Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı MÜHÜM MƏQAMLAR: 2026-cı ildən etibarən…backend

Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı MÜHÜM MƏQAMLAR: 2026-cı ildən etibarən...

Türkiyənin yeni ildən etibarən Ermənistanla sərhədi qismən açmağa hazır olması regionda diqqət mərkəzinə çevrilib. “Hraparak” nəşrinin yaydığı məlumata görə, bu addımın tam açılışa çevrilməməsinin əsas səbəbləri hələ də qalmaqdadır. Maraqlıdır, sərhədin tam açılması üçün əsas maneə nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, Türkiyənin bu qərarı təsadüfi deyil və birbaşa Azərbaycan–Ermənistan münasibətlərində müşahidə olunan nisbi irəliləyişlə bağlıdır.

“Türkiyə–Ermənistan sərhədinin tam açılması əsasən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin qəti şəkildə imzalanmasından asılıdır. Hazırda bu proses yalnız qismən irəliləyiş mərhələsində olduğu üçün Ankara sərhədlərin tam açılmasına tələsmir”.

Politoloq qeyd edib ki, əgər 2026-cı ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi böyük ölçüdə reallaşarsa, bu, Türkiyə–Ermənistan münasibətlərinə də birbaşa təsir göstərəcək və sərhəd məsələsi həllini tapa bilər. Lakin bu, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır.

“Ermənistan hökuməti artıq müəyyən addımlar atıb. Belə ki, gömrük möhürlərindən Türkiyə və Azərbaycana qarşı simvolların çıxarılması, Ağrı dağının təsvirinin ləğvi, Konstitusiyada mümkün dəyişikliklər və rəsmi iddiaların aradan qaldırılması istiqamətində proseslər ya qismən həll olunub, ya da gündəmdədir”.

Ekspert vurğulayıb ki, əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır.

“Onun reallaşması Azərbaycan ərazisindən Zəngilan–Naxçıvan istiqamətində gediş-gəlişi təmin edəcək. Bu dəhlizin açılması fonunda sərhədlərin artıq qismən deyil, tam şəkildə açılması real görünür”.

Politoloqun qənaətinə görə, Azərbaycan–Ermənistan münasibətlərinin yeni mərhələyə qədəm qoyması, sülh müqaviləsinin imzalanması və nəqliyyat-kommunikasiya xətlərinin açılması Türkiyə–Ermənistan sərhədlərinin də tam açılmasına yol aça bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*