“Tofiq Yaqublu məsələsində diqqətli olmalıyıq” – ƏTRAFLIbackend

"Tofiq Yaqublu məsələsində diqqətli olmalıyıq" - ƏTRAFLI

Tofiq Yaqublu məsələsində antimilli qüvvələri sevindirməyək!

Ölkədə baş verənlərə nəzər saldıqca “siyasət – mümkün olanı deyil, qeyri-mümkün olanı əldə etmək sənətidir” deyənlərlə razılaşırsan. Siyasətin ən vacib cəhətlərindən biri isə rəqibin arqumentlərini əlindən almaqdır. Söhbət plagiatorluqdan deyil,  cəmiyyətin nəbzini tutmaqdan, hadisələrə vaxtında aydınlıq gətirməklə, dövlətin və millətin maraqlarına xidmət edən addımları atmaqla siyasi rəqibləri “zərərsizləşdirməkdən” gedir

1996-cı ildə Böyük Britaniya növbəti parlament seçkilərinə hazırlaşarkən Mühafizəkarlar Partiyasının bir təmsilçisi narahatlıqla Leyboristlər Partiyasının qalib gələcəyi, torilərin hakimiyyətdən gedəcəyi barədə fikirlərini bölüşürdü. Səbəbini Leyboristlər Partiyasının lideri Toni Bleyerin meydana çıxması ilə əlaqələndirirdi. “O, yeni leyborizm ideyası irəli sürüb, amma əslində torilər kimi sağ mərkəzçi mövqeyi nümayiş etdirir. Faktiki olaraq, “silahımızı” əlimizdən alıb. Bizim partiyada isə lider böhranı yaşanır və belə güclü lider yoxdur”, – deyə həmsöhbətim təəssüflə vurğulayırdı.

Ölkəmizin siyasət meydanını qədim ənənələrə malik Britaniyanın qaynar ictimai-siyasi həyatı ilə müqayisə etmək, əlbəttə ki, sadəlövhlük olar. Amma arxaik qaydalarla çalışanların, cild-cild “əsərlər” yazıb, kurasiyasında olan baş redaktorların vasitəsilə icra hakimiyyətlərində silsilə təqdimatlar keçirənlərin yola salınması prosesi sürətləndikcə, siyasət meydanında da hiss edilən dəyişikliklər baş verir.

Artıq hər kəs anlayır ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva komandasının həyata keçirdiyi dəyişikliklər müxalifətin bir sıra iddialarını əllərindən almaqdadır.

Müxalifətin bəzi iddialarını xatırlayaq:

  • Qarabağ məsələsi hakimiyyətin vecinə deyil, bu problem unudulub;
  • İqtidar Rusiyanın diqtəsi ilə oturub durur, Qərbi tənqid edir, amma Dağlıq Qarabağı faktiki olaraq işğal edən Rusiyanın cavabını vermir;
  • Türkiyəni Qarabağ məsələsinə yaxın buraxmır və sair.

Hərçənd, bu cür iddiaların əsassızlığını Aprel savaşı, Prezidentin Praqada Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyana, Soçidə və Münhendə indiki baş nazir Nikol Paşinyana verdiyi cavablar isbatlasa da, “çax-çax” öz bildiyini edirdi. Rusiya prezidentinin hüzurunda Soçidə və Münhendəki məşhur debatda İlham Əliyevin “Qarabağ Azərbaycandır!” bəyanatını dünyaya bəyan etməsi hər bir azərbaycanlının ürəyindən xəbər vermişdi.

İndi aşkarlanır ki, hakimiyyətdə ikən müxalifətdən daha təhlükəli və qorxulu olduqları üzə çıxan qüvvələrə dövlət başçısının vətənpərvərliyinin şübhə altına alınması sərf edirmiş.

Amma Tovuz hadisələri bütün əsassız iddialara böyük zərbə vurdu. Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədimizdə Ermənistanın hərbi hücumunun qarşısını aldı və Tovuz istiqamətində bir qarış torpağımızın da ələ keçirilməsinə imkan vermədi.

Beləliklə,

  • İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinə zəng edərək, şimal dövlətindən Ermənistana göndərilən silah-sursatın izahatını tələb etməsi ölkənin gündəminə bomba kimi düşdü, müxalifəti haqsız çıxardı;
  • Turkiyənin Azərbaycanı, Azərbaycanın Türkiyəni dəstəklədiyi bütün dünyaya nümayiş etdirildi, qardaş ölkənin Silahlı Qüvvələrinin ölkəmizdə ordumuzla birgə hərbi təlim keçməsinə şərait yaradıldı;
  • Türkiyə ilə Azərbaycanın yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərlərinin intensivləşməsi, Prezident İlham Əliyevin yunan səfiri ilə görüş zamanı rəsmi Ankaranın və türk xalqının mövqeyini açıq şəkildə və qətiyyətlə müdafiə etməsi “hakimiyyət qardaş ölkəni yaxın buraxmır” tezisini də alt-üst etdi;
  • İlham Əliyev Qarabağ məsələsinin həllində çox qətiyyətli mövqeyə malik olduğunu hər kəsə sübut etdi.

 

Müxalifətin digər iddiası isə hakimiyyətdə Rusiyaya xidmət göstərdiyi iddia edilən qüvvələrlə bağlı idi. Onlar cəmiyyətə təlqin edirdilər ki, İlham Əliyev hakimiyyət daxilindən Rusiyaya xidmət göstərən Ramiz Mehdiyevi və digər qüvvələri təmizləyə bilmir, çünki həm Putinin tapşırığından çıxa bilmir, həm də “boz kardinal” çoxlu “sir”ləri bildiyi üçün onu kənarlaşdırmağa acizdir.

Ötən ilin sonlarından etibarən baş verənlər deyilənlərin əksini sübut edir. Artıq hakimiyyətdə Ramiz Mehdiyev, Əli Həsənov və digərlərinin kölgəsi yoxdur. Dövlət başçısı  bu qüvvələri, onların bəzi əlaltılarını (hələ bütün əlaltılar uzaqlaşdırılmayıblar) vəzifələrindən uzaqlaşdırmaqla iddiaların “sabun köpüyü” olduğunu nümayiş etdirdi.

Lakin indi çərxi-fələk tərsinə dövran edir. Müxalifətin vaxtilə cümlə xəyanətlərə bais gördükləri 82 yaşlı sabiq administrasiya rəhbərini “ahıl adam”, “istifadə olunub, atılan adam”, “hakimiyyətdəki hər kəsi bu aqibət gözləyir” kimi ifadələrlə səciyyələndirməsi cəmiyyətdə çaşqınlıq yaratdı. Adama elə gəlirdi ki, belə getsə, akademikin hüquqlarının müdafiəsi komitəsi də yaradılacaq. Türklər demişkən, akademik “həm suçlu, həm də güclü” olmuşdu. Bunu anlayan kimi R.Mehdiyevin müdafiəsinə qalxdıqlarını inkar etməyə, heç bir vaxt bir araya gələ bilməyəcək qüvvələr olduqlarını bildirməyə başladılar.

Əli İnsanovun “bu gün Rusiya niyə Mehdiyevi dəstəkləmir” kimi idbar fikri isə  qorxulu tendensiyadan xəbər verir. Bununla “qərbçi” Əli İnsanov “böyük dövlət” adlandırdığı işğalçı Rusiyanı faktiki olaraq Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırış edir. Heç dövlətin müstəqilliyini istəyən və partiyası  Avroatlantik yolu tutan “siyasətçi” ermənilərə havadarlıq edən dövlətə “Amerikanın səsi” radiosu ilə belə ismarıc göndərərmi? Arqumentə baxın: “Yolumuz bir deyil, amma vaxtilə bir yerdə çalışmışıq, ona görə hörmət edirəm”. Mağara zehniyyətindən xəbər verən bu düşüncə ilə partiya lideri adına iddia etmək olarmı? Qətiyyən!

Bu yaxınlarda Mixel Saakaşvilinin ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində Vladimir Putin haqqında danışdığı əhvalat doğrudan da düşündürücüdür. Sən demə, Rusiyanın rəhbəri sovet imperiyasının caynaqlarından qurtulmuş ölkələrdə öz adamlarını yerləşdirmək üçün müstəqil dövlətlərin başçılarına təzyiq və basqılar edir. Saakaşvili deyir ki, Rusiya prezidentinin bir adamı Gürcüstanda vəzifəyə qoymaq tələbini yerinə yetirməyib. Zirvə toplantılarının birində Putin onu başqa otağa dəvət edib. Həmin otaqda dırnaqlarını gürcü prezidentinin dizinə keçirərək ondan bu hərəkətin haqq-hesabını soruşur və hədələyir. Hələ bu dövlətin bütün dünyanı dəhşətə gətirən qorxunc “Noviçok” əməliyyatlarını bir kənara qoyuruq…

Hər bir dövranın başa çatması ikili hiss doğurur, amma bu gün ölkəmizdə Ramiz Mehdiyev–Əli Həsənov dövrünün başa çatmasına yalnız sevinmək olar. Çünki Prezidentin komandasında Anar Ələkbərov, Hikmət Haçıyev, Ədalət Vəliyev kimi müasir baxışlı köməkçilərin və şöbə müdirlərinin fəallıqla çalışmalarının nəticələri görünməkdədir.

Anar Ələkbərov bu gün sadə vətəndaşa zəng edib, onun torpağının necə mənimsənilməsinin təfərrüatlarını öyrənir, Bakıda ziyalılarla, Gəncədə dindarlarla görüşlər keçirir, onların fikirlərini öyrənir.

Hikmət Hacıyev Ermənistana silah-sursat göndərməsi məsələsində Moskvanın verdiyi izahatın rəsmi Bakını qane etmədiyi açıqlaması ilə çıxış edir. Nəhayət ki, Türkiyə telekanallarında müsbət enerjili, səmimi, türk dilində danışan iqtidar nümayəndəsi görünür. Xaricdə yaşayan azərbaycanlılara təhlükə yarananda Kanada televiziyasına çıxıb ingilis dilində səlis danışığı və müraciəti ilə soydaşlarımızda qürur hissi yaradan da Hikmət Hacıyevdir. Beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən 25 QHT-nin sədri ilə videogörüş keçirən, Türkiyədə ortaq medianın yaranması ilə bağlı danışıqlar aparan, səfərdən dönən kimi ön xətdəki hərbi hissələrə baş çəkən də prezidentin köməkçisidir. Əli İnsanovun bu cür çevik çalışan şəxsləri “təcrübəsiz” və “bacarıqsız” kimi qələmə verməsi yalnız gülüş doğurur.

82 yaşlı “boz kardinal” Ramiz Mehdiyev bu addımları atırdımı? Siz heç Ramiz Mehdiyevin, Kanadanı demirəm, Rusiya televiziyalarında çıxış etdiyini, Azərbaycanın mövqeyini müdafiə etdiyini, hərbi hissələrə gedib əsgərlərə baş çəkdiyini, onlarla bir yerdə oturub nahar etdiyini görmüşdünüzmü? Təbii ki, yox. Belə şey olmamışdı!

Fərq göz qabağındadır. Ramiz Mehdiyev karantin qaydalarını pozaraq nəvəsinə təntənəli toy mərasimi keçirir, Prezidentin köməkçisi Hikmət Hacıyev isə karantin qaydalarına uyğun olaraq martın 13-dən Gəncədə yaşayan atasını görmədiyini etiraf edir.

Amma hakimiyyətin müxalifətin əlindən ala biləcəyi əsas məsələlərdən biri çox aktualdır. Bu, müxalifət nümayəndələrinin başqa motivlərlə, bəzən çox gülünc ittihamlarla həbs olunması və onların beynəlxalq təşkilatların siyasi dustaqlar siyahılarına daxil edilmələri ilə bağlıdır. Dövlətimizə və xalqımıza lazım olmayan bu “ənənədən” imtina edilməsi cəmiyyətdə milli barışın əldə olunmasına gətirib çıxara, ölkəmizin fundamental azadlıqlar sahəsində imicini yaxşılaşdıra bilər. Çünki hər bir tənqidin, hər bir sualın cavabını məntiqlə vermək mümkündür.

Bu gün demək olar ki, bütün cəmiyyət Qarabağ qazisi Tofiq Yaqublunun hansısa “xuliqanlıq” hadisəsi ilə əlaqədar həbs olunmasından, onun aclıq aksiyası keçirməsindən çox narahatdır. Tofiq Yaqublu sərt tənqidçidir, amma xaricdə oturub söyüş söyənlərin və hakimiyyət daxilindəki xəyanətkarların tayı deyil. Onun tənqidi hakimiyyət daxilində gizlənib dövlətə və prezidentə qarşı çıxan xəyanətkarların əməllərindən qorxulu deyil. AMEA prezidenti Ramiz Mehdiyev kimi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra qanunları pozmaqla ölkə başçısına meydan oxumur, hədə-qorxu gəlmir, “danışaram a” deyib, kimlərisə ölkədən baş götürüb gedəcəklərilə şantaj etmir.

Tofiq Yaqublunu şəxsən tanımıram. Amma onun vətənpərvər olduğu, ermənilərə qarşı mərdliklə vuruşduğu barədə dəfələrlə eşitmişəm. Sözü ilə əməlinin bir olması onu digər müxalifət liderlərindən fərqləndirir. Ailə üzvlərini evdə gizlədib, xalqı icazəsiz mitinqlərə səsləyənlərdən olmayıb. Əksinə doğmaları ilə birgə aksiyalara çıxıb. İki qız övladı ilə xanımını kirayə evdə qoyub, Xocalının intiqamını almaq üçün Qarabağ cəbhəsinə yollanıb. Vətənini bu cür sevən müxalifətçini həbsə atdıranlar Yasamalda səhər erkən mənzillərə soxulub, insanları döyən və bunları telefona çəkib sosial media şəbəkələrində yaymaqla hakimiyyətin nüfuzuna xələl gətirməyi planlaşdıran qüvvələri xatırladır.

Tofiq Yaqublunun dünyasını dəyişməsi yalnız insanları hakimiyyətdən narazı salmaqda maraqlı olan və müxalifətlə birləşməyi hədəfləyən antimilli qüvvələri, ölkəmizdə vəziyyətin qarışmasını arzulayan erməniləri sevindirər. Onları sevindirməyək!

Natiq Səlim,

KONKRET.az

  • Profesor
    Sentyabr 14, 2020 - 12:58

    Çok gözel bir analiz, Natik m. Tebrik etmekteyim. Bu tip fikirlere, cemiyetimizin ihtiyacı var.
    Tebriklet

Profesor üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*