Belə olan halda, qazanılan uğurlar da, ümumiyyətlə, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, tarixi ədalətin bərpası üçün Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər də artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalıdır. Təbii ki, tədris olunması üçün də proqramın hazırlanması gərəkdir və lazım gəldikdə bununla əlaqədar mütəxəsis yanaşmasından, eləcə də rəyindən, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*