Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Rusiyaya səfərə dəvət aldığını təsdiqləyib.
“Onun dəvəti var, bildiyiniz kimi. Və Alyaskada keçirdiyi mətbuat konfransında prezident Vladimir Putin bu dəvəti təsdiqlədi. Donald Tramp isə, səhv etmirəmsə, bunun çox maraqlı olduğunu söylədi”, – Lavrov “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
KONKRET.az xəbər verir ki, nazir həmçinin Vladimir Putin və Donald Tramp arasında gecə vaxtı baş tutan telefon danışığının təfərrüatlarına toxunub. Onun sözlərinə görə, tərəflər Ukrayna ətrafında yaranan böhranın gələcəkdə təkrarlanmaması üçün həll yollarının vacibliyini təsdiqləyiblər.
Lavrov qeyd edib ki, Vaşinqton nizamlanma prosesində “Minsk razılaşmalarından sonra olduğu kimi Ukraynanı yenidən müharibəyə hazırlamaq” üçün yox, regionda yaşayan bütün xalqların və dövlətlərin qanuni hüquqlarının təmin olunmasında maraqlıdır.
Aynurə İsmayıl
KONKRET.az