ABŞ Prezidentinin oğlu kiçik Donald Trampın Ermənistana planlaşdırılan səfəri ləğv edilib. Ermənistan KİV-lərinin məlumatına görə, ABŞ liderinin oğlu noyabrın 12-də İrəvana gəlməli idi.
Maraqlı məqam ondan ibarətdir ki, səfərin ləğvi həm yerli, həm də beynəlxalq siyasi dairələrdə müxtəlif ehtimallara səbəb olub.
Bəziləri bu qərarın arxasında Türkiyə və Rusiya amilinin dayandığını düşünür.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, səfərin təxirə salınması bir neçə mühüm amillə bağlıdır:

İlyas Hüseynov
“Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlar erməni apostol kilsəsinin rəhbərliyinə qarşı atdığı addımlar, dini şəxslərin saxlanılması və onların istintaqa cəlb edilməsi Trampın oğlunun belə qərar verməsində əsas rol oynayıb. Bu hadisə, eyni zamanda, erməni lobbisinə ciddi zərbədir.”
Ekspertin sözlərinə görə, erməni lobbisi Trampın oğlunun səfərinin baş tutması üçün böyük səylər göstərib:
“Əminəm ki, bu səfər baş tutsaydı, həm erməni lobbisi, həm də Ermənistanın siyasi rəhbərliyi bunu böyük qələbə kimi təqdim edəcəkdi. Lakin səfərin baş tutmaması kifayət qədər diqqətəlayiq hadisədir. Katalikoslara qarşı olan müqavimət bu qərarda əsas səbəblərdən biri kimi görünür.”
Beləliklə, oğul Trampın səfərinin təxirə salınması Ermənistanın daxili siyasi prosesləri, xüsusən də kilsə ilə hökumət arasında gərgin münasibətlər fonunda baş verib və bu addımın regionda siyasi rezonans doğuracağı istisna edilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az
