ABŞ Prezidenti Donald Tramp diplomatik tədbirlərin və ya İrana qarşı məhdud zərbələrin Tehranın nüvə proqramından imtina etməsinə gətirib çıxarmayacağı təqdirdə, daha genişmiqyaslı əməliyyatı, o cümlədən ölkənin ali lideri Ayətullah Əli Xameneinin devrilməsinə yönəlmiş variantı nəzərdən keçirə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Vaşinqtonun İrana qarşı hərbi addımları ilə bağlı yekun qərar hələ qəbul olunmayıb. Mənbələrin bildirdiyinə əsasən, Tramp yaxın günlərdə zərbə endirilməsinə meyillidir və məqsəd İran hakimiyyətini nüvə silahı proqramından geri çəkilməyə məcbur etməkdir.
Potensial hədəflər sırasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı, İranın nüvə obyektləri və ballistik raket proqramı ilə bağlı infrastrukturun olduğu qeyd olunur.
NYT-nin məlumatına görə, ABŞ prezidenti müşavirlərinə bildirib ki, əgər bu addımlar Tehranı güzəştə getməyə vadar etməzsə, 2026-cı ilin sonlarında Xamenei rejiminin devrilməsinə yönəlmiş daha genişmiqyaslı əməliyyat istisna edilmir.
Amerikalı rəsmilərdən ibarət mənbələr bildiriblər ki, əvvəllər İranın dərinlikdə yerləşən və adi silahlarla vurulması çətin olan uranın zənginləşdirilməsi mərkəzlərinə qarşı xüsusi təyinatlı qüvvələrin reydləri variantı da müzakirə olunub. Lakin bu plan yüksək riskli hesab edilib, çünki uzunmüddətli hərbi mövcudluq tələb edərdi və bu, əvvəlki bəzi əməliyyatların miqyasını xeyli üstələyə bilərdi. Hazırda belə diversiya missiyası planları təxirə salınıb.
Bundan əlavə, müxtəlif qoşun növlərinin nümayəndələri İranla mümkün uzunmüddətli müharibənin və ya buna hazırlığın ABŞ ordusunun döyüş qabiliyyətinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
Xüsusilə, Hərbi Dəniz Qüvvələrinin gəmilərinin hazırlıq səviyyəsi, “Patriot” hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı, eləcə də nəqliyyat və kəşfiyyat aviasiyasının yüklənməsi ilə bağlı risklər qeyd olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
