Anadolunun ən qədim şəhərlərindən biri olan Qaziantepdə Türk Akademiyasının himayəsi altında fəaliyyət göstərən Türk Dünyası Arxeoloji Tədqiqat İnstitutları və Mərkəzləri İttifaqının (ARICA) ikinci toplantısı baş tutub.

KONKRET.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, tədbirdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Tarix Qurumunun sədri Yüksel Özgen, Türk Arxeologiya və Mədəni İrs İnstitutunun rəhbəri Şaban Doğan, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan və Monqolustan arxeologiya institutlarının və mərkəzlərinin rəhbərləri, tanınmış arxeoloqlar və alimlər iştirak ediblər.
Türk Akademiyasının təşəbbüsü ilə yaradılan ARICA, 2023-cü ildə Səmərqənd şəhərində rəsmi şəkildə təsis olunub. İttifaqın məqsədi ortaq arxeoloji tədqiqatların aparılması, təcrübə mübadiləsinin təşkili və Türk sivilizasiyasının tarixinin öyrənilməsində vahid elmi yanaşma formalaşdırmaqdır.
ARICA-nın ilk toplantısı 2024-cü ildə Azərbaycanın Şuşa şəhərində keçirilib və burada birgə layihələrin hazırlanmasına dair mühüm qərarlar qəbul olunub. İkinci toplantı isə bu il Türkiyənin Qaziantep şəhərində təşkil edilib.
Səmərqənd, Şuşa və Qaziantep şəhərlərinin seçilməsi təsadüfi deyil, bu şəhərlər yalnız Türk Dünyasının tarixi xəritəsində mühüm mövqeyə malik deyil, eyni zamanda Orta Asiyadan Anadoluyadək uzanan mədəni sivilizasiya coğrafiyasını birləşdirən qədim irsin daşıyıcılarıdır.
Toplantının açılışında çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev qeyd edib ki, Sovet dövründə Türk respublikalarında aparılan arxeoloji tədqiqatlar milli tarix çərçivəsində, Türkiyədə isə əsasən klassik və Bizans arxeologiyası istiqamətində həyata keçirilib. Bu isə Türk Dünyası arxeologiyasında vahid elmi yanaşmanın formalaşmamasına səbəb olub.
“”Ortaq Türk Arxeologiyası” anlayışının nəzəri əsaslarını yaratmaq vacibdir. Bu, bizim birliyimizin əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır,” — deyə Mustafayev vurğulayıb.
Toplantı müddətində iştirakçılar ölkələrində aparılan arxeoloji qazıntıların vəziyyəti barədə məruzələr təqdim edib, sahə təcrübələrini və tədqiqat nəticələrini bölüşüblər.
Türk Dünyasının arxeoloqları bir həftə ərzində Ankarada Hacettepe Universitetinin Antropologiya və HÜNİTEK laboratoriyalarını ziyarət edərək oradakı fəaliyyətlə tanış olublar. Daha sonra Qaziantepdə Türk Arxeologiya və Mədəni İrs İnstitutunun arkeometriya laboratoriyasına baxış keçirərək, arxeoloji tapıntıların analizində istifadə olunan yeni texnologiyalar və həyata keçirilən ortaq elmi layihələrin nəticələri barədə məlumat alıblar.
İldırım Musayev,
KONKRET.az-ın Mərkəzi Asiya bürosu