Alyaskada keçiriləcək tarixi sammitə bir neçə saat qalmış ABŞ prezidenti Donald Tramp mühüm açıqlamalar verib.
KONKRET.az xəbər verir ki, altı il sonra rusiyalı həmkarı Vladimir Putinlə ilk təkbətək görüşünə hazırlaşan Tramp, Rusiya liderinə sərt xəbərdarlıq edib:
“Putin atəşkəsi qəbul etməsə, nəticələri ağır olacaq.”
Sammit öncəsi Tramp Aİ liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə onlayn görüş keçirib. O, bu görüşdə Qərb liderlərinin narahatlıqlarını azaltmağa çalışıb və məqsədinin atəşkəsi təmin etmək olduğunu vurğulayıb. ABŞ prezidenti torpaq mübadiləsi məsələsində qərar verə bilməyəcəyini, bu mövzunun yalnız Putin və Zelenski arasında müzakirə edilə biləcəyini bildirib.
Tramp Alyaska görüşündən dərhal sonra üçtərəfli formatda, özü, Putin və Zelenski arasında danışıqlar keçirmək niyyətində olduğunu açıqlayıb.
Zelenski isə Trampa xəbərdarlıq edib: “Putin görüşdən əvvəl blef edir, o, sülh istəmir.”
ABŞ prezidenti sammitdən bir gün əvvəl yenidən mətbuat qarşısına çıxaraq, görüşün uğurlu keçəcəyi təqdirdə Avropa liderlərini Zelenskinin də iştirak edəcəyi ikinci sammitə dəvət edə biləcəyini deyib. O, əks halda görüşün çox tez başa çata biləcəyini istisna etməyib.
Aynurə İsmayıl
KONKRET.az